Ana Sayfa > Özəl > Siyasi iradənin diplomatik zirvəsi

Siyasi iradənin diplomatik zirvəsi


Bu gün, 12:28. Yazar: azer
Siyasi iradənin diplomatik zirvəsi

2025-ci il 7 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilən yüksək səviyyəli görüş iki ölkə arasında münasibətlərin inkişafında əlamətdar hadisəyə çevrildi. Səfər çərçivəsində tərəflər strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atdı və birgə mətbuat bəyanatları ilə gələcək prioritetləri bəlli etdilər.
Ölkə rəhbəri İlham Əliyev To Lamın səfərini tarixi hadisə kimi dəyərləndirərək bildirdi ki, bu ziyarət Azərbaycan-Vyetnam əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Görüş zamanı tərəflər arasında imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat” iki ölkənin qarşılıqlı siyasi iradəsini əks etdirən mühüm sənəd kimi qiymətləndirildi.
Tərəflər arasında keçirilmiş danışıqlarda bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çəkildi. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat və logistika imkanlarının inkişaf etdirilməsi, enerji sektorunda qarşılıqlı layihələrin reallaşdırılması kimi məsələlər diqqət mərkəzində oldu. Həmçinin mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edildi. To Lam öz çıxışında Vyetnam və Azərbaycanın dostluq əlaqələrinin dərin tarixi köklərə malik olduğunu qeyd edərək, 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana etdiyi səfəri xatırlatdı. Bu tarixi əlaqələrin müasir dövrdə də davam etdirilməsi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq ruhunun qorunub saxlanması xüsusi vurğulandı. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində – xüsusilə BMT və Qoşulmama Hərəkatı daxilində – qarşılıqlı dəstək və birgə təşəbbüslərin irəli sürülməsi məsələləri də müzakirə olundu. Dövlətimizin başçısı İlham Əliyev bu platformalarda birgə fəaliyyətin ikitərəfli, o cümlədən qlobal səviyyədə mühüm nəticələr verəcəyini bildirdi. Hər iki ölkə rəhbərlərinin birgə bəyanatları iki ölkə arasında əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərdi. Bu səfər Azərbaycanın Asiya istiqamətində diplomatik fəallığının və çoxtərəfli tərəfdaşlıq modelinin uğurlu nümunəsi kimi tarixə düşdü.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Geri dön