Ana Sayfa > Siyasət > Azərbaycan ilə Macarıstanın enerji sahəsindəki əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Azərbaycan ilə Macarıstanın enerji sahəsindəki əməkdaşlığı yeni mərhələyə qədəm qoyur


Bu gün, 09:26. Yazar: azer
Azərbaycan ilə Macarıstanın enerji sahəsindəki əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Azərbaycan ilə Macarıstan arasındakı ikitərəfli münasibətlərin müqavilə-hüquq bazası olduqca çoxşaxəlidir. İndiyədək iki ölkə arasında 50-dən artıq rəsmi sənəd imzalanıb ki, bu da əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və mədəni müstəvilərdə möhkəmlənməsinə təkan verir.

Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, əməkdaşlıq haqqında ilk protokol 1997-ci ildə Azərbaycanın və Macarıstanın Xarici İşlər nazirlikləri arasında imzalanıb. Bu sənəd diplomatik əlaqələrin əsasını qoyan ilkin hüquqi aktlardan biridir. 1999-cu ildə diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin tətbiqi barədə saziş vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq baxımından əhəmiyyətli addım olub. 2007-2008-ci illərdə isə iqtisadi və investisiya əlaqələrinin inkişafı məqsədilə bir sıra önəmli sənədlər - sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanıb.

“2014-cü ildə Budapeştdə imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirib. Bu sənəd hər iki ölkənin qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığa sadiqliyini ifadə edir. 2023-cü ilin yanvarında isə münasibətlər daha da dərinləşdirilərək Genişləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub. Bu, Azərbaycanın Avropa İttifaqı məkanında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla münasibətlərinin strateji xarakter aldığını təsdiqləyib. İki ölkə arasında imzalanan sənədlər, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regional və qlobal əməkdaşlığa da töhfə verir”, - deyə deputat bildirib.

Azərbaycan və Macarıstanın enerji sahəsindəki əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu vurğulayan P.Vəliyeva əlavə edib ki, macar şirkətləri ölkəmizin əsas neft-qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. 2025-ci ilin əvvəlində quruda yerləşən yeni neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlaması nəzərdə tutulur. Azərbaycan artıq Macarıstana qaz ixracına başlayıb və bu ölkənin enerji tələbatını qarşılamaq imkanına malikdir. Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Qaz ixracı coğrafiyası baxımından ölkəmiz dünya üzrə ön sıralardadır.

“Azərbaycanın yaşıl enerji üzrə iddialı planlarına 5 il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsalı daxildir. Artıq 500 meqavat güc yaradılıb. Bu layihələr 3-4 milyard kubmetr qaza qənaət edəcək. Qənaət olunan qazın əsas ixrac istiqaməti isə Türkiyə və Avropa İttifaqı ölkələri olacaq.

Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqının daxilində müstəqil xarici siyasət həyata keçirməsini də təqdir edib. Çünki Macarıstan Avropada müstəqil siyasət aparan nadir ölkələrdən biridir.

Hazırda isə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə keçirilməsi Macarıstanın öz tarixi köklərinə çox bağlı olduğunun sübutudur. Xatırlatmaq istəyirəm ki, birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilib. Bu ənənəni Macarıstanın davam etdirməsi olduqca təqdirəlayiq addımdır. Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib və Türk Dövlətləri Təşkilatının liderləri bununla əməkdaşlıq əlaqələrini daha da gücləndiriblər”, - deyə P.Vəliyeva vurğulayıb.
Geri dön