Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir”

Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir”


27-05-2025, 10:34. Yazar: azer
Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir”

“Azərbaycan xalqının şərəfli tarixində elə günlər, elə məqamlar var ki, onlar yalnız keçmişin deyil, həm də gələcəyin yol xəritəsini müəyyən edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi məhz belə bir tarixi dönüş nöqtəsidir. Şərqdə və bütün müsəlman aləmində ilk dəfə olaraq demokratik, hüquqi və parlament üsul-idarəsinə əsaslanan bir dövlətin yaradılması, bu dövlətin hüquq bərabərliyi, insan haqları və dünyəvilik prinsiplərinə əsaslanması, xalqın suveren iradəsini ifadə edən təməl addım kimi tarixə düşdü.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Müsahibimiz onu da deyib ki, Cümhuriyyətin yaradılması tarixi zərurət və milli oyanış dalğası kimi də böyük dəyərlərə malikdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqazda gedən mürəkkəb ictimai-siyasi proseslərin və milli oyanışın nəticəsi idi. 1905-1911-ci illər arasında baş verən rus inqilabları, çarizmin çökməsi, türklərin, farsların və müsəlman xalqlarının milli-azadlıq hərəkatlarının yüksəlişi Azərbaycanın ziyalı təbəqəsində də siyasi düşüncənin formalaşmasına və dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bu dövrdə Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və digər maarifçi ziyalıların fəaliyyəti nəticəsində milli şüur gücləndi, milli mətbuat vasitəsilə dövlət müstəqilliyi ideyası geniş kütlələrə çatdırıldı. 1917-ci ildə Rusiya imperiyasının dağılması ilə yaranmış siyasi boşluq bu ideyanın gerçəkləşməsi üçün əlverişli tarixi imkan yaratdı. 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş İstiqlal Bəyannaməsi Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Bu sənəd yalnız hüquqi status bəyanı deyil, həm də mütərəqqi və bəşəri ideyalar toplusu idi. Sənəddə bütün millətlərə və dinlərə azadlıq və bərabərlik, siyasi plüralizm, gender bərabərliyi və parlament üsul-idarəsi kimi çağdaş Avropa demokratik dəyərləri əks olunmuşdu. Tarixçi alimlər bu sənədi dövrün geosiyasi reallıqları fonunda misilsiz bir siyasi iradə nümunəsi adlandırırlar. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində mühüm nailiyyətlərə imza atdı. İlk milli parlament və hökumət formalaşdırıldı, silahlı qüvvələr təşkil olundu, milli məhkəmə və təhsil sistemləri yaradıldı. Hətta bu qısa zaman çərçivəsində Cümhuriyyət öz valyutasını – manatını dövriyyəyə buraxdı, milli poçt və rabitə şəbəkəsi qurdu. Beləcə də daxili və xarici siyasətdə modern dövlətçilik nümunəsi göstərə bildi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasətində vətəndaşların hüquq və azadlıqlarının təmininə xüsusi önəm verilirdi. Cümhuriyyət dövründə qadınlara seçki hüququ verilməsi — hələ bir çox Avropa ölkələrində belə hüquq tanınmadığı halda — Azərbaycanın demokratik niyyətlərinin bariz göstəricisidir. Bu, Şərq üçün inqilabi addım idi.”

Fikirlərini davam etdirən millət vəkili AXC dövründə xarici siyasət sahəsində əldə olunan uğurlardan bəhs edərək binları deyib: “1919-cu ildə Paris Sülh Konfransına nümayəndə heyətinin göndərilməsi və 1920-ci ilin yanvarında Antanta dövlətləri tərəfindən de-fakto tanınması Azərbaycanın beynəlxalq hüquq subyekti kimi mövqeyini möhkəmləndirdi. Beləliklə, Cümhuriyyət dünyada müstəqil dövlətlər arasında tanınmağa başladı. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi işğalı ilə süqut etsə də, onun idealları xalqın yaddaşında və milli şüurda yaşayaraq, 1991-ci ildə SSRİ-nin dağılması ilə bərpa edilən müstəqilliyimizin təməlini təşkil etdi. 1991-ci il “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” birbaşa olaraq 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edir və Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu rəsmən təsdiq edir. Bu hüquqi ardıcıllıq həm ideoloji, həm də konstitusion əsaslarla milli dövlətçilik ənənəsinin müasir dövrdə də yaşadıldığını sübut edir. Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə qaytarmaqla dövlətçiliyin xilası və davamlılığı üçün tarixi bir seçim etdi. Onun rəhbərliyi ilə sabitlik, hüquq qaydaları və dövlət institutları gücləndirildi, iqtisadiyyat və ordu quruculuğu yolunda mühüm islahatlar həyata keçirildi. Xalq Cümhuriyyətinin ideyaları məhz Heydər Əliyev siyasi kursu ilə real siyasi praktikaya çevrildi. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə qüdrətli dövlətə çevrilmişdir. Dövlət başçısının vurğuladığı kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.” Bu strateji düşüncənin tərkib hissəsi olaraq, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Bakıda İstiqlal Bəyannaməsi memorialının açılması, Cümhuriyyət liderlərinin adlarının əbədiləşdirilməsi, həm də tarixi varislik prinsipinin dövlət səviyyəsində qorunduğunu sübut edir. Xüsusilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər, milli suverenliyin tam bərqərar olması Cümhuriyyət ideallarının siyasi və real təcəssümüdür. Dövlətin başçısının təşəbbüsü ilə qəbul edilən “Müstəqillik Günü haqqında” Qanunla 28 may – Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi hüquqi çərçivəyə salınaraq tarixi ardıcıllıq hüquq sistemi ilə də möhkəmləndirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları bu gün sadəcə tarix kitablarında yox, həm də dövlət institutlarının fəaliyyətində, hüquqi normalarda, ictimai şüurda və vətəndaş fəallığında yaşayır. Azərbaycan xalqı 28 mayı təkcə keçmişə ehtiram kimi deyil, həm də gələcəyə inamın simvolu kimi qeyd edir. Müstəqillik Günü yalnız bayram deyil, həm də bir öhdəlikdir — dövlətçiliyi qorumaq, onu daim möhkəmləndirmək, gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq öhdəliyi. Cümhuriyyətin ruhu bu gün Şuşada, Laçında, Xankəndidə dalğalanan üçrəngli bayrağımızda yaşayır. Dövlətçiliyin əbədi olması üçün tarixi yaddaşın diri tutulması, milli kimliyin, suverenliyin və hüquqi sistemin inkişaf etdirilməsi prioritet olaraq qalmalıdır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti – təkcə bir dövlət deyil, bir milli ideya, bir milli iradə təcəssümüdür” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Geri dön