Ana Sayfa > Ölkə > Şəhid analarına Vətən deyək... – Fuad Biləsuvarlı yazır
Şəhid analarına Vətən deyək... – Fuad Biləsuvarlı yazırDünən, 12:08. Yazar: fuad |
![]() Belə bir deyim var: "Gözlərindən ağlayan yıxılmaz, ürəyindən ağlayan isə minbir əzaba qatlaşar." Bu sözlər, sanki şəhid analarının ağrısını təsvir etmək üçün deyilmişdir. Şəhid anaları haqqında yazmaq yalnız bir insanın deyil, hər kəsin borcudur—təkcə mənim, sənin yox, bütün millətin. Bu mövzu nisgilli və kədərlidir, amma bir o qədər də müqəddəsdir. Şəhid analarının övladları qanı, canı bahasına bizə Vətən bağışlayıblar. O anaların səbrinə, oğulsuz keçirdikləri hər anın həyəcanına görə qarşılarında baş əyirik. O oğullar—sözün əsl mənasında—hamımızın ailəsinin bir parçasıdır. Onlar hər birimizin qardaşı, oğulu, doğmasıdır. Şəhid analarını sıravi vətəndaşların anaları kimi görməyək. Onlar canlarını torpaq uğrunda qurban vermiş igidlərin, azmanların analarıdır. Onların acısı yalnız öz dərdləri deyil—bütün millətin ürək yanğısıdır. Biz onların gücündən, dəyanətindən özümüzə qüvvət alırıq. Şəhid analarını nə qədər vüqarlı, qürurlu görsək də, onların içində gizli bir oğul həsrəti, sinələrində sönməyən bir bala dağı var. Bu nisgil onların gözlərində, sükutlarında, hər kəsdən gizlədikləri ahlarında yaşayır. Vətən və torpaq uğrunda canını qurban verən igidlərin anaları—biz onların gözlərində oğullarına duyulan həsrəti hiss edə, oxuya bilirik. Amma baxın, necə vüqarlı, qürurlu duruşları var ki, bu ağır dərdlərini kimsəyə açmırlar. Şəhid analarının hamıya sirayət edən həyəcan nidası, sükutu hər birimizə çox şeydən xəbər verir. Biz şəhid analarını təkcə kədər içində görməyək. Onlar yalnız ağrının deyil, müdrikliyin, qorxmazlığın və fədakarlığın da rəmzidir. Şəhid analarını bir ümmana, çağlayan dənizə bənzədirəm. Onların ürəkləri nisgil dənizidir—o dəniz hər gün oğulsuz dalğalanır. Nə qədər vüqarlı görünsələr də, yenə də oğulsuz əzgindirlər. Oğulları Vətən torpağına qarışıb, torpağı şərafətləndirib. Anaların göz yaşları isə sanki müqəddəs torpaqlardan süzülən Zəmzəm suyudur—səssiz, amma ilahi dərinliyə malik. Hər bir şəhid anası, şəhid anası statusunu çiyinlərində daşıyır. Bu yük nə qədər ağır olsa da, onu qürurla daşımağı bacarırlar. Çünki bu, hər kəsin qaldıra biləcəyi yük deyil. Nə qədər ağrılı olsa da, biz bunu deməliyik. Qalibiyyətimiz, zəfərimiz—şəhid oğullarımızın fədakarlığı sayəsində mümkün oldu. Bu gün də o igid qardaşlarımızın analarının gözlərinə dik baxmaq bizə asan deyil. Üzləri ülgüc görməyən, doyunca gənclik baharını yaşaya bilməyən oğullarımız... Anaları onların toylarını görə bilmədi, nişanlarını keçirə bilmədi. Bir çox ana hələ də oğullarının məzarlarına xonçalar düzür. Buna necə dözəsən? Axı dözmək mümkün deyil… Şəhərdə, kənddə, hər gün şəhid anaları ilə qarşılaşırıq. Onlar sadə görünürlər, amma