Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: Ordu xalqın gücü, dövlətin sipəridir
Eltun Süleymanov: Ordu xalqın gücü, dövlətin sipəridirBu gün, 16:07. Yazar: azer |
![]() Hər xalqın tarixinə qızıl hərflərlə yazılmış günlər var. Elə günlər ki, o tarixləri yaşayan nəsillər ömür boyu qürurla xatırlayır, gələcək nəsillərə isə əbədi bir vəsiyyət kimi ötürür. Azərbaycan xalqı üçün bu qızıl tarixlərdən biri də 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu gün təkcə bir bayram deyil, bu gün bizim dövlətçiliyimizin möhtəşəm təntənəsidir, bu gün bizim gücümüz, əzəmətimiz, vətən sevgimizin zirvəsidir. Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, bu günün əsl mənasını anlamaq üçün tarixə boylanmaq kifayətdir. Azərbaycan müstəqilliyini bərpa etdikdə, təəssüf ki, ordu yox dərəcəsində idi. Silah var idi, amma nizami ordu yox idi. Əsgər var idi, amma bir-birini eşidən, anlayan komandanlıq yox idi. Xalq var idi, amma ümumi amal ətrafında birləşmiş güc yox idi. Və bu boşluq bizi ağır faciələrə, itkilərə, torpaq həsrətinə sürüklədi. Amma zaman elə gətirdi ki, xalqın qurtuluş ümidi Ulu Öndər Heydər Əliyevə bağlandı. Ulu öndər Heydər Əliyev qətiyyətlə deyirdi: “Müstəqil Azərbaycan dövlətinin mövcudluğu onun müstəqil ordusunun varlığı ilə şərtlənir.” O, bu fikri söyləməklə Azərbaycanın gələcək taleyini bəlirlədi. Müstəqil dövlətin orduya söykənmədiyi yerdə müstəqilliyin də sabit qalmayacağını tarix bizə acı şəkildə öyrətmişdi. Ulu Öndər qısa zamanda xalq-ordu birliyinin əsasını qoydu, ordunun strukturunu formalaşdırdı, peşəkar hərbiçilər yetişdirdi və Azərbaycan əsgərinin önünə müqəddəs bir məqsəd qoydu: torpaqlarımızı qorumaq, Vətəni yaşatmaq. Və bu müqəddəs amal illərlə bir atəş kimi içimizdə közərirdi, odlanırdı. Zaman dəyişdi, Azərbaycan dəyişdi, amma bir şey dəyişmədi. Ulu öndər Heydər Əliyevin siyasi kursu. Bu kursun ən sadiq daşıyıcısı, ən əzmli lideri cənab Prezident İlham Əliyev oldu. O, ordu quruculuğunu dövlət siyasətinin strateji prioritetinə çevirdi. Müasir hərbi texnikalar alındı, yeni hərbi bazalar quruldu, əsgər və zabitlərin döyüş hazırlığı ən yüksək səviyyəyə qaldırıldı. Amma cənab İlham Əliyevin yaratdığı ordunun ən böyük gücü tcə texnika deyildi. Bu ordunun gücü xalqın sevgisi və liderinə sonsuz inamı idi. Cənab Prezident İlham Əliyev söyləyirdi: “Biz güclü dövlət qururuq və bu dövlətin ən möhkəm dayağı onun güclü ordusudur.” Bu ordunun gücünü dünya 2020-ci ilin 27 sentyabrında gördü. Azərbaycan əsgəri işğala son qoydu, 30 illik torpaq həsrətinə Zəfər nöqtəsini qoydu. 44 gün ərzində bütün dünya Azərbaycan xalqının birliyinə, Azərbaycan əsgərinin cəsarətinə və Azərbaycan Prezidentinin qətiyyətinə heyran oldu. Cənab Prezident İlham Əliyev qürurla dedi: “Azərbaycan ordusu tarix yazdı. Bu tarix bizim qürur tariximizdir.” Bu tarixi yazan əsgərimiz, zabitimiz, vətən sevgisi ilə döyünən hər bir Azərbaycan oğlu oldu. Bu zəfərin kökündə nə dayanırdı? Tanklar? Raketlər? Bəli, onlar da var idi, amma Azərbaycanı Qələbəyə aparan əsas güc xalq-ordu birliyi idi. Azərbaycan xalqı ordusuna sonsuz inandı. Xalq səngərə çörək apardı, əsgərə dua göndərdi, döyüşçüyə qələbə inamı verdi. Azərbaycan əsgəri bilirdi ki, arxasında ona dua edən bir ana, gözləyən bir bacı, yolunu gözləyən bir Vətən var. Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Xalqla ordu bir olmalıdır. O zaman heç bir güc bizi məğlub edə bilməz.” fikri məhz bu birliyin rəmzi oldu. Bu gün artıq Azərbaycan ordusu işğal altında olan torpaqları azad etmiş bir Qələbə ordusudur. Bu gün bu bayram – Zəfərin bayramıdır. Bu gün 26 İyun – əbədilik müzəffər orduya məxsus bir gündür. Azərbaycan Prezidentinin sarsılmaz əminliyi ilə dediyi söz bu gün hər birimizin qürur və inamla dilimizdədir: “Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur və bu ordu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.” Bəli, Azərbaycan ordusu artıq təkcə döyüş meydanında deyil, sülh quruculuğunda, beynəlxalq təhlükəsizlikdə də nüfuzlu söz sahibinə çevrilib. Qarabağda qurulan yeni hərbi hissələr, asılan bayraqlar, Böyük Qayıdış prosesində əsgərimizin rolu bu gün Azərbaycan ordusunu təkcə müharibə qalibi deyil, həm də qurucu, sülh yaradan bir gücə çevirir. Azərbaycan əsgəri bu gün Vətən keşiyində məğrur və əyilməz dayanır. Onun çiynindəki silah yalnız bir alət deyil – bu, tariximizin, dövlətçiliyimizin, xalqımızın şərəfini qoruyan müqəddəs bir andır. 26 İyun bizə təkcə bir tarix yox, həm də bir məsuliyyət xatırladır. Bu gün biz qürurla səslənirik ki, bizim ordumuz var. Bizim qələbəmiz var. Bizim güclü Azərbaycanımız var-deyə E. Süleymanov fikrini yekunlaşdırıb. Geri dön |