Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Əziz Ələkbərli: “Azərbaycan-Türkiyə qardaşlığı Türk dövlətlərinin sarsılmaz birlik nümunəsidir”

Əziz Ələkbərli: “Azərbaycan-Türkiyə qardaşlığı Türk dövlətlərinin sarsılmaz birlik nümunəsidir”


Bu gün, 11:39. Yazar: sevinc1
Əziz Ələkbərli: “Azərbaycan-Türkiyə qardaşlığı Türk dövlətlərinin sarsılmaz birlik nümunəsidir”

“Türkiyə ilə Azərbaycanın münasibətləri qırılmaz bağlara malikdir. İki qardaş ölkə rəhbərinin eyni mövqedən çıxış etməsi, eyni fikir və amal uğrunda mübarizəsi hər iki ölkəyə, eyni zamanda Türk dünyasının inkişafına kifayət qədər müsbət təsir göstərir.
Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə, hər iki ölkə və millət şərəflə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və çıxışı bunun bariz nümunəsidir.”

Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Müsahibimiz qeyd etmişdir ki, “dörd il bundan əvvəl Türkiyədə baş verən zəlzələ qardaş Azərbaycan xalqını da dərindən sarsıtmış, ilk köməyə çatan, imkanları daxilində yardıma qoşan da Azərbaycan xalqı və dövləti olmuşdur. Çünki ətlə dırnaq bir-birindən ayrılmaz olduğu kimi, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı ayrılmazdır, sarsılmazdır. Bu dostluğun kökündə iki dövlətin birlikdə döyünən ürəyi durur. Millətin varlığının, əzəmətinin örnəyi olan bu dostluğu hər iki ölkənin lideri əməldə yaşadır, inkişaf etdirir.
Ölkəmizin başçısı, cənab Prezident İlham Əliyev bunu çıxışında belə ifadə etmişdir: “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.”
Millət vəkili bildirib ki, Azərbaycan dövlətinin Kahrmanmaraş şəhərində inşa etdiyi “Azərbaycan” məhəlləsi o bölgənin, bütövlükdə Türkiyənin insanları tərəfindən unudulmaz bir tarix olacaqdır. Çünki bu məhəllədə bizim döyünən ürəyimiz, varlığımız, qardaşlıq sevgimiz daim özünü göstərəcəkdir. Cənab İlham Əliyev Qarabağ müharibəsində Türkiyənin bir dövlət, bir millət kimi yanımızda olmasını, bizə mənəvi və siyasi dəstək verməsini xatırladaraq bunu sarsılmaz dostluğun analoqu olmayan nümunəsi kimi dəyərləndirmişdir: “Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.”
Müsahibimiz sonda qeyd etmişdir ki, “cənab Prezidentin zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edərək “Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var”, - deyə xitab etməsi Türk dünyasının getdikcə daha sıx birləşməsini, Azərbaycan-Türkiyə qardaşlığının isə bunun bir nümunəsi olduğunu diqqətə çatdırmış oldu.”
Geri dön