Ana Sayfa > Siyasət > Enerjinin işığında yüksələn Vətən

Enerjinin işığında yüksələn Vətən


4-06-2025, 09:25. Yazar: azer
Enerjinin işığında yüksələn Vətən

Artıq bir həqiqətdir ki, Azərbaycan enerji ilə qürur, iradə dolu sabahlara doğru qətiyyətlə addımlayır. Tarixin çətin dönəmlərində ayaqda qalmaq bir qürurdur. Amma tarix yazmaq, coğrafiyanın taleyini dəyişmək və enerji ilə öz taleyini yenidən qurmaq – bu artıq milli iradənin və siyasi liderliyin zəfər marşıdır. Bu gün Azərbaycan bu marşı dünyaya dinlədir. “Bakı Enerji Həftəsi” kimi möhtəşəm tədbirlər bu marşın simvoludur. İyunun 2-də cənab Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un açılışında nitq söyləyərək bir daha bəyan etdi: “Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.” Bəli, bu sözlər təkcə bir çıxışın deyil, 30 illik möhkəm strateji düşüncənin nəticəsidir. Bir daha deməliyəm ki, o strategiyanın təməlini Ulu Öndər Heydər Əliyev qoydu – “Əsrin müqaviləsi” ilə Azərbaycanın gələcəyini Xəzərin dərinliklərində yazdı. Cənab Prezident İlham Əliyev isə bu müqaviləni gələcəyə çevirdi – qazla Avropaya yol, enerji ilə sülh, iradə ilə sabitlik gətirdi. Bu gün 39 ölkədən 267 şirkət Azərbaycanın enerji iradəsinə şahidlik edir. Onlar buraya sərmayə ilə deyil, etibarla gəlirlər. Çünki bu torpaqda yalnız sərvət deyil, güvən hasil olunur. Cənab Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq.

Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.” Bu, neftdən yalnız gəlir deyil, gələcək inşa etməyin göstəricisidir. Azərbaycan təkcə öz iqtisadiyyatını deyil, bölgənin sabitliyini də daşıyan enerji sütununa çevrilib. 3500 kilometrlik Cənub Qaz Dəhlizi – bu, boru kəməri deyil, Azərbaycanın dünyaya uzanan əli, sabitliyin magistralıdır. Biz 12 ölkəyə qaz ixrac edirik – bu, təkcə qaz deyil, müstəqillik, sülh və tərəfdaşlıq ixracıdır. Neftin, qazın olduğu hər yerdə Azərbaycan var – amma həm də yaşıl enerji sahəsində gələcəyin lideri olaraq var. Dövlətimizin başçısı nitqində onu da bildirdi ki, “Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək. Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.” Ən önəmlisi isə odur ki, Azərbaycan lideri yalnız bugünü deyil, sabahı da düşünür.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.



Geri dön