Ana Sayfa > Şou-biznes > Zakir Əliyevin muğam dünyası...- Fuad Biləsuvarlı yazır
Zakir Əliyevin muğam dünyası...- Fuad Biləsuvarlı yazırBu gün, 10:30. Yazar: fuad |
![]() Dahi xanəndələrin sənət yolunu özünə örnək seçən Zakir Əliyev bu gün artıq muğam ustadlarından biri kimi tanınır. Onun yaradıcılığı muğamsevərlərin böyük rəğbətini qazanıb. Xanəndə olmaqla yanaşı, Zakir Əliyev muğam elminin dərin bilicisidir. O, muğamın mürəkkəb qatlarını dərindən anlayır, bu sənətin haradan başlayıb harada tamamlandığını mükəmməl şəkildə dərk edir və tələbələrinə bu incəlikləri böyük həvəslə öyrədir. Onun qeyri-adi səsi muğamın ritmini və ahəngini ən saf və orijinal formada dinləyicilərə çatdırmaq gücünə malikdir. Zakir Əliyevin sənətkarlığı təkcə ifaçılıq sahəsində deyil, həm də muğamın tədrisi ilə onun dünyasında möhkəm bir yer tutmasına səbəb olub. Zakir Əlisahib oğlu Əliyev 22 may 1968-ci ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1975-ci ildə o, doğma kənd məktəbinin birinci sinfinə daxil olmuş və 8-ci sinfi orada bitirmişdir. Zakir Əliyevin musiqiyə marağı kiçik yaşlarından özünü göstərmişdir. 1983-cü ildə o, "Gənclərin və tələbələrin III Respublika baxış" müsabiqəsində qalib gələrək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunmaq fürsəti əldə etmişdir. Bu məktəbdə o, professor Arif Babayevin sinfində muğam sənətinin incəliklərini öyrənmiş və 1986-cı ilə qədər burada təhsil almışdır. Təhsil illərində dövlət səviyyəli tədbirlərdə fəal iştirak etmişdir. Zakir Əliyev musiqi karyerasına rəsmi şəkildə 1990-cı ildən başlamışdır. O, ilk dəfə Şirin Axundov adına trio ilə Azərbaycan Televiziyasında "Çahargah" muğam dəstgahını təqdim etmişdir. 1993-cü ildə isə "Mahur-Hindi" muğamını ifa etmişdir. Onun ifasında xalq mahnıları və təsniflər dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 1985-ci ildə Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbirdə "Leyli və Məcnun". əsərini ifa etmişdir. Daha sonra bu əsəri .Moskvanın Bolşoy Teatrında təqdim edərək böyük müvəffəqiyyət qazanmışdır. Zakir Əliyev yalnız təkcə ifaçı kimi deyil, həm də müəllim kimi fəaliyyət göstərir. 1998-ci ildən Sumqayıt şəhərindəki Səid Rüstəmov adına 3 saylı musiqi məktəbində, daha sonra isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndəlik fənnini tədris etmişdir. 2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasında müəllim, 2015-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərir. Zakir Əliyev Azərbaycan mədəniyyətinə xidmət edən zəngin bir irs yaratmışdır. Onun sənəti, ifaları və müəllimlik fəaliyyəti milli musiqimizin klassik ənənələrini qorumaqla yanaşı, onun müasir dövrün tələblərinə uyğun olaraq inkişafına da töhfə vermişdir. Zakir Əliyev Azərbaycan musiqi mədəniyyətinə verdiyi xidmətlərinə görə müxtəlif mükafatlarla təltif edilmişdir: - 1985-ci ildə: Moskvada keçirilən "Gənclərin və tələbələrin XII Ümumdünya Festivalı"nın diplomantı olmuşdur. - 2013-cü ildə: Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Zakir Əliyev Türkiyə, İran, Almaniya, Belçika, Hollandiya və Özbəkistan kimi ölkələrdə Azərbaycan musiqisini uğurla təbliğ etmişdir. Onun zəngin repertuarına klassik muğam dəstgahları, xalq mahnıları və təsniflər daxildir. Səsi və ifa tərzi muğam sənətinin klassik ənənələrini qorumaqla yanaşı, onları yeni nəsillərə ötürməkdə mühüm rol oynamışdır. Zakir Əliyev həm ifaçı, həm də müəllim kimi Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermişdir. O, klassik muğam ənənələrini yeni rənglərlə zənginləşdirərək dinləyicilərə təqdim etmiş, tələbələrinə isə muğamın mənəvi və mədəni əhəmiyyətini aşılamağı bacarmışdır. Onun səsi muğamın ritmini və emosional dərinliyini tamaşaçılara çatdırmaqda təsirli olmuşdur. Zakir Əliyev təsniflərin sözlərinə verdiyi mənalar və xalq mahnılarına gətirdiyi yeni çalarlar ilə musiqi sənətini daha da canlı və maraqlı etmişdir. Əməkdar artist Zakir Əliyev televiziya verilişlərindən birində müsahibə verərkən bu sözləri vurğulayıb: "Valideynlərimi və bacımı itirdikdən sonra bu ağır acını dünyaya gələn qızımla ovutmağa çalışmışam. Bacım dünyasını dəyişəndən sonra Allah bizə təsəlli kimi övlad payı verdi. O, sanki bir mələk idi. Dünyaya gələndə xəstəxanadan çıxarılanda avtomobildə onu qucağıma aldım və inana bilmədim ki, bu uşaq mənim övladımdır. O, ay parçası kimi gözəl idi. Övladımın dünyaya gəlişi məni dərin stresdən çıxardı, sanki həyatımı tamamilə dəyişdi. Onun gəlişi böyük sevinc gətirdi, lakin bu sevinc uzun sürmədi. Belə ki, qızım Nərgiz yeddi aylığında ağır xəstələndi və dünyasını dəyişdi. O, cəmi yeddi ay yaşadı. Adını Nərgiz qoymuşduq. Bu acını bütün varlığımla hiss etmişəm… Digər övladlarım onun vəfatını eşidəndə evdə fəryad qopartdılar. Təcili yardımı çağırsaq da, onu xilas etmək mümkün olmadı. Körpə çox pis xəstələndi, soyuqladı və bronxları tutuldu. Bir anda nəfəsi kəsildi və geri dönmədi. Övladın yaşının kiçik olması, valideynin qəlbində buraxdığı iztirabı azaltmır. Bu acı insanın ruhunda dərin bir yara qoyur. Həyat yoldaşımla kiçik bir qutu tapdıq və körpəmizi həmin qutunun içində kəndə apardıq. Qardaşımla birgə onu böyük bir övlad kimi dəfn etdik. Mən bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu ağrıları mən yaşamalı idim. P.S. Zakir Əliyev təkcə mahir ifaçı deyil, həm də yeni nəsil xanəndələrin yetişməsində böyük rol oynamış ustaddır. Onun tələbələri Azərbaycan muğam sənətinin dərin ənənələrini yaşadaraq, bu irsi zənginləşdirməyə və mədəniyyətimizə yeni töhfələr verməyə davam edirlər. Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı. aia.az Geri dön |