Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: “Cənab Prezident İlham Əliyevin inamla davam və inkişaf etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycanı nüfuzlu və güclü ölkəyə çevirmişdir”

Səttar Möhbalıyev: “Cənab Prezident İlham Əliyevin inamla davam və inkişaf etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycanı nüfuzlu və güclü ölkəyə çevirmişdir”


Dünən, 09:00. Yazar: azer
Səttar Möhbalıyev: “Cənab Prezident İlham Əliyevin inamla davam və inkişaf etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycanı nüfuzlu və güclü ölkəyə çevirmişdir”

“Artıq beşinci ildir ki, Azərbaycan xalqı öz xilaskar oğlu, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin doğum gününü qalib xalq olaraq qeyd edir. Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yüksəlməsinə, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev suveren Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin iki müxtəlif ictimai-siyasi quruluşda, fərqli ideoloji tələblər şəraitində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətlərin öz ölkələrinin tarixində tutduqları yeri və öz xalqlarının taleyində oynadıqları əvəzolunmaz rolu barədə konkret təsəvvürlər yaradır. Dünya ölkələrinin təcrübəsindən, keçdiyi yoldan da bəlli olduğu kimi, liderlər daim insanları yeni, mütərəqqi ideyalar ətrafında səfərbər ediblər, onları mübarizəyə ruhlandırıblar, bəzən tarixin axarını belə dəyişərək prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndiriblər. Ulu Öndər Heydər Əliyevin istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Millət vəkili fikirlərini davam etdirərək Ulu Öndər Heydər Əliyevin XX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi həyatında fəal dövlət rəhbəri kimi həyata keçirdiyi islahatlardan bəhs edib: “1969-cu ildən başlayaraq Ümummilli Liderin keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, öz xalqına, millətinə olan misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Məhz bundan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır. Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Liderimizin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.”

Həmçinin S.Möhbalıyev Azərbaycan xalqının bu gün dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahid olduğunu vurğulayaraq, Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi kimi çıxış etdiyini qeyd edib: “Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin 2020-ci ildə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi beş il bundn əvvəl şanlı qələbəmizi, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etmiş oldu. Ulu Öndərin siyasətini Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanda sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Respublikamızın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Azərbaycan bu gün özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Geri dön