Ana Sayfa > Siyasət > Bizimlə bu gün hesablaşmayan sabah peşman olur

Bizimlə bu gün hesablaşmayan sabah peşman olur


Bu gün, 13:00. Yazar: azer
Bizimlə bu gün hesablaşmayan sabah peşman olur

Qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirmişdir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir. Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. Prezident İlham Əliyev dövlətimizin başçısı kimi fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Qələbədən sonrakı dörd il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 18 milyard manat vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən rəşadətli Ordumuz mülki şəxslərə humanist davranışı ilə yeni bir sivil nümunə göstərmişdir. Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik. Prezidentin çıxışlarında səslənən hər fikir, hər mesaj, xüsusilə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasına dair sərt tənqidlər, Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda söz sahibi olduğunun göstəricisidir. Bu forumda verilən əsas mesaj budur ki, Azərbaycan öz yolunu özü müəyyənləşdirir və bu yol kənardan idarə olunan yox, milli iradəyə əsaslanan bir yoldur. Yeni dünya düzəni formalaşırsa, bu düzəndə Azərbaycanın iradəsi ilə hesablaşmamaq artıq mümkün deyil. Bu, diplomatik jest yox, siyasi reallıqdır.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön