Ana Sayfa > Siyasət > Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada nüfuzlu bir güc mərkəzinə çevrilib

Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada nüfuzlu bir güc mərkəzinə çevrilib


26-05-2025, 10:52. Yazar: azer
Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada  nüfuzlu bir güc mərkəzinə çevrilib

Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış, səmərəli, etibarlı siyasi dialoqun qurulmasına, hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfələr vermişdir. Əlbəttə ki, türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafında əhəmiyyətli rola malikdir. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin, məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırıb, 15 il ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

21 may 2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, təşkilatın gələcək inkişafı və regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirdə çıxış edərək, Türk dünyasının birliyini və TDT-nin gücləndirilməsini əsas prioritet kimi vurğuladı.

Prezident İlham Əliyev, Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinə çevrilməsinin vacibliyini qeyd etdi. O, üzv ölkələrin zəngin təbii resursları, strateji coğrafi mövqeləri və ortaq tarixlərinin təşkilatın inkişafı üçün böyük potensiala malik olduğunu bildirdi. Bundan əlavə, Azərbaycan lideri, Türk dünyasının sıx birləşməsinin hər bir üzv dövlətin güclənməsinə və qlobal arenada daha təsirli olmasına xidmət edəcəyini vurğuladı.

İlham Əliyev, həmçinin, TDT-nin iqtisadi, mədəni və siyasi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün konkret təşəbbüslər irəli sürdü. O, "Rəqəmsal İpək Yolu" layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edərək, bu təşəbbüsün Azərbaycan ərazisindən Avropa və Asiya arasında müasir telekommunikasiya marşrutunun yaradılmasına xidmət edəcəyini bildirdi. Bu layihə, üzv ölkələr arasında informasiya mübadiləsini sürətləndirəcək və iqtisadi əlaqələri daha da möhkəmləndirəcəkdir.

Bu Zirvə görüşü, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı və üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm bir mərhələ oldu. Prezident İlham Əliyevin çıxışı, Türk dünyasının birliyini və təşkilatın beynəlxalq nüfuzunun artırılmasını hədəfləyən strateji yanaşmaların əsasını qoydu.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Geri dön