Ana Sayfa > Özəl > "15 İyun – Milli Qurtuluş Günü:Dövlətçilik, xilaskarlıq və tarixi Zəfərə aparan yol"- Gülər Sultanzadə

"15 İyun – Milli Qurtuluş Günü:Dövlətçilik, xilaskarlıq və tarixi Zəfərə aparan yol"- Gülər Sultanzadə


Dünən, 10:53. Yazar: azer
"15 İyun – Milli Qurtuluş Günü:Dövlətçilik, xilaskarlıq və tarixi Zəfərə aparan yol"- Gülər Sultanzadə

Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü yalnız siyasi böhranın aradan qaldırılması ilə deyil, eyni zamanda dövlətçilik ideyasının, xalq iradəsinin və milli qurtuluş fəlsəfəsinin əsasının qoyulduğu gündür. Bu gün həm də Azərbaycan xalqının tarixi yaddaşında xilaskarlıq missiyasının timsalında yeni bir mərhələnin – sabitliyin, inkişafın və zəfərin başlanğıcıdır.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.


Müsahibimiz onu da bildirib ki, 1993-cü ilin siyasi xaosu və dağılmaq təhlükəsində olan dövlətin taleyi çox qaranlıq idi. 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, siyasi səriştəsizlik, daxili çəkişmələr və hərbi məğlubiyyətlərlə müşayiət olunan çətin dövrə qədəm qoymuşdu. 1992–1993-cü illərdə ölkədə hakimiyyət böhranı, separatizm meyilləri və vətəndaş qarşıdurması dərinləşirdi. Milli Ordunun dağılması, Gəncə hadisələri, müxtəlif silahlı dəstələrin meydan sulaması dövlətin süqutuna aparan təhlükəli proseslərin xəbərçisi idi. Bu dövrdə Azərbaycanın yeganə ümid yeri xalqın inandığı və qəbul etdiyi lider – Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlərin yaşanması başlandı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Müstəqilliyin ilk illərində AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. Naxçıvanda siyasi fəaliyyət göstərən Ulu Öndər xalqa üz tutaraq dedi: “Mən həyatda olduğum müddətdə Azərbaycan dövlətinin, xalqının xidmətində olacağam.” Bu çağırış təkcə bir siyasətçinin bəyanatı deyil, bir xilaskarın tarixə səslənişi idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur, çünki bu tarixlə birlikdə dövlət çevrilişinin qarşısı alındı, silahlı qarşıdurmalara son qoyuldu, mərkəzi hakimiyyət bərpa olundu, xarici siyasətdə balanslı və prinsipial kurs quruldu, ordu quruculuğu və dövlət institutlarının formalaşması başlandı. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dağılmaq təhlükəsindən xilas edildi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi xalqın inamını, sabaha ümidini özünə qayardı. Ulu Öndər hər zaman bildirirdi: “Müstəqillik bizim ən böyük sərvətimizdir.” Onun hakimiyyətə qayıdışı ilə bu sərvət əsl mənasında qorundu və möhkəmləndirildi. Əgər 15 İyun olmasaydı, nə dövlət quruculuğundan, nə sabitlikdən, nə də sonrakı iqtisadi və hərbi uğurlardan söz gedə bilərdi. Milli Qurtuluş Günü, əslində, Azərbaycanın gələcək qələbələrinin ilkin şərti idi. Ulu öndər Heydər Əliyev xalq-iqtidar birliyini dövlətin dayağına çevirdi. O deyirdi: “Mənim həyatımın mənası xalqıma, millətimə xidmətdir.” Bu xidmət və bu məsuliyyət anlayışı Azərbaycanı zamanla bölgənin nüfuzlu və güclü dövlətlərindən birinə çevirdi. Ulu öndər Heydər Əliyevin əsas vəsiyyəti isə açıq və birmənalı idi: “Qarabağ Azərbaycandır və belə də qalacaq!” Bu fikir, bu vəsiyyət cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Vətən Müharibəsində qazanılmış tarixi Qələbə ilə yerinə yetirildi. 15 İyunun ideoloji və siyasi əsasları, həmin Qələbənin zəminini hazırladı. Cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu davamı kimi onu XXI əsrin reallıqlarına uyğun inkişaf etdirdi. Güclü ordu, müstəqil xarici siyasət və milli həmrəylik əsasında Ermənistan üzərində tarixi Qələbə qazanıldı. Bu Qələbə – həm bir vəsiyyətin gerçəkləşməsi, həm də 15 İyun 1993-cü ildə başlanmış dövlətçilik missiyasının ən ali təntənəsi idi. Bu gün biz fəxrlə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin başladığı xilaskarlıq missiyası, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamlandı. Dövlət xilas oldu, dövlət gücləndi, dövlət Zəfər qazandı. Beləcə də Qurtuluşdan Qələbəyə gedən yol – Heydər Əliyev yolu kimi tarixə düşdü-deyə Gülər Sultanzadə fikrini tamamlayıb.
Geri dön