Ana Sayfa > Siyasət > Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələBu gün, 13:03. Yazar: azer |
![]() Coğrafiya zamanla dəyişmir. Amma siyasi iradə, iqtisadi rasionallıq və ortaq dəyərlər uzaqlığı mənaya çevirə, məsafəni məqsədə yaxınlaşdıra bilir. 2025-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lam arasında keçirilən görüş və mətbuat verilən bəyanatları məhz bu uzaqlığın siyasi mənaya çevrildiyi tarixi bir hadisə oldu. Ən əsası strateji niyyətin rəsmi möhürü vuruldu. Görüş zamanı imzalanan və cənab Prezident İlham Əliyevin xüsusilə qeyd etdiyi sənəd Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat oldu. Bu, sadəcə diplomatik addım deyil, həm də ikitərəfli münasibətlərin statusunu və intensivliyini təsdiq edən siyasi deklarasiyadır. Bu Bəyanat əslində Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Bəyanatda belə bir strateji qərarın təkcə siyasi deyil, iqtisadi və humanitar yükü olduğu da aydın görünür. Strateji tərəfdaşlıq, adətən, dəyərlərdə yaxınlıq, qarşılıqlı inam və uzunmüddətli sabitliyə söykənən münasibət modelidir. İmzalanan bu sənəd də məhz həmin zəmində formalaşıb. Artıq əməkdaşlıq istiqamətləri kağız üzərində yox, real sahələrdə özünü göstərir. İmzalanmış sənədlərin mövzusu və müxtəlifliyi əlaqələrin yalnız siyasi deyil, çoxşaxəli xarakter daşıdığını təsdiqləyir. Cənab Prezident bu sənədlərin gələcək ikitərəfli əməkdaşlıq üçün ən vacib rol oynayacağını vurğulayır. Əməkdaşlığın iqtisadi blokuna daxil olan sahələr arasında enerji, nəqliyyat, investisiyalar, bərpaolunan enerji və ticarət dayanır. Dövlət başçısı öz çıxışında təəssüf doğurucu hal kimi bu məqamı da vurğulayır ki, hazırda ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Bu isə onu göstərir ki, iqtisadi münasibətlərin neftə bağlı olması müəyyən risklər yaradır. Ona görə də cəna Prezident bu bağlılığın azaldılması üçün qarşılıqlı informasiya mübadiləsinin zəruriliyini qeyd edir: “Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”. Görüş zamanı aparılan müzakirələrdə ən mühüm məsələlərdən biri də bərpaolunan enerji sahəsinə aid idi. Cənab Prezident İlham Əliyev Azərbaycanın bu sahədə çox böyük imkanları olduğunu vurğuladı. Bu yanaşma iki məsələni əhatə edir: birincisi, Azərbaycan regional enerji lideri kimi yaşıl enerjiyə keçidi yalnız daxili tələbatla yox, xarici investorla sürətləndirmək niyyətindədir. İkincisi isə, Azərbaycan bu sahədə sadəcə investisiya cəlb etməklə kifayətlənmir, eyni zamanda özü də Vyetnamın yaşıl enerji sektoruna sərmayə qoymağa hazırdır. Bu, bərabərhüquqlu tərəfdaşlığın ifadəsidir. Ənənəvi sahələrdən fərqli olaraq, bəyanatda müdafiə sənayesi ilə bağlı vurğular da yer alır. Sözsüz ki, burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq çox fayda gətirə bilər. Bu fikirlər göstərir ki, strateji tərəfdaşlıq artıq etimad səviyyəsini o həddə çatdırıb ki, təhlükəsizlik və müdafiə sənayesi sahəsində də qarşılıqlı niyyətlər bəyan olunur. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |