Ana Sayfa > Siyasət > Azərbaycan Xalq Cümhuriyyəti və Dövlətçilik irsindən Heydər Əliyev İdeallarına uzanan yol
Azərbaycan Xalq Cümhuriyyəti və Dövlətçilik irsindən Heydər Əliyev İdeallarına uzanan yol26-05-2025, 15:33. Yazar: azer |
![]() Azərbaycan tarixində elə hadisələr və simalar var ki, onların verdiyi töhfə zaman və məkan sərhədlərini aşaraq milli şüurun, dövlətçilik iradəsinin və istiqlal əzminin simvoluna çevrilir. 28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və bu idealların çağdaş dövrdə davamçısı olmuş Ulu Öndər Heydər Əliyev həmin müstəsna siyasi fenomendir. AXC hər nə qədər cəmi 23 ay yaşasa da, onun ideyaları Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş və müstəqillik arzusunu nəsildən-nəslə daşıyan əsas ideoloji bünövrəyə çevrilmişdir. Bu ideyaların yaşadılması və praktik siyasi həyata uğurla keçirilməsi isə 20-ci əsrin sonlarında məhz Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində mümkün olmuşdur. AXC-nin siyasi və hüquqi varisliyinə əsaslanan müasir Azərbaycan Respublikasının quruculuq mərhələsində Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda tarixi ədaləti bərpa edən bir dövlət xadimi kimi çıxış etmişdir. O, AXC-nin ideyalarının müasir dövrə uyğun şəkildə həyata keçirilməsini təmin edərək, Azərbaycanı müstəqil, demokratik və hüquqi dövlətə çevirməyi qarşısına məqsəd qoymuşdu. Bu kontekstdə onun "Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik tariximizin şanlı səhifəsidir. Biz bu tarixə sahib çıxmalıyıq" fikri müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını formalaşdıran vacib tezislərdən biridir. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşı-qarşıya qaldığı ağır ictimai-siyasi böhran dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev birinci növbədə milli dövlətçilik ideyalarını və AXC mirasını dirçəltmək yolunu tutdu. O, 1993-cü ildə Prezident seçildikdən sonra Azərbaycan tarixində ilk dəfə olaraq 28 May – Respublika Gününün dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzaladı. Bu, təkcə simvolik addım deyil, milli tariximizin siyasi və hüquqi reabilitasiyası idi. Xüsusilə diqqətçəkici məqamlardan biri də ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyev SSRİ dövründə, 1990-cı ilin noyabrında artıq siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını bərpa etmişdi. Bu, həm cəsarətli siyasi jest, həm də milli kimliyin bərpası istiqamətində atılmış strateji addım idi. Onun həmin vaxt dediyi bu tarixi sözlər xüsusi diqqətə layiqdir: “Bu bayraq bizim istiqlal rəmzimizdir. Bu bayraq bir gün bütün Azərbaycanda dalğalanacaq!” Bu proqnoz və arzu 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası ilə gerçəkləşdi və həmin bayraq bu gün BMT-də, Avropa Şurasında və dünyanın onlarla paytaxtında qürurla dalğalanır. Ulu öndər Heydər Əliyev AXC irsini yalnız tarixlə məhdudlaşdırmır, onu müasirliklə və gələcək inkişaf strategiyaları ilə əlaqələndirirdi. Onun sözləri ilə desək, “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanın əsasını qoymuşdur. Biz bu tarixi yaşatmaqla gələcəyimizi möhkəmləndiririk.” Bu yanaşma göstərir ki, Ulu Öndər üçün tarix sadəcə keçmişin xatırlanması deyil, həm də gələcəyin qurulmasında möhkəm dayağa çevrilməli idi. Bugünkü Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər – siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu, diplomatik nüfuz – bütün bunlar AXC-nin ideyalarının Heydər Əliyev məktəbi vasitəsilə real dövlət siyasətinə çevrilməsinin nəticəsidir. Bu səbəbdən də Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti arasında üzvi