ürəkləri qan ağlayır. Qəlblərinin dərinliklərində minlərlə söz yuva salıb—o sözləri heç kimlə bölüşmək istəmirlər, çünki bu kədər danışmaqla azalmaz. Şəhid anaları hər yerdə nümunəvi şəxsiyyət kimi görünürlər. Onlar təkcə analar deyil—Vətən tarixinin yaşayan səhifələridir. Onlar bizə Vətəni sevməyi öyrədiblər. Vətənpərvərlikdən danışarkən bizə yalnız döyüş meydanını deyil, anaların nisgilli könüllərini də göstəriblər. Çünki Vətən sevgisi yalnız səngərlərdə, vətənin keşiyində durmaqla deyil, həm də anaların qəlbində yaşayır. Əgər belə olmasaydı, bu torpaq üçün bu cür məğrur və fədakar oğullar yetişdirməzdilər. Bizə sevincli dəqiqələr, xoşbəxt anlar bəxş etdiklərinə görə əsgər analarına böyük borcluyuq. Çünki onlar övladlarını qanlı və çətin mübarizələrdən gizlətmədilər. Oğullarını Vətənin xilası uğrunda döyüşlərə göndərdilər ki, torpağımızı qoruyun, Vətəni darda qoymayın. Müharibələr bir çox taleləri sarsıtsa, qismətləri dəyişdirsə də, şəhidlərin qanı hədər getmədi. Onların torpaq uğrunda tökdüyü müqəddəs qan sayəsində Qarabağ yenidən öz əvvəlki rifahına qovuşdu. Hər bir şəhidin al qanı Vətənin bağrına yazıldı və onunla birlikdə Qarabağın torpağı yenidən çiçəkləndi. Əziz şəhid anaları—tarix boyu minbir müsibətə gözləriylə şahid olublar. Onların gözləri—mizan tərəzi kimi ədaləti ölçən, həqiqətə şahid olan aynadır. O mizan gözlər nələri görmədi ki?! İmamlarımızın, İmam övladlarının qətlindən tutmuş, saysız zülmlərin izlərini daşıdılar... P.S.Biz şəhid analarına yalnız təsəlli vermirik—onları hər zaman xatırlayır, yada salırıq. Onların hər biri Vətənin qol-qanadı, müqəddəs dayağıdır. Şəhid anaların oğulları Vətən torpağına yalnız can vermədilər, ruh verdilər. Adlarını Vətənin tarixinə əbədi yazdılar. Biz onlara ömürlük borcluyuq. Onları unutmaq, özümüzü danmaq deməkdir. Şəhid anaları—Vətənin döyünən qəlbi, görən gözləri, hiss edən ruhudur. Ona görə də, bir şeirimdə onların acısını dindirmək, ürəklərinə təsəlli vermək üçün belə yazmışam… Yetər, bacım, yetər, döz... Bu həsrət də bir anlıq, Bitər, bacım, bitər,döz. Qəribanlıq, tənhalıq, Ötər, bacım, ötər, döz. Geri dönər itənin, Toya dönər matəmin. Sonu çatar sitəmin, Gedər, bacım, gedər, döz. Yaza dönər soyuq qış, Ötüb keçər qar - yağış. O həsrətli, bir baxış, İtər, bacım, itər, döz. Gələr sevinc zamanı, Eh, neynirsən ad - sanı? Dünya fani, nə fani! Betər, bacım, betər, döz. Pozma qəlbdə nizamı, Almazsan ki, sən kamı. Dəli edir adamı, Kədər, bacım, kədər, döz. Lətafətli gül olsan, Eşq yolunda kül olsan. Məhəbbətə qul olsan, Hədər, bacım, hədər, döz. Sən unutma yarını, Dərəcəksən barını. Həyat, aldıqlarını, Ödər, bacım, ödər döz. Dünyaya açsan qucaq, Sönə bilməz od- ocaq! Hər şey yaxşı olacaq, Yetər, bacım, yetər, döz... Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü və AJB üzvü, Prezident mükafatçısı. Geri dön |