Ana Sayfa > Siyasət / Manşet > Azərbaycan-Macarıstan münasibətləri: Strateji tərəfdaşlıq
Azərbaycan-Macarıstan münasibətləri: Strateji tərəfdaşlıqBu gün, 12:10. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın dərinləşməsi təkcə coğrafi yaxınlıq və iqtisadi maraqlarla deyil, həm də ortaq dəyərlər, tarixi bağlar və qarşılıqlı strateji əməkdaşlıqlarla müəyyən olunur. Bu mənada Azərbaycan ilə Macarıstan arasında formalaşmış münasibətlər nümunəvi xarakter daşıyır. 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət və çoxtərəfli təşkilatlar çərçivəsində tərəfdaşlıq dinamik şəkildə inkişaf etmişdir. Həm regionda, həm də beynəlxalq platformalarda oxşar mövqeləri paylaşan dövlətlərimiz zamanla yalnız dostluq əlaqələrini möhkəmləndirməklə kifayətlənməmiş, eyni zamanda strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli əməkdaşlıq modelini formalaşdırmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra qurulan siyasi əlaqələr son dövrlərdə inkişafın daha məhsuldar mərhələsinə qədəm qoymuşdur. Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və görüşləri əvəzsiz rol oynayıb. Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana, Macarıstanın Baş naziri Viktor Orban isə Azərbaycana səfərlər etmişdir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər, xüsusilə 2023-cü ildə imzalanmış Genişləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, ikitərəfli əlaqələrin hüquqi bazasını möhkəmləndirmişdir. Azərbaycan və Macarıstan çoxtərəfli platformalarda da əməkdaşlıq edirlər. Ölkələrimiz BMT, ATƏT, Avropa İttifaqı, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərirlər . Xüsusilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin təşkili sahəsində əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycan və Macarıstan arasında mədəni və humanitar sahələrdə də sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən ölkəmizin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitablar macar dilinə tərcümə edilərək nəşr olunur və yayılır. Həmçinin, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunur. Təhsil sahəsində də əməkdaşlıq inkişaf edir; iki ölkənin universitetləri arasında əlaqələr qurulmuş və birgə layihələr həyata keçirilir. Cari ilin 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfər etmişdir. Dövlət başçılarının Budapeştdə baş tutan görüşü bir daha təsdiq etdi ki, bu iki ölkə arasındakı münasibətlər yalnız siyasi və iqtisadi deyil, həm də tarixi və mədəni bağlarla möhkəmlənmişdir. Səfər çərçivəsində dövlət başçımız mətbuata bəyənatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, hər iki ölkənin oxşar geosiyasi mövqeyi – açıq dənizlərə çıxışın olmaması, müharibə ilə üz-üzə olan qonşularla sərhədin mövcudluğu və demoqrafik göstəricilərin yaxınlığı – ortaq problemlər qarşısında birgə strateji yanaşmalar formalaşdırmağa imkan verir. Bu isə qarşılıqlı anlaşmanı daha da dərinləşdirərək, gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Cənab Prezident çıxışı zamanı Azərbaycanın apardığı İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquqa – xüsusilə də BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslandığını xüsusi vurğuladı. O, Azərbaycanın bu müharibəni öz ərazisində apardığını və bunun nəticəsində 30 illik işğala son qoyulduğunu qeyd etdi. Müharibənin cəmi 44 gün davam etməsi və bu müddət ərzində Azərbaycan ordusunun hərbi və mənəvi üstünlüyü, dövlət başçımızın sözləri ilə desək, “bir addım belə geri atılmaması” faktı, regionda güc balansının Azərbaycanın xeyrinə dəyişdiyini nümayiş etdirir. Əldə edilən qələbə təkcə hərbi deyil, həm də hüquqi və diplomatik qələbədir. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq ictimaiyyətin diqqətindədir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, sülh müqaviləsinin ilkin layihəsi Azərbaycan tərəfindən hazırlanıb və bu sənəd artıq Ermənistan tərəfindən qəbul olunub. Lakin Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların hələ də mövcudluğu və ATƏT-in Minsk qrupunun de-yure ləğvinə qarşı göstərilən müqavimət sülh prosesini ləngidən əsas amillərdir. Bununla belə, proseslərin gedişi göstərir ki, Ermənistan bu reallıqlarla barışmağa məcbur olacaq. Azərbaycan və Macarıstan arasında energetika sahəsində formalaşmış əməkdaşlıq münasibətləri bu gün strateji səviyyəyə yüksəlməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Macarıstan şirkətləri Azərbaycanın əsas neft və qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də – pay sahibidir. Bu, sadəcə iqtisadi maraq deyil, qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Yeni qaz yataqlarının istismara verilməsi, təbii qazın ixrac coğrafiyasının genişlənməsi və Pan-Avropa təchizatçısı statusu Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı rolu daha da artırır. Xüsusilə yaşıl enerji sahəsində nəzərdə tutulan layihələr – 6 min meqavatlıq istehsal gücü – həm daxili ehtiyatların optimallaşdırılmasına, həm də Avropanın yaşıl keçid prosesinə töhfə verməyə xidmət edir. Azərbaycan və Macarıstan arasındakı əlaqələr təkcə ikitərəfli deyil, eyni zamanda çoxtərəfli formatlarda da inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Şuşada baş tutan ilk Zirvə görüşünün davamı olaraq Macarıstanda keçiriləcək ikinci görüş, bu ölkənin türk dünyasına verdiyi əhəmiyyətin göstəricisidir. Macarıstanın bu təşəbbüsə öncüllük etməsi, onun tarixi köklərə və mədəni bağlılıqlara verdiyi dəyərin siyasi platformaya transformasiyasıdır. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatının Avropa məkanında nüfuzunun artması və beynəlxalq arenada daha çevik dialoq formatlarının təşəkkül tapması deməkdir. Prezident İlham Əliyev bəyanatında Macarıstanın müstəqil siyasət yürütməsini xüsusi vurğuladı. Bu, Avropa İttifaqı kimi vahid qərar mexanizmlərinə malik bir qurum daxilində nadir müşahidə olunan siyasi xəttdir. Baş nazir Viktor Orbanın milli maraqları üstün tutması və yalnız fayda gətirən təşəbbüslərə dəstək verməsi, Macarıstanı digərlərindən fərqləndirən əsas cəhətlərdən biridir. Azərbaycanın bu mövqeni açıq şəkildə dəstəkləməsi, iki ölkə arasında siyasi həmrəyliyin möhkəm əsaslara söykəndiyini göstərir. Bu həm də onu sübut edir ki, dövlətlərarası münasibətlərdə uzunmüddətli uğur yalnız qarşılıqlı hörmət və suveren siyasətə ehtiram prinsipləri üzərində qurula bilər. Nəticə olaraq, Azərbaycan və Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq mövcuddur. Bu əlaqələrin gələcəkdə daha da dərinləşməsi və yeni sahələri əhatə etməsi gözlənilir. Siyasi dialoqun dərinləşməsi, enerji və yaşıl iqtisadiyyat sahələrində perspektivli layihələrin reallaşdırılması, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərir ki, Azərbaycan–Macarıstan münasibətləri gələcək onilliklər ərzində də dayanıqlı və çoxşaxəli əməkdaşlıq modeli olaraq inkişaf edəcək. Prezident Əliyevin çıxışları isə bu strateji xəttin ardıcıl və uzaqgörən liderlik yanaşması ilə davam etdiriləcəyinə zəmanət verir. Ziyafət ƏSGƏROV, Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Geri dön |