Ana Sayfa > Siyasət / Manşet > “Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə güclənir”

“Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə güclənir”


Dünən, 10:34. Yazar: azer
“Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə güclənir”

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə güclənir. Macarıstanın paytaxtı Budapeştdə baş tutan TDT dövlət başçılarının növbəti zirvə toplantısında qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdi. İndiki mürəkkəb geosiyasi vəziyyətdə Təşkilat çərçivəsində əməkdaşlıq son dərəcə aktualdır. Budəfəki toplantını digərlərindən fərqləndirən cəhətlərdən biri də onun Aİ üzvü olan Macarıstanda təşkil olunması idi. TDT dövlət başçıları birliyi ardıcıl olaraq möhkəmləndirməyə, ortaq tarixi kökləri, ənənələri, mədəni dəyərləri qoruyub saxlamağa çalışır.
Məlum olduğu kimi, Macarıstan 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Budapeştdə keçirilən qeyri-rəsmi zirvə görüşündə rəqəmsallaşma, enerji əməkdaşlığı, eləcə də mədəni irsin qorunması sahəsində koordinasiyanın dərinləşdirilməsi təşəbbüsü bir daha dəstəkləndi. Yekunda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır.
Ümumiyyətlə, təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirməyə çalışır.
Qeyd etmək lazımdır ki, təşkilatın ötən il Şuşada keçirilən toplantısında da Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə növbəti mərhələ kimi tarixə düşmüşdü.
Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Hesab edirəm ki, bu toplantılarda aparılan müzakirələr, verilən qərarlar təşkilatın mövqeyini möhkəmləndirir.
Geri dön