Ana Sayfa > Siyasət > Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlığın inkişaf yolu

Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlığın inkişaf yolu


Bu gün, 14:44. Yazar: azer
Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlığın inkişaf yolu

Qlobal siyasi və iqtisadi münasibətlərin çağdaş mərhələyə qədəm qoyduğu, dünya gündəminin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrini yeni coğrafiyalara doğru genişləndirməkdədir. Bu baxımdan, Asiya-Sakit okean regionu, xüsusilə də Vyetnam Sosialist Respublikası ilə münasibətlərin inkişafı mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə mühüm bir siyasi siqnal olmaqla yanaşı, iki ölkə arasında artan qarşılıqlı marağın və strateji əməkdaşlığın bariz nümunəsidir. Dövlət başçısı müsahibəsində tarixi əlaqələrdən tutmuş müasir dövrdə iqtisadi, enerji, humanitar və beynəlxalq əməkdaşlıq sahələrinə qədər geniş spektri əhatə edən məsələlərə toxunaraq, dövlətlərimiz arasında münasibətlərin kompleks və dinamik xarakterini ortaya qoydu.

Dövlətlərimizi birləşdirən əlaqələr sıradan diplomatik münasibətlərlə məhdudlaşmır, eyni zamanda qarşılıqlı hörmətə və dərin tarixi bağlara əsaslanır. Dövlət başçımız İlham Əliyev müsahibəsində bu dostluğun əsası kimi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfərini, eləcə də 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Ümummilli Lider Heydər Əliyevin Vyetnama rəsmi səfərini xatırlatdı. Həmin səfərlər təkcə siyasi mahiyyət daşımamış, həm də xalqlar arasında qarşılıqlı rəğbət və əməkdaşlığın təməlini qoymuşdur.

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri isə dövlətlərimiz arasındakı münasibətlərdə yeni səhifə açmışdır. Bu səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıq sənədləri imzalanmış, xüsusilə də energetika, ticarət, tikinti, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən işgüzar dairələrin iştirakı ilə keçirilən Birinci Azərbaycan–Vyetnam biznes forumu strateji əlaqələrin iqtisadi əsaslarını gücləndirmişdir. Hər iki ölkənin hökumətləri tərəfindən yaradılmış iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya isə institusional səviyyədə qarşılıqlı əlaqələrin inkişafına xidmət etməkdədir.

Azərbaycan və Vyetnam beynəlxalq arenada da səmərəli əməkdaşlıq etməkdədirlər. Prezident İlham Əliyev qeyd etdi ki, hər iki ölkə BMT və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birinin mövqelərini dəstəkləyir. Bu həmrəylik yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret təşəbbüslərlə ifadə olunur. Xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr və parlamentlərarası işçi qrupların fəaliyyəti bu əməkdaşlığı davamlı və effektiv edir. 2025-ci ilin aprel ayında keçirilmiş son məsləhətləşmələr də tərəflərin qarşılıqlı anlaşmaya əsaslanan siyasət yürütməyə sadiqliyini göstərdi.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri də ticarət və energetikadır. Dövlət başçısının qeyd etdiyi kimi, 2024-cü ildə Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb və bu, qarşılıqlı potensialın yalnız bir hissəsidir. Neft və qaz sahəsində əməkdaşlıq isə dərin tarixi köklərə söykənir. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə bu sahədə qarşılıqlı maraqların konkret nəticələrə çevrilməsinin sübutudur.

Azərbaycan və Vyetnam arasında münasibətlər təkcə siyasi və iqtisadi çərçivələrlə məhdudlaşmır. Cənab Prezident müsahibəsində mədəniyyət və təhsil sahəsində əməkdaşlığın sovet dövründən bəri davam etdiyini qeyd etdi. Qara Qarayevin 1955-ci ildə bəstələdiyi “Vyetnam süitası” və Əjdər İbrahimovun Vyetnam kino sənayesinə verdiyi töhfələr iki xalq arasında mədəni dialoqun simvoludur. Bu irsə əsaslanaraq, son illərdə də mədəni mübadilələr davam edir, bu isə xalqlarımız arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir.

Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Vyetnamla Azərbaycan arasındakı təməlli münasibətlərin ən güclü sütunlarından biri təhsil sahəsində əməkdaşlıq olub. Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssisin bir çoxu bu gün Vyetnamın dövlət idarəetməsində məsul vəzifələrdə çalışır. Dövlət başçısının 2014-cü ildə Hanoya səfəri zamanı keçmiş məzunlarla görüşü və onların Azərbaycanla bağlı xoş xatirələrini paylaşması bu əlaqələrin emosional dəyərini də ortaya qoymuşdur.

2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin vyetnamlı məzunlarını bir araya gətirən Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının yaradılması isə bu əlaqələri təşkilatlanmış formada davam etdirmək üçün mühüm addım olmuşdur.

İkitərəfli münasibətlərin mühüm sahələrindən biri də mədəniyyət və humanitar əməkdaşlıqdır. Bu istiqamətdə bir çox simvolik və praktiki addımlar atılıb. 2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin qəhrəmanlığına həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi və Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyinə həsr olunmuş “Vyetnam Günləri” kimi tədbirlər xalqlar arasında mədəni yaxınlığı və qarşılıqlı rəğbəti gücləndirən təşəbbüslər kimi yadda qalmışdır.

Mədəni əməkdaşlığın davamlı xarakter daşıması isə bir sıra strateji layihələrlə dəstəklənir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr – o cümlədən 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin inşası – Azərbaycanın humanitar diplomatiyasının vacib göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ilin aprelində Vyetnama səfəri və bu çərçivədə Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilməsi bu istiqamətdə konkret nəticələrə gətirib çıxarıb.

Azərbaycan və Vyetnam arasında siyasi münasibətlər ardıcıl və qarşılıqlı etimad əsasında inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirmiş, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfər etmişdi. Bu səfərlər nəticəsində iqtisadi, energetika, informasiya-kommunikasiya, ticarət və turizm sahələrində əməkdaşlığın inkişafına zəmin yaranmışdır.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında formalaşan əməkdaşlıq da xüsusi qeyd olunmağa layiqdir. Cənab Prezidentin vurğuladığı kimi, partiyalararası əlaqələr qarşılıqlı siyasi etimadın təzahürü olmaqla yanaşı, ideoloji və institusional müstəvidə münasibətlərin dayanıqlı inkişafına xidmət edir. Bu dinamika, xüsusilə də qarşılıqlı səfərlər fonunda daha da güclənməkdədir.

Azərbaycan və Vyetnam arasında iqtisadi münasibətlərin genişləndirilməsi, xüsusilə energetika, kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq, yüksək texnologiyalar və turizm kimi sahələrdə yeni əməkdaşlıq formatlarının qurulması ilə mümkündür. Bu baxımdan, Hökumətlərarası Komissiyanın fəaliyyəti və işgüzar dairələrin təmaslarının intensivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Vyetnam arasında əlaqələrin genişləndirilməsi üçün ən perspektivli sahələrdən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması bu sahədə konkret irəliləyişə səbəb ola bilər. Bu addım təkcə qarşılıqlı turist axınını artırmaqla kifayətlənməyəcək, həm də mədəniyyətlərarası dialoqu, qarşılıqlı marağı və ictimai diplomatiyanı gücləndirəcək.

Turizm sektorunun inkişafı çərçivəsində ortaq mədəniyyət layihələri, beynəlxalq sərgilər, turizm yarmarkaları və birgə ekoloji təşəbbüslər kimi proqramlar ölkələrimiz arasında yeni yaxınlıq platforması yarada bilər.

Azərbaycan və Vyetnam arasındakı ən dəyərli əlaqə formalarından biri də təhsil sahəsində əməkdaşlıqdır. Cənab Prezident bu kontekstdə vurğulayıb ki, Azərbaycan vyetnamlı tələbələrin ölkəmizdə təhsil almasına həmişə açıqdır.

Bu təşəbbüslər yalnız akademik təcrübə mübadiləsini deyil, eyni zamanda elmi tədqiqatların, innovasiya layihələrinin və intellektual əməkdaşlığın da güclənməsinə səbəb olur. Təhsil sahəsində bu yaxınlaşma ikitərəfli münasibətlərin gələcək nəsillər tərəfindən daha da möhkəmləndirilməsinə xidmət edəcək. Akademik mobillik, doktorantura və magistratura proqramlarının qarşılıqlı tanınması da bu istiqamətdə atıla biləcək növbəti vacib addımlardandır.

Humanitar sahədə əməkdaşlıq isə yeni dövrün çağırışlarına cavab verəcək şəkildə genişlənməkdədir. Müştərək mədəniyyət layihələrinin reallaşdırılması, səhiyyə və ekologiya sahələrində birgə humanitar missiyalar dövlətmizin başçısının diqqət mərkəzində saxladığı istiqamətlərdəndir. Bu növ proqramlar ölkələrimizin vətəndaş cəmiyyətləri arasında münasibətləri yaxınlaşdırmaqla yanaşı, ümumi regional və qlobal çağırışlara birgə cavab verilməsinə də xidmət edir.

Azərbaycan–Vyetnam münasibətləri bugünkü mərhələdə təkcə diplomatik deyil, eyni zamanda çoxşaxəli strateji əməkdaşlıq modeli kimi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibəsində yer alan fikirlər göstərir ki, bu münasibətlər qarşılıqlı etimada, ortaq dəyərlərə və möhkəm siyasi iradəyə əsaslanır. Siyasi, iqtisadi, təhsil, humanitar və turizm sahələrində həyata keçirilən layihələr Azərbaycan ilə Vyetnam arasında tərəfdaşlığı gələcək nəsillər üçün davamlı və faydalı platformaya çevirməyə imkan verir.

Dövlətlərimiz arasındakı münasibətlər regionlararası inteqrasiya və qlobal əməkdaşlığın uğurlu nümunəsi kimi diqqət mərkəzində qalmaqda davam edir. İnanıram ki, Vyetnam Kommunist Partiyasının Baş katibi cənab To Lamın səfəri isə bu strateji kursa yeni impuls verərək Azərbaycan–Vyetnam münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyacaq.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Geri dön