Ana Sayfa > Ölkə > Aldadılan şəxslər arasında keçmiş həbsxana rəisi də var

Aldadılan şəxslər arasında keçmiş həbsxana rəisi də var


Bu gün, 17:00. Yazar: sevinc1
Aldadılan şəxslər arasında keçmiş həbsxana rəisi də var

Bir neçə gün öncə külli miqdarda dələduzluğa görə 7 il həbs cəzası alan riyaziyyat müəlliminin cinayət işinin təfərrüatı məlum olub.

aia.az Musavat.com-a istinadən xəbər verir ki, bir neçə nəfərə qarşı dələduzluq edən 51 yaşlı Aqşin Həsənovun pul aldığı şəxslərdən biri də həbsxana rəisi olub.

Həsənov ifadəsində bu əməli maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün etdiyini deyib. Bildirib ki, özünü Dövlət İmtahan Komissiyasında nəzarətçi işləyən, Komissiyada yaxşı əlaqələri olan şəxs kimi, eləcə də Məleykə Abbaszadənin yaxın adamı kimi təqdim edib.

Görüşdüyü adamlara çox adamı universitetə qəbul etdirdiyini deyən Həsənov, hətta bəzi şəxslərin övladını universitetə apararaq orada şəkillərini çəkib. Həmin şəkilləri uşaqların valideynlərinə göndərərək onlara təbrik mesajı da göndərib. Dərs ili başlayanda isə pul aldığı şəxslərin övladlarının ali məktəblərə qəbul olmadığı müəyyənləşib.

Həsənovun aldatdığı şəxslərdən biri də 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olmuş Rövşən Həsənov olub.

Təqsirləndirilən şəxs R.Həsənovdan 2019-cu ildə qızını orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini vəd edərək 10 min manat pul alıb. Bu görüş və danışıq elə Cəzaçəkmə Müəssisəsində olub. Rövşən Həsənov öz xidməti otağında 5 900 dolları təqsirləndirilən şəxsə verib. Sonra aldadıldığını başa düşüb.

Rövşən Həsənovun ifadəsində diqqətçəkən bir məqam var. Belə ki, R. Həsənov təqsirləndirilən şəxsi Lütfi adlı şəxs vasitəsilə tanıyıb. Lütfi həmin zaman Həsənovun rəisi olduğu həbsxanada cəza çəkirmiş. Aqşin Həsənov Lütfinin yanına görüşə gələn zaman rəis onu görüb. Rəis həbsdə olan Lütfi ilə söhbət zamanı Aqşinin nə işlə məşğul olduğunu soruşub. Lütfi də Aqşinin müəllim olduğunu, Təhsil Nazirliyində tanışlarının olduğunu deyib.

“Qızım müəllimlərin imtahanından 48 bal toplamışdı. Keçid balı isə 50 idi. 2019-cu ildə Aqşinlə görüşəndə dedi ki, bu işi həll edəcək. Mən də 5 900 dollar verdim. Puldan cəmi 3 min manatı qaytarılıb. Bu barədə qızımın məlumatı yox idi. Düşünürdüm ki, əgər iş alınsa, qızım özü qəbul olmuş kimi bilsin”, - deyə, Rövşən Həsənov ifadəsində bildirib.

Qeyd edək ki, R. Həsənov bu ilin fevral ayında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Zərərçəkmişlərdən biri də daş karxanasının müdiridir. O, kirvəsi olduğu Qəzənfəri “Kooperasiya” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirməsi üçün Həsənova 30 min manat pul veribmiş.

Bu işdə Aqşin Həsənovun tanışı olan Lütfi adlı şəxsin də adı keçir. Belə ki, Həsənov aldatdığı şəxslərin bəzilərini Lütfinin vasitəsilə tanıyıb. Lütfi ilə Aqşin Həsənov tələbə yoldaşı olublar.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Aqşin Həsənov özünü həm də Təhsil Nazirliyinin işçisi, məktəb direktorunun müavini kimi də təqdim edib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, A. Həsənov aldatdığı şəxslərdən ümumilikdə 271 min manat pul alıb. Aldığı pulların 50 min manatını hissə-hissə zərərçəkmişlərə ödəyib. Zərərçəkmişlər pullarını tam ala bilmədiyi üçün şikayətçidirlər.

Məhkəmənin hökmü ilə Aqşin Həsənov 7 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsənovun apellyasiya şikayəti təmin edilməyib.

Onu da qeyd edək ki, A.Həsənov 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. 1999-2012-ci illərdə Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində müəllim işləyib. O, həmin vaxt müəllim yoldaşına xeyli pul “atdığına” görə işdən çıxarılıb və məhkəmə tərəfindən cərimə cəzasına məhkum edilib.


Geri dön