Ana Sayfa > Siyasət > Türk dünyasının birliyinin növbəti təqdimatı

Türk dünyasının birliyinin növbəti təqdimatı


Dünən, 12:05. Yazar: azer
Türk dünyasının birliyinin növbəti təqdimatı

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlərin dinamikasına diqqət yetirdikdə bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. 1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, həm də geniş regional və qlobal kontekstdə, eyni zamanda, enerji məsələlərinin həllində əhəmiyyətli rol oynayır. Hər bir səfər ölkələrin malik olduğu imkanların təqdimatında, onların fonunda əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində, həmçinin  həqiqətlərimizin təbliğində  əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin elə bir səfəri, çıxışı yoxdur ki, tarixi Zəfərimizə gedən yola diqqət yönəldilməsin. Macarıstan səfəri də bu baxımdan xüsusi diqqətdə oldu. Belə ki, cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki,  Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. O da qeyd edildi ki, İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən müəyyən düzəlişlərlə qəbul edilib. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var: “Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”. Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkənin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə də yadda qaldı. Bu Zirvə görüşü türk dünyasının birliyinin növbəti təqdimatı oldu. Ötən il prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andicmə mərasimində söylədiyi “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri yeni dövrdə xarici siyasətimizin Yol xəritəsi rolunu oynayır. 2024-cü il iyulun 6-da Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə Görüşünün də TDT çərçivəsində əməkdaşlığa ciddi təkan verdiyinə və təşkilatın funksionallığının keyfiyyətcə yeni müstəviyə yüksəltdiyinə yönəlmiş Qarabağ Bəyannaməsinin qəbul edilməsi tarixi əhəmiyyət kəsb edir. TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi və təşkilatın daha da funksionallaşdırılması istiqamətində Azərbaycan tərəfi Katibliyin gücləndirilməsi, kadr potensialının artırılması ilə bağlı konkret təkliflərlə çıxış edib. Dövlət başçısı İlham Əliyev Budapştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bir daha diqqəti Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələrə yönəldərək onu da qeyd etdi ki, ölkəmiz bu il təşkilatın rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Göründüyü kimi, Azərbaycan hər bir addımı ilə türk dünyasının birliyinin möhkəmləndirilməsinə, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına səy göstərir. 

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Geri dön