Ana Sayfa > Ölkə > Leyla və Arzu Əliyevalar “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında -

Leyla və Arzu Əliyevalar “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında -


Bu gün, 15:36. Yazar: sevinc1
Leyla və Arzu Əliyevalar “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında -

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub.

aia.az xəbər verir ki, ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.

Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milli incəsənətimizin əsasını təşkil edirlər.

O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq və yaradıcılığa heyrətamiz səy hiss olunur.

Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.

S.Məmmədov vurğulayıb: “Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına – Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm. Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrinin iş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəm ki, bu, sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq”.

İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildirib və uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyini vurğulayıb.

Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır.

Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayevanı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlər mehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgi ilə yaradılmasıdır.

Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından və heykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi və canlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısa videoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.

Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.

aia.az
Geri dön