Ana Sayfa > Ölkə > London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu
London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı olduDünən, 13:44. Yazar: sevinc1 |
![]() London Dizayn Biennalesi 2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub. Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir. aia.az xəbər verir ki, milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır. Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb. “Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmək imkanı əldə edirik”, - deyən Leyla Əliyeva bildirib ki, “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı MAXXI incəsənət muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir. Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir. London Dizayn Biennalesi 2025-in direktoru Viktoriya Broaks çıxışı zamanı pavilyonun şeiriyyətini diqqətə çəkib və ekoloji çağırışa verdiyi bədii cavabı yüksək qiymətləndirib. Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Britaniya parlamentinin Lordlar palatasının üzvü lord Con Alderdays mədəni mübadilənin və ekoloji dialoqun davamlı gələcək üçün əhəmiyyətini vurğulayıb. London Dizayn Biennalesi tarixi “Somerset House” binasında iki ildən bir keçirilən beynəlxalq sərgidir. Biennale müxtəlif ölkələrdən rəssam, dizayner, memarları bir araya gətirir. London Dizayn Biennalesi bu il “Səthin əks olunması” (Surface Reflections) mövzusunu əhatə edir. Azərbaycan pavilyonu iyunun 29-dək ziyarətçilər üçün açıq olacaq. aia.az Geri dön |