Ana Sayfa > Manşet / Siyasət / Özəl / Parlament > Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib”
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib”4-06-2025, 10:46. Yazar: azer |
![]() Azərbaycanın qlobal siyasi-iqtisadi arenada nüfuzunun getdikcə artması, mövqelərinin möhkəmlənməsi öz təzahürlərini ən müxtəlif formalarda büruzə verməkdədir. O cümlədən ölkəmizin bəzi hallarda ev sahibliyi etdiyi, bəzi hallarda isə təşəbbüskarı olduğu bir çox mötəbər beynəlxalq tədbirlərin zaman keçdikcə ənənəvi hal alması, beynəlxalq miqyasda önəminin yüksəlməsi də bu kimi Azərbaycanın aktivinə yazılan tendensiyalara aid olunmalıdır. Məlumdur ki, cari ilin may ayının 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərinin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilk dəfə keçən il, məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilmişdir. Bundan cəmi bir həftə sonra, may ayının 28-də Azərbaycan, Türkiyə və Pakistan ölkə rəhbərlərinin Laçında keçirilmiş ikinci Zirvə görüşü də artıq ənənəvi xarakter alıb. Və əlbəttə ki, dünən start götürmüş Bakı Enerji Həftəsi artıq uzun illər ərzində özünü təsdiqləmiş və qlobal enerji gündəliyində önəmli yer tutmuş mühüm beynəlxalq platforma kimi xüsusi qeyd olunmalıdır. Bütün bunlar ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin önəmli nəticələri kimi qiymətləndirilməlidir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün artıq aparıcı dünya gücləri xüsusilə Avrasiya məkanında geniş miqyaslı transmilli layihələrin reallaşdırılması üçün Azərbaycanla məsləhətləşmələr aparılmasının, ölkəmizin maraqlarının nəzərə alınmasının zəruriliyini qəbul edirlər. Bugünkü buraxılışımızda son bir neçə ay ərzində regional və qlobal müstəvilərdə müzakirə olunan və Azərbaycanın milli mənafelərinə bu və ya digər formada təsiri baxımından önəm kəsb edən məsələlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır. - Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur. İcazənizlə ilk sualım iyun ayının 2-də öz işinə başlamış “Bakı Enerji Həftəsi” və bu mühüm beynəlxalq tədbir çərçivəsində keçirilən forumda müzakirə olunan məsələlərlə bağlı olacaq... - Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Sualınıza keçid etmədən öncə onu deyim ki, bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” artıq uzun müddətdir ki, beynəlxalq səviyyədə ən etibarlı platforma kimi formalaşaıb. Siz də bilirsiniz ki, bu enerji həftəsi çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yaranmış yeni imkanları və perspektivləri müzakirə etmək məqsədilə 39 ölkədən yüzdən çox şirkətin nümayəndəsi iştirak edir. Bu faktın özü tədbirin beynəlxalq önəmini bir daha qabarıq şəkildə qeyd edir. Enerji Həftəsinin ilk günündə Bakı Ekspo Mərkəzində tədbir çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun rəsmi açılış mərasimi olub. Bu da məlumdur ki, Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə və bilavasitə səyləri nəticəsində təşkil edilmişdir. Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, məhz 31 il bundan öncə keçirilmiş həmin ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu, ölkəmizin bütün gələcək uğurlarının möhkəm təməlin qurulması demək idi. Bu gün neft və qaz istehsalının ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir və nəticə olaraq ölkə iqtisadiyyatı özünü tam təmin edir. Azərbaycanın xarici borcunun səviyyəsi ÜDM-in 7 faizindən aşağıdır və maliyyə ehtiyatları xarici borcumu 14 dəfə üstələyir. Milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olunub və bu gün yoxsulluq səviyyəsi cəmi 5 faizə bərabərdir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük sərmayə yatırıb. Bununla yanaşı, Azərbaycanın enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. - Eldar müəllim, Siz Azərbaycanın enerji layihələrini qeyd etdiniz. Elə bilirəm ki, bu barədə danışarkən Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Sizcə məhz bu dəhlizin ölkəmizin qlobal enerji sahəsində mövqelərinin möhkəmlənməsində rolu nə dərəcədə önəmlidir? - Əslində bu sualın cavabı öz əksini dövlət başçımızın çıxışında aşkar şəkildə tapıb. Cənab Prezident birmənalı olaraq bəyan etdi ki, Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bütün bu enerji layihələrinin tacıdır. Aydındır ki, neft və qaz hələ uzun illər bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Mhz buna görə də həmin ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bu gün Azərbaycandan təbii qaz alan ölkələrin sayı artıq 12-yə çatıb və bu da hələ son deyil. Bəzi ölkələrlə aparılan danışıqlar və sərmayə qoyuluşu Azərbaycan qazının ixrac coğrafiyasını daha da genişləndirəcək. Çox önəmli bir haldır ki, boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar sözsüz ki, çox müsbət dinamikadır. Eyni zamanda da Azərbaycanın enerji sahəsinin inkişafı təkcə öz ölkəmizin potensialına deyil, həmçinin qonşuluğumuza da böyük töhfə verir. Enerji resurslarının düzgün idarə