Ana Sayfa > Təhsil > AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın aparıcı universitetlərini ziyarət edib

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın aparıcı universitetlərini ziyarət edib


26-05-2025, 16:04. Yazar: azer
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın aparıcı universitetlərini ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya rəsmi səfər edib. Nümayəndə heyətində AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov təmsil olunub.

Səfərin əsas məqsədi AzTU ilə Malayziyanın aparıcı universitetləri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti Malaya Universiteti, MARA Texnologiya Universiteti, Malayziya Milli Universiteti, Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti, İNTİ Beynəlxalq Universiteti və Beynəlxalq İslam Universiteti kimi ölkənin qabaqcıl ali təhsil müəssisələrini ziyarət edib. Görüşlər zamanı universitetlərarası əməkdaşlıq imkanları, xüsusilə mühəndislik, informasiya texnologiyaları, innovasiya və beynəlxalq reytinqlər sahəsində təcrübə mübadiləsi və birgə təşəbbüslər geniş şəkildə müzakirə olunub.

Malaya Universitetində keçirilən görüşdə professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq tərəfdaşlıq strategiyası çərçivəsində ortaq elmi layihələr, birgə təhsil proqramları, tələbə-müəllim mübadiləsi və beynəlxalq reytinqlərdə irəliləyişə yönəlmiş birgə fəaliyyətlərə xüsusi önəm verdiyini vurğulayıb. Tərəflər bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdırıblar.

Malayziya Milli Universiteti və MARA Texnologiya Universiteti ilə görüşlərdə mühəndislik sahəsində tədris texnologiyalarının təkmilləşdirilməsi, ortaq tədqiqatların aparılması, reytinq göstəricilərinin yüksəldilməsi üçün təcrübə mübadiləsi və innovativ layihələrin inkişafı müzakirə olunub. Hər iki universitetlə niyyət protokolu imzalanıb.

Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti ilə görüş zamanı süni intellekt, rəqəmsal transformasiya, texnologiyaların tətbiqi və beynəlxalq görünürlük sahəsində birgə layihələr və təşəbbüslər müzakirə olunub. Tərəflər arasında anlaşma memorandumu imzalanıb.

İNTİ Beynəlxalq Universiteti ilə keçirilən görüşdə isə birgə layihələrin həyata keçirilməsi, tələbə və akademik heyətin mübadiləsi, birgə konfrans və tədqiqat təşəbbüsləri ilə yanaşı beynəlxalq reytinqlərdə qarşılıqlı dəstək imkanları da müzakirə olunub. Görüşün sonunda anlaşma memorandumu imzalanıb.

Beynəlxalq İslam Universiteti ilə keçirilən görüşdə də müxtəlif istiqamətlər üzrə, xüsusilə ortaq tədris proqramları, elm və innovasiya sahəsində əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak imkanları müzakirə edilib.

Səfərin nəticəsi olaraq AzTU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya elm məkanına inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Professor Vilayət Vəliyevin rəhbərliyi ilə reallaşan bu səfər AzTU-nun beynəlxalq strategiyasının uğurlu icrasını təmin edir və gələcəkdə daha dərin, sistemli və reytinqə töhfə verən əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.
Geri dön