Ana Sayfa > Siyasət > İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi

İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi


27-05-2025, 09:39. Yazar: azer
İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi

Çoxəsrlik tarixi olan xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlində ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. İlk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olundu.
1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yollar heç də asan və hamar deyildi. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb-yanan, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan dolanbac yollardakı bütün maneələr dəf edildi. Əksəriyyəti Moskvada, Peterburqda, Avropada yüksək təhsil alan, Avropa və dünya mədəniyyətinə yaxından bələd olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etmiş, siyasi-ictimai, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr vermişdilər. Bu insanlar 1918-ci ildə birləşərək Tiflisdə Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni elan etdilər və respublikamızın müstəqilliyinin əsasını qoydular. Müstəqil dövlətin yaradılması, "İstiqlal Bəyannaməsi"nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi ki, xalqımızın dəyərli insanları həmin vaxt şücaət göstərərək bu tarixi addımı atdılar.
"İstiqlal Bəyannaməsi" ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli dövlətin yaradıldığı bəyan edildi. Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olan bu sənəd müstəqil Azərbaycan dövlətinin yaradılması ilə yanaşı, onun prioritetlərini və məramını da elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında dayanan əsas vəzifələrdən biri Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olmaq idi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Cümhuriyyəti 20-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributları yaradıldı, Silahlı Qüvvələr formalaşdırıldı. Cəmi 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail oldu. Bunun nəticəsi olaraq qısa zamanda Azərbaycan dövlətinin müstəqilliyi beynəlxalq miqyasda tanınmağa başladı. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi ilə müstəqil, suveren bir dövlət idi. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi... Amma Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə, müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi.
1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Amma müstəqilliyimizin ilk illəri təlatümlərlə dolu oldu. Hakimiyyət uğrunda mübarizə az qala, hələ bünövrəsi kövrək olan müstəqilliyimizə son qoyacaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyin məhvinə doğru gedən prosesi daha da sürətləndirdi. 1993-cü ilin iyununda ağır bir vəziyyətdə xalqın tələb və istəyi ilə hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin ağır günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyinin itirilməsi qaçılmaz olardı. Ulu öndərin sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı


Geri dön