Ana Sayfa > Təhsil > Kollecdə “Narkotikə yox deyək!” adlı tədbir keçirildi

Kollecdə “Narkotikə yox deyək!” adlı tədbir keçirildi


Bu gün, 15:14. Yazar: azer
Kollecdə “Narkotikə yox deyək!” adlı tədbir keçirildi

Bəşəriyyətin ən böyük bəlalarından biri olan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı birgə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Sabunçu Rayon İcra Hakimiyyəti və UNEC nəzdində Sosial-İqtisad Kollecin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı kecirilən tədbir bu dəhşətli bəlaya qarşı birgə mübarizəyə həsr olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın suverenliyi,müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdri Ədalət Teymurov çıxış edərək bildirdi ki, insanların sağlamlığını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, cəmiyyət harmoniyasını pozan, bir sözlə, həyatı korlayan narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalıyıq.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Vaqif Allahverdiyev çıxışında qeyd etdi ki, cinayət məsuliyyətinə cəlb edilənlər və narkotik istifadəçiləri arasında yeniyetmələrin, gənclərin və qadınların olması faktı bu istiqamətdə fəaliyyətin sistemli və əlaqəli şəkildə təşkilinin təkmilləşdirilməsinin zəruri olduğunu göstərir. Bununla əlaqədar şəhər-rayon komissiyaları profilaktik fəaliyyətin təsir formalarını yerli xüsusiyyətlər nəzərə alınmaqla reallıqlara uyğunlaşdırmalı və hüquqpozmalara meyilli gənclərin erkən aşkarlanması üçün müvafiq qurumlarla, o cümlədən hüquq-mühafizə orqanları ilə bütün dövlət strukturları arasında fəaliyyətlərini əlaqələndirməlidirlər.
UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov rəhbərlik etdiyi təhsil müəssisəsində mövzu ilə bağlı mütəmadi iş aparıldığını bildirərək söylədi ki, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan bu bəlaya qarşı hamı səfərbər olmalıdır.
Tədbirin sonunda tələbələrin hazırladığı “Narkotikə yox deyək!” adlı videoçarx izlənildi.
Geri dön