olunması, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlığın yüksək səviyyədə qurulması çox böyük uğurla nəticələnir. Ən vacib məqamlardan biri də budur ki, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına bu layihələrin reallaşdırılması zamanı daim diqqət yetirilir. Məhz bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir. Azərbaycanın təbii qaz ixracı ötən il 25 milyard kubmetrə çatmışdır. Lakin hasilatın həcmi artırılacaq, çünki artıq müqavilələr imzalanıb və proses gedir. Cənab Prezident İlham Əliyev bildirdi ki, 2030-cu ilədək qaz ixracı 8 milyard kubmetrə qədər artacaq. Bununla yanaşı, növbəti beş il ərzində Azərbaycan 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. - Mən bir qədər sonra Bakı Enerji Həftəsində müzakirə olunan məsələlər mövzusuna yenidən qayıdacağam. Lakin məhz bu məqamda artıq ölkə mətbuatında Laçın Sammiti kimi təqdim olunan digər bir mühüm beynəlxalq tədbirə diqqətinizi yönəltmək istərdim. Məsələ bundadır ki, bu tədbirdə müzakirə olunan müəyyən məsələlər də Bakı Enerji Həftəsinin bəzi müzakirə mövzuları ilə çox uyğunlaşır... - Əlbəttə ki, siz Laçın Sammiti deyərkən may ayının 28-də, xalqımızın Müstəqillik Gününü qeyd etdiyi möhtəşəm bir tarixdə Azərbaycan, Türkiyə və Pakistanın ölkə rəhbərlərinin Laçında keçirilmiş ikinci Zirvə görüşünü nəzərdə tutursunuz. Tamamilə sizinlə razıyam və bu mötəbər toplantının Laçın Sammiti adlandırılmasını məmnuniyyətlə qəbul edirəm. İlk növbədə demək lazımdır ki, bu Zirvə görüşü ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə böyük töhfə oldu. Bilirsiniz ki, bu gün Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla dostluq və qardaşlıq əlaqələri xüsusi yer tutur. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduqlarını diqqət mərkəzinə çəkərək qeyd etdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımız üçün böyük önəm kəsb etmişdir. Möhtərəm dövlət başçımız Azərbaycanın da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olduğunu və bu gün xalqlarımız arasında olan birliyin də bunu təsdiqlədiyini xüsusi vurğuladı. Qeyd olundu ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar mövcuddur. - Elə isə Eldar müəllim, bu üç ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusilə də Azərbaycanın qardaş Türkiyə ilə enerji sahəsində əməkdaşlığının Avrasiya məkanında yerləşən ölkələr üçün əhəmiyyəti barədə nə deyə bilərsiz? - Həqiqətən də Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, kifayət qədər böyük coğrafiyanın enerji xəritəsi dəyişib. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də bu məqamı öz çıxışında xüsusi vurğuladı. Ölkələrimiz bir çox Avropa dövlətinin enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayırlar. Eyni zamanda bu gün Azərbaycan və Türkiyə bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələr reallaşdırmağa başlayıblar. Həmçinin Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi yer tutur. Məhz bu sahədə əməkdaşlıq böyük bir coğrafiyada sülhün və sabitliyin qorunması baxımından mühüm önəm daşıyır. Lakin bu saydıqlarımız əlbəttə ki, əməkdaşlığın heç də bütün mümkün istiqamətlərini əhatə etmir. Dövlət başçımız həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrinin araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Daha bir vacib məqam budur ki, Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyi hər üç ölkənin gücünə güc qatır. Buna görə də ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərini daha da möhkəmləndirmək əzmində olduqlarını bir daha bəyan etdilər - Azərbaycanın irəli sürdüyü bir çox beynəlxalq təşəbbüslərin sonradan ənənəvi xarakter alması artıq bir müsbət tendensiyaya çevrilib. Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının II qeyri-rəsmi Zirvə görüşü də bunun daha bir sübutudur. Belə ki, TDT-nın ilk qeyri-rəsmi Zirvə görüşü keçən il, həm də məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilmişdi və bu il Azərbaycandan estafeti Macarıstan qəbul etdi. Eldar müəllim bu sammitin nəticələrini necə səciyyələndirə bilərsiz? - Ümumiyyətlə Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin daha da gücləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Dövlətimizin başçısı öz çıxışlarında xüsusi olaraq vurğulayır ki, Türk dünyasının birləşməsi, mövcud potensialların vahid məqsədlərə yönləndirilməsi ölkələrimizin müasir dünyada öz layiqli yerlərini tutmaqlarının yeganə yoludur. Eyni zamanda Azərbaycanın Cənub-Şərqi Avropa ölkələri ilə münasibətlərini hər zaman diqqət mərkəzində saxlayır. Bu ölkələr arasında isə məhz Macarıstanla münasibətlər daha çox səmimiyyəti və yaxınlığı ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, cənab Prezident Budapeşt Sammitində etdiyi çıxışında Azərbaycan ilə Macarıstan arasında əlaqələrin mövcud durumunun və inkişaf perspektivlərinin məmnunluq doğurduğunu vurğuladı. Qeyd olundu ki, Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. (ardı var...) Söhbətləşdi: Azər Məmmədov aia.az Geri dön |