Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir”
Göydəniz Qəhrəmanov: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir”Bu gün, 14:08. Yazar: azer |
![]() “Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biri Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Biz hamımız yaxşı xatırlayırıq ki, keçən il iyun ayının 6-da Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilmiş 13-cü plenar iclasında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğulayaraq, ildə bir dəfə bu təşkilatın qeyri-rəsmi Sammitinin keçirilməsi təklifini irəli sürmüşdü. Həmin tarixi çıxışdan bir ay sonra, 2024-cü ilin iyul ayının 6-da TDT-nin ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada keçirildi. Diqqətəlayiq haldır ki, Azərbaycanın bu təşəbbüsü də bu gün artıq ənənə halını almışdır. Belə ki, cari ilin may ayının 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının II qeyri-rəsmi Zirvə görüşü keçirildi. Sammitdə etdiyi çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini xüsusi vurğuladı. Qeyd olundu ki, xüsusilə son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Hazırda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Dövlətimizin başçısı Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərini bütün Türk dünyasının böyük sərvəti kimi dəyərləndirmişdir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Deputat xüsusi olaraq vurğulayıb ki, keçən il Azərbaycanın ev sahibliyi etdiyi COP29-un gedişində əldə olunan bir çox razılaşmalar da Türk dünyasının güclənməsinə öz dəyərli töhfələrini verməkdədir: “Öz çıxışında cənab Prezident İlham Əliyevin COP29-un nəticələrinə dair səsləndirdiyi fikirlər əlbəttə ki, xüsusi önəm kəsb edir. Azərbaycan bu mötəbər beynəlxalq konfransın ən yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Tədbirin ən mühüm nəticələrindən biri budur ki, Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. Xüsusi olaraq qeyd edilməlidir ki, COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır və bu da bütün Türk dünyasının daha da güclənməsinə xidmət edəcək növbəti razılaşmanın əldə olunması deməkdir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb. Geri dön |