Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Türk Dövlətləri Təşkilatında Azərbaycanın xüsusi yeri və rolu formalaşıb
Türk Dövlətləri Təşkilatında Azərbaycanın xüsusi yeri və rolu formalaşıbBu gün, 13:53. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclsin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri 150 milyon nəfərdən çox əhalinin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı (TDT) müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Xüsusilə də son dövrlərin qlobal geosiyasi və iqtisadi trendləri türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini və inkişafını zəruri edir. Hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı TDT-nin unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı, nəqliyyat-loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə, Azərbaycan vasitəsilə Qazaxıstan və Orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı-seçkiliklərin, ədalətsizliklərin qarşısı alınar. Təşkilat daxilində vaxtaşırı toplantılar, təlimlər keçirilməsi, hər cür hadisələrə hazır olmaq çağırışı diqqətəlayiqdir. Bu dəfəki qeyri-rəsmi Zirvə görüşünə Macarıstan Respublikası ev sahibliyi etmişdir. Zirvə görüşünü açan Macarıstanın Baş naziri Viktor Orban Zirvə görüşünün, eləcə də Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.” Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında Macarıstan Respublikasının Azərbaycanın etibarlı strateji tərəfdaşı olduğunu, eyni zamanda müstəqil siyasət yürütməklə bu tərəfdaşlığa mühüm töhfə verdiyini vurğulamış, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini qeyd etmişdir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirildiyini bildirən cənab İlham Əliyev bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün Buxarestdə keçirilməsini müsbət hal kimi qiymətləndirmiş, növbəti rəsmi Zirvə görüşünə Azərbaycanın ev sahibliyi edəcəyindən dövlət başçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etmişdir. Cənab Prezident İlham Əliyev bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirərək demişdir ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Eyni zamanda Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıq prioritet sahələrdən birinə çevrilmişdir. Bunu son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulması bir daha sübut edir. Bunun nəticəsi olaraq açıq dənizlərə çıxışı olmayan ölkəmizin Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi çox yaxşı bir nəticə hesab edilməlidir. Cənab Prezident demişdir: “Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.” Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirildiyini qeyd edən dövlətimizin başçısı Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verildiyini, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini vurğulamışdır. Ölkəmizin COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq olduğunu, Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildiyini, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olunduğunu qeyd edən cənab Prezident bunun tarixə “Bakı sıçrayışı” kimi daxil olduğunu bildirmişdir. Cənab Prezidentin çıxışında səslənən fikirlərdən aydın görünür ki, xüsusi əhəmiyyətə malik regionun mərkəzində yerləşən ölkəmizin Türk Dövlətləri Təşkilatında fəaliyyəti diqqəti cəlb edir. Çünki bu fəaliyyət ilk növbədə Türk dövlətlərinin inteqrasiyasına, iqtisadi cəhətdən inkişafına və nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə hesablanmışdır. Bu da ilk növbədə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramının mükəmməl şəkildə yerinə yetirildiyinin göstərisi kimi qeyd edilməlidir. Məhz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycanın Türk Dövlətləri Təşkilatında xüsusi yeri və rolu formalaşıb. Geri dön |