Ana Sayfa > Siyasət > 9 iyun 1993-cü il: Ulu Öndər Heydər Əliyevin qayıdışı Azərbaycanın xilası

9 iyun 1993-cü il: Ulu Öndər Heydər Əliyevin qayıdışı Azərbaycanın xilası


Bu gün, 11:30. Yazar: azer
9 iyun 1993-cü il: Ulu Öndər Heydər Əliyevin qayıdışı Azərbaycanın xilası

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

9 iyun 1993-cü ildə xalqın təkidli tələbi əsasında Bakıya gəlişi və iyunun 15-də hakimiyyətə qayıdışı ilə bugünkü uğurlarımıza yol açan, dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası göz önünə gələn dahi şəxsiyyət Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda, bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir” fikirlərini qeyd etmək istərdik.
Bir illik hakimiyyətləri dövründə Azərbaycana müstəqilliyini itirmək təhlükəsini yaşadan bu ünsürlər hadisələrin gedişindən təşvişə düşərək Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular. AXC-Müsavat iqtidarı, xalq yaxşı bilirdi ki, hadisələrin bu şəkildə davamı yaxşı heç nə vəd etmir. Xalq ayağa qalxdı. Xilaskarına üz tutaraq dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ümummilli Lider Heydər Əliyev iyun ayının 9-da Naxçıvandan Bakıya gəldi. Bu gəliş Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükənin aradan qaldırılmasının başlanğıcı oldu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı. Ulu Öndər çox qısa zamanda ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi. Xalqımızın nicatı və milli dövlətçiliyimizin xilası əslində böyük Qurtuluşdan – iyunun 15-dən başlanmışdır. Ancaq həmin qurtuluşa zəmin də məhz iyunun 9-da yaranmışdı. Bu baxımdan deyə bilərik ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-dan başlanır.
Ümummilli Lider Heydər Əliyev ən çətin anlarda xalqının yanında olub, çətinliklərin arxada qalacağına, uğurlarımızla qürur duyacağımıza hər zaman əminlik yaradıb. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “ Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müdtəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də deyilənlərin təsdiqidir.
Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar sırasında Azərbaycanın demokratik təsisatlarının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlərin görülməsi bir daha təsdiqlədi ki, Azərbaycanda demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir. Milli Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.
Ulu Öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində əksini tapan çağırışlar, inam və etimad real həyatda öz təsdiqini tapıb. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, həm milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir.
Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dövlətinin gələcəyini düşünüb möhkəm təməl formalaşdıran Ümummilli Lideri və bu təməl üzərində Azərbaycanı inkişaf etdirən, Zəfər tarixini yazan cənab İlham Əliyev kimi qalib Prezidenti var. Artıq 5 ildir ki, tarixi günlərimizi, bayramlarımızı Zəfər ovqatında qeyd edirik. Dünyaya səs salan, 44 gündə 30 ilin işğalına son qoyan möhtəşəm Zəfərimiz Ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsidir. Əminik ki, 9 iyun 1993-cü ildən başlanan yol Azərbaycanı daha yüksək zirvələrə ucaldacaq. Torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtması, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası, bu məkandan muğamlarımızın səslənməsi, mədəniyyət paytaxtımızın diplomatik mərkəzə çevrilməsi, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi, sadalamaqla bitib-tükənməyən biri-birindən mühüm hadisələr Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycana qazandırdığı uğurlardır.
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön