Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Ulu Öndər Heydər Əliyevin adı həm Azərbaycan xalqının, həm də dünya siyasətinin tarixinə əbədi olaraq həkk olunmuşdur”

Adəm İsmayıl Bakuvi: “Ulu Öndər Heydər Əliyevin adı həm Azərbaycan xalqının, həm də dünya siyasətinin tarixinə əbədi olaraq həkk olunmuşdur”


Dünən, 10:51. Yazar: azer
Adəm İsmayıl Bakuvi: “Ulu Öndər Heydər Əliyevin adı həm Azərbaycan xalqının, həm də dünya siyasətinin tarixinə əbədi olaraq həkk olunmuşdur”

“Tarix boyu xalqların və millətlərin inkişafı, dövlət quruculuğu və mədəni dirçəlişi güclü şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlı olmuşdur. Şəxsiyyət sadəcə bir insan deyil, xalqın yaddaşında və taleyində iz qoyan, gələcək nəsillər üçün örnək olan, bəzən bütöv bir epoxanı təmsil edən qüvvədir. Hər bir xalqın tarixində bu cür şəxsiyyətlərin olması onun inkişafının təməlidir. Güclü şəxsiyyətlər olmadan güclü cəmiyyətlər yaranmır. Azərbaycanı XX əsrdən XXI əsrə müstəqil dövlət kimi aparmış şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş dahi şəxsiyyətdir. Xalqımız üçün Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, əsl mənada xilaskar və müdrik rəhbər olmuşdur. Ulu Öndər Heydər Əliyevin beynəlxalq aləmdə, dünya siyasəti miqyasında da mühüm simalardan biri hesab edilməsi hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Hələ SSRİ dönəmində bütün türk-müsəlman dünyası Heydər Əliyevin simasında Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin əsas rəhbərlərindən biri səviyyəsinə qədər yüksələ bilmiş, dünya şöhrəti qazanmış, adlı-sanlı nümayəndəsini görmüşdür. Qərb dünyasında Heydər Əliyev uzaqgörən siyasətçi və cəsarətli dövlət xadimi kimi qəbul olunmuşdur. Bu görkəmli dövlət xadiminin böyük siyasətin qrossmeysteri adlandırılması onun fəaliyyətinin və xidmətlərinin dünya miqyasında hansı yüksək meyarlarla qiymətləndirildiyini aydın şəkildə nümayiş etdirir. Buna görədir ki, Heydər Əliyevin adı həmişəlik olaraq Azərbaycan xalqının və böyük siyasətin tarixinə daxil olmuşdur.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Daha sonra müsahibimiz Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edərək, bu fəaliyyətin daim ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə olduğunu vurğulamışdır: “Haqlı olaraq Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın yaradıcısı və qurucusu hesab edilir. Müstəqil Azərbaycan Heydər Əliyev dühasının möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq idealının rəmzinə çevrilmişdir. Ulu Öndərin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır. Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ümummilli Lider öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Ulu Öndərimizin adı ilə bağlıdır.”

Fikirlərini davam etdirən politoloq Ulu Öndər Heydər Əliyevin zəngin və keşməkeşli həyatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır: “Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda yaşadığı və Ali Məslisin Sədri vəzifəsində çalışdığı illərdə bu qədim diyar ölkəmizin müstəqil dövlətçiliyinin böyük və əvəzsiz laboratoriyası funksiyasını yerinə yetirmişdir.
ХХ əsrin 90-cı illərində Azərbaycanda hakimiyyətdə olan partiyalar hökuməti böhran içində çabalayanda üç tərəfdən Ermənistan sərhəddi ilə əhatə olunan Naxçıvanda həyat inkişaf edir, cəmiyyət quruculuğu istiqamətində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü addımların ölkə miqyasında atılmasını arzu və tələb edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev çoxmilyonlu Azərbaycan xalqının istəyi ilə yenidən hakimiyyətə gəldi və bunla da ölkəmiz XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Naxçıvandan Bakıya gələn Ulu Öndər öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhv olmaqdan xilas etdi, müasir Azərbaycan dövlətinin qurucusuna çevrildi. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı, xaosu, anarxiyanı aradan qaldırdı. Ölkənin demokratik inkişafı üçün təhlükə törədən qanunsuz silahlı birləşmələri zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımalar atdı. Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə həyata keçirilmiş torpaq islahatı sayəsnidə Ümummilli Lider Heydər Əliyev torpaqların ədalətli özəlləşdirilməsinə nail oldu. Bu gün də müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderimizin əsasını qoyduğu siyasət Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 22 ildə Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, bu gün ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur və yüksək qiymətləndirilir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön