Ana Sayfa > Siyasət > Dövlət və milli maraqlara söykənən siyasət
Dövlət və milli maraqlara söykənən siyasətBu gün, 12:47. Yazar: azer |
![]() Prezident İlham Əliyevin çevik və düşünülmüş siyasəti dünyada ciddi maraq doğurur. Onun ard-arda səfərləri, mühüm sənədlərə imza atması, etibarlı tərəfdaş imici ölkəmizə ciddi siyasi dividentlər gətirməkdə davam edir. Mayın 20-də Macarıstan Respublikasına səfər və keçirilən görüşlər də bu qəbildəndir. Macarıstan Respublikasının Baş naziri Viktor Orbanla görüşdən sonra ölkəmizin başçısı mətbuata bəyanatında çox mühüm məsələlərə toxundu və həm də müxtəlif mövqeli siyasi dairələrə ciddi mesajlar verdi. Qeyd edək ki, Azərbaycan -Macarıstan əlaqələri hər iki ölkə üçün önəmli xarakter daşıyır. Hər iki ölkə tarixi köklərə bağlı münasibətlərə malikdir. Dünya düzənində gedən qlobal dəyişikliklər dövründə belə münasibətlərin qurulması və inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Belə bir vaxtda Avropa İttifaqının üzvü olan Macarıstanın müstəqil siyasət yürütməsi, ədalətli mövqe tutması təqdirəlayiqdir və bunu cənab prezident İlham Əliyev öz bəyanatında xüsusi vurğuladı. Ölkəmizin 4 il yarım bundan əvvəl müharibə aparan, həm də azadlıq müharibəsi aparan ölkə olduğunu xatırladan ölkə başçısı bildirdi ki, “ Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.” İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində və BMT Nizamnaməsinə uyğun aparıldığını qeyd edən cənab İlham Əliyev bildirdi ki, nəticədə biz “uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.” Ermənistanla sülh prosesinin gedişinə toxunan ölkə başçısı bu sülh müqaviləsinin gec-tez, özü də Azərbaycanın irəli sürdüyü şərtlərlə imzalanacağını bir daha diqqətə çatdırdı və qeyd etdi ki, bunun üçün iki şərt vardır: “Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir.” De-fakto heç bir fəaliyyəti olmayan ATƏT-in Mİnsk qrupunun de-yure də ləğv olunması Ermənistan tərəfindən yubadılsa da heç bir məna və əhəmiyyət daşımayan qurumun əslində nə münaqişə dövründə, nə də sonrakı mərhələdə yararsız bir qurum olduğu hamıya bəllidir. Ölkə Przidentinin bəyanatında səsləndirdiyi “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. “ fikri bir daha göstərdi ki, Azərbaycan-macarıstan əlaqələri strateji hədəflərə hesablanıb və bu dost ölkə ilə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir:” Bu günün ən böyük enerji layihələrindən biri olan “yaşıl enerji” siyasətindən bəhs edən cənab Prezident bu sahədə Macarıstanla əməkdaşlığın yüksək səviyyədə qurulduğunu bildirmişdir: “Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.” Bəyanatının sonunda cənab Prezident İlham Əliyev Macarıstan Respublikasının Baş naziri Viktor Orbanın dövlət və milli maraqları hər şeydən üstün tutmasını alqışladığını və bir qardaş ölkə olaraq Azərbaycanın daim Macarıstana dəstək olacağını qeyd etdi. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatı sədrinin müavini Geri dön |