bağ vardır: biri istiqlal ideyasının başlanğıcıdırsa, digəri onun reallaşdırılması və qorunmasıdır. Nəticə etibarilə, 28 May təkcə bir tarix deyil – bu, azadlıq və dövlətçilik uğrunda mübarizənin, milli iradənin və siyasi yaddaşın təntənəsidir. Bu gün bu bayramı qeyd edərkən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını ehtiramla yad etməklə yanaşı, onun ideyalarını müasir dövrdə yaşadan və inkişaf etdirən Heydər Əliyev fenomeninə də dərin hörmətimizi ifadə edirik. Çünki bu tarixi yolun başlanğıcında AXC, davamında isə Ulu öndər Heydər Əliyevin siyasi irsi dayanır. Və bu irs, bu ideya müstəqil Azərbaycanın sabahına gedən yolu işıqlandırır. Dünyanın mürəkkəb siyasi mənzərəsində dövlətlərin taleyini müəyyən edən əsas faktor liderlik amilidir. XXI əsrin çağırışlarına cavab verə bilən, xalqın etimadını qazanan və dövlət idarəçiliyində ardıcıl uğurlar qazanan liderlər tarixdə öz izlərini buraxırlar. Azərbaycan üçün bu lider cənab Prezident İlham Əliyevdir – milli iradənin daşıyıcısı, suverenliyimizin qoruyucusu və müstəqil dövlətçilik modelinin memarı. 2020-ci ildə əldə edilən Zəfər – Azərbaycanın suverenlik və ərazi bütövlüyünün tam bərpası – Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin parlaq nəticəsidir. Bu qələbə bir xalqın ləyaqətinin, tarixi ədalətinin və əzmkar ruhunun təntənəsi idi. Cənab Prezidentin Vətən müharibəsindən sonra səsləndirdiyi bu sözlər – “Bu Qələbə xalqımızındır. Bu Qələbəni xalq bizə verdi” – onun liderliyinin təməlini təşkil edən xalq sevgisinin və məsuliyyət hissinin təcəssümüdür. Prezident İlham Əliyevin daxili siyasətdə həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın dinamik inkişafını təmin edib. Onun rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları, kənd təsərrüfatı və sənaye sahəsindəki təşəbbüslər, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul edilən qərarlar bir məqsədə – xalqın rifahına xidmət edir. Cənab Prezidentin tez-tez vurğuladığı kimi: “Əsas məqsədimiz Azərbaycan xalqının rifahıdır.” Bu prinsip ölkənin siyasi kursunun mərkəzində dayanır. Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir. Onun rəhbərliyi ilə aparılan idarəetmə islahatları, struktur çevikliyi və rəqəmsallaşma təşəbbüsləri idarəetmənin effektivliyini xeyli artırıb. Bu, xüsusilə iqtisadiyyat sahəsində aydın hiss olunur. Ölkədə sənayeləşmə sürətlənib, qeyri-neft sektoru inkişaf etdirilir, aqrar sahə müasirləşdirilir. Cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikri, bu siyasətin strateji xəttini göstərir. Zəfərdən sonrakı dövr – yeni inkişaf mərhələsi – Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın gələcəyə doğru inamla addımladığını sübut edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, ağıllı kənd layihələri, infrastrukturun bərpası təkcə regionun dirçəlişi deyil – bu, həm də milli mənəviyyatın, tarixi yaddaşın və dövlət qürurunun yenidən qurulmasıdır. Cənab Prezident bunu belə ifadə edib: “Biz təkcə şəhərlərimizi deyil, tarixi ədaləti, milli ləyaqətimizi bərpa edirik.” Azərbaycan bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə gələcəyə baxan bir dövlətdir. Onun rəhbərliyi ilə formalaşan yeni dövlətçilik modeli – güclü iqtisadiyyata, dayanıqlı təhlükəsizlik sisteminə və xalqla bir olan siyasi iradəyə əsaslanır. Bu modelin mərkəzində duran şəxs – cənab İlham Əliyev, həm müasir dövlətin, həm də zamanın ruhuna uyğun liderdir. Çünki bu gün Azərbaycan – İlham Əliyevin siyasi iradəsi ilə formalaşmış və gələcəyini özü müəyyən edən güclü bir dövlətdir. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |