Ana Sayfa > Özəl > Azərbaycan–Macarıstan münasibətlərində dərinləşən tərəfdaşlıq
Azərbaycan–Macarıstan münasibətlərində dərinləşən tərəfdaşlıqBu gün, 11:09. Yazar: azer |
![]() Qloballaşan dünyada ikitərəfli münasibətlərin dəyəri yalnız tarixi və diplomatik bağlarla ölçülmür. Müasir beynəlxalq münasibətlər sistemində strateji baxış, qarşılıqlı maraqlar və uzunmüddətli əməkdaşlıq formatları əsas prioritetlərə çevrilib. Azərbaycan ilə Macarıstan arasında son illərdə inkişaf edən münasibətlər məhz bu nümunəvi yanaşmanın nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştə həyata keçirdiyi son işgüzar səfər bir daha sübut etdi ki, Bakı və Budapeşt yalnız dost ölkələr deyil, eyni zamanda Avrasiyada geosiyasi sabitliyin və qarşılıqlı etimadın əsas dayaqlarından biridir. Görüş zamanı geniş tərkibdə aparılan danışıqlar, imzalanan sənədlər və verilən bəyanatlar strateji əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Əldə olunmuş razılaşmalar sırasında enerji, nəqliyyat, mədəniyyət, şəhərsalma, miqrasiya, kosmik texnologiyalar və təhsil sahəsində əməkdaşlıqlar diqqət mərkəzində idi. Şuşa ilə Vesprem arasında dostluq əlaqələrinin qurulması kimi mədəni təşəbbüslər isə iki ölkə arasında mənəvi bağların gücləndirilməsi baxımından mühüm addımdır. Enerji sektorundakı əməkdaşlıq, xüsusilə də Cənub Qaz Dəhlizinin inkişafı və Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında Macarıstanın tranzit rolu, ikitərəfli münasibətlərin strateji mahiyyətini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq Azərbaycan qazı Bolqarıstan və Rumıniya üzərindən Macarıstana çatdırılır və buradan da digər Avropa ölkələrinə ötürülməsi planlaşdırılır. Bu, Azərbaycanın enerji sahəsində yalnız təchizatçı deyil, həm də etibarlı tərəfdaş kimi rolunu təsdiqləyir. Təhsil sahəsində də əhəmiyyətli irəliləyişlər var. Macarıstan hökumətinin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin bu ölkədə təhsil alması, gələcəkdə ölkələr arasında intellektual körpünün formalaşmasında vacib rol oynayacaq. Bu, həm də Azərbaycanda kadr potensialının güclənməsi baxımından strateji investisiya sayılır. Digər bir önəmli istiqamət isə Qarabağ və Şərqi Zəngəzurda aparılan post-münaqişə bərpa və yenidənqurma işlərində Macarıstan şirkətlərinin aktiv iştirakı ilə bağlıdır. Prezident Əliyevin vurğuladığı kimi, bu əməkdaşlıq təkcə iqtisadi fayda vermir, həm də beynəlxalq həmrəyliyin və qarşılıqlı etimadın real göstəricisidir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu da Bakı–Budapeşt münasibətlərinin dərinliyinə işarədir. Bu, təkcə mədəni və siyasi əlaqələrin deyil, həm də ortaq türk köklərinə dayanan inteqrasiyanın göstəricisidir. Bu gün Azərbaycan-Macarıstan münasibətləri sadəcə diplomatik jestlərdən ibarət deyil. Bu münasibətlər konkret nəticələrə yönəlmiş, dayanıqlı və gələcək nəsillərə də fayda gətirəcək bir əməkdaşlıq modelidir. Qarşılıqlı maraqlar əsasında formalaşan bu tərəfdaşlıq modeli hər iki ölkənin beynəlxalq nüfuzuna və daxili inkişaf dinamikasına mühüm töhfələr verməkdədir. Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |