Ana Sayfa > Siyasət > Yeni dünya düzənində Azərbaycanın səsi və Prezident İlham Əliyevin Budapeştdəki çıxışının siyasi çalarları

Yeni dünya düzənində Azərbaycanın səsi və Prezident İlham Əliyevin Budapeştdəki çıxışının siyasi çalarları


Bu gün, 11:13. Yazar: azer
Yeni dünya düzənində Azərbaycanın səsi və Prezident İlham Əliyevin Budapeştdəki çıxışının siyasi çalarları

Bu gün tez-tez qütbləri dəyişən dünya nizamında dövlətlərin sabitlik və suverenlik naminə apardığı siyasət getdikcə daha çox diqqət mərkəzinə gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 may 2025-ci il tarixində Macarıstanda verdiyi bəyanat, həm regional, həm də qlobal siyasət baxımından əhəmiyyətli mesajlar ehtiva edir. Bu çıxışda həm Azərbaycanın müstəqil siyasi kursu, həm Ermənistanla sülh prosesi, həm də beynəlxalq təşkilatların effektivliyi məsələləri açıq şəkildə ortaya qoyulur. Bu isə Azərbaycanın müstəqil xarici siyasət kursu olduğunu təsdiq edir. Cənab Prezident İlham Əliyev çıxışında Macarıstanın da, Azərbaycanın da müstəqil siyasət aparan ölkələr olduğunu vurğuladı. Bu, xüsusilə Avropa İttifaqı daxilində mövcud siyasi təzyiqlərə qarşı milli maraqlara əsaslanan mövqeyi müdafiə edən ölkələr üçün vacib nüansdır. Cənab Prezident bildirdi ki, “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir... Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir.” Bu fikirlər Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqe tutduğunu və heç bir blok siyasətinə kor-koranə qoşulmadığını nümayiş etdirir. Bakı öz qərarlarını yalnız milli maraqlar kontekstində verir və bu, onun xarici siyasət strategiyasının əsasını təşkil edir. Dövlətimizin başçısı Qarabağ məsələsində siyasi prinsipiallıq göstərdi. Cənab Prezident İlham Əliyevin çıxışında Ermənistanla aparılan sülh prosesinə dair açıqlamalar, Azərbaycanın bu prosesə səmimi və ardıcıl yanaşdığını, lakin konkret şərtlər çərçivəsində davam etdirdiyini göstərdi: “Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq... Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir.” Burada Azərbaycan tərəfi sülhə mane olan amilləri açıq şəkildə göstərir və bu şərtlərin aradan qaldırılmasını tələb edir. Bu, sadəcə regional sabitlik deyil, həm də beynəlxalq hüququn müdafiəsi baxımından mühüm addımdır. Beynəlxalq qurumların passivliyi və ATƏT-in Minsk Qrupu nümunəsi məsələsi də diqqət çəkəndir. Azərbaycanın rəsmi mövqeyi beynəlxalq qurumların passivliyinə qarşı da tənqidi yanaşma ehtiva edir.

Cənab Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun ləğvini tələb etməklə bu qurumun artıq funksional olmadığını qeyd edir: “Bu ( Minsk qrupu) artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir.” Bu çıxış təkcə keçmiş uğursuz mexanizmlərə qarşı deyil, həm də gələcək üçün daha real və nəticəyönümlü platformaların axtarışı kimi də başa düşülə bilər. Türk Dövlətləri və mədəni-siyasi birliyin dərinləşməsi də tarixi hadisə və gerçəklikdir. Cənab Prezidentin Türk Dövlətləri Təşkilatına verdiyi önəm də siyasi baxımdan xüsusi diqqətə layiqdir. Bu təşkilat artıq təkcə mədəni birlik çərçivəsində deyil, strateji əməkdaşlıq platformasına çevrilməkdədir: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur.” Bu təşəbbüslər Azərbaycanın regional liderliyini və Orta Asiya ilə Avropa arasında körpü rolunu möhkəmləndirir. Cənab Prezident bəyanatında bir sıra məsələləri də geniş şərh edib. Bildirib ki, “Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir. Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın həm daxili, həm də xarici siyasətində prinsiplərə əsaslanan, uzaqgörən və realist bir yanaşma ortaya qoyduğunu göstərdi. Bu çıxış, ölkənin beynəlxalq nüfuzunun artmasının səbəblərindən biri kimi tarixə yazıla bilər.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.


Geri dön