Ana Sayfa > Karusel / Parlament > Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2025-ci il 8 may tarixli iclasında çıxışı

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2025-ci il 8 may tarixli iclasında çıxışı


Bu gün, 12:08. Yazar: azer
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2025-ci il 8 may tarixli iclasında çıxışı

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclisin bugünkü xüsusi iclası “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuşdur. Onun Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasımıza xüsusi əhəmiyyət verir.
Hörmətli həmkarlar!
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Hörmətli deputatlar!
Müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.
Hörmətli həmkarlar!
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalmışdı.
Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı.
Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və sarsılmaz iradəsi, zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu sayəsində qardaş qırğınının qarşısını almağa, xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət müstəqilliyimizi xilas etməyə nail oldu.
Hörmətli deputatlar!
Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Azərbaycanın əsas qanunu ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun proqram sənədidir. Bu fikrin düzgünlüyü özünü ilk növbədə onda göstərir ki, dövlətimiz bütövlükdə Konstitusiya əsasında qurulmuşdur və fəaliyyət göstərir.
Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən biri olan hakimiyyət bölgüsü geniş əks etdirilmiş, qanunvericilik hakimiyyətinin Milli Məclis tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.
Bu baxımdan, eyni zamanda, Ulu Öndərin peşəkar qanunvericilik orqanının formalaşmasına verdiyi töhfələri nəzərə alaraq, biz qürurla söyləyirik ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısı olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir.
Hörmətli deputatlar!
Ötən dövrdə xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlamışdır. Xüsusən, Ulu Öndərin başladığı işləri yeni tarixi şəraitdə layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçmişdir. Möhtərəm cənab Prezidentin xalqımızın və dövlətimizin bu günü və gələcəyi ilə bağlı strateji baxışının reallaşdırılması Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə, Cənubi Qafqazın liderinə və beynəlxalq aləmdə söz sahibinə çevirmişdir.
Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin həyata keçirilməsi ölkəmizi Avrasiyanın önəmli energetika mərkəzinə çevirmişdir. İnfrastruktura, nəqliyyata, sənaye və kənd təsərrüfatına böyük sərmayələr qoyulmuşdur. Yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, sosial sahənin modernləşdirilməsi ilə bağlı geniş miqyaslı proqramlar həyata keçirilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm qlobal və regional təşəbbüs və layihələrin müəllifi və fəal iştirakçısı olmuşdur. Ölkəmiz Qoşulmama Hərəkatında, digər beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirmiş, islam dünyası və türk birliyi ilə əlaqələrini genişləndirmişdir. Bakı beynəlxalq forumların və sammitlərin keçirildiyi bir məkana çevrilmişdir.
Hörmətli həmkarlar!
Hamıya məlum olduğu kimi, Azərbaycan 30 ilə yaxın müddətdə böyük ədalətsizlik ilə üz-üzə qalmışdı.
Dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Bu dövrdə yüz minlərcə soydaşımız, əslində, bütün xalqımız köçkünlük taleyinin ağrı-acısını yaşayırdı, onun şəhər və kəndləri yer üzündən silinmiş, milli-mənəvi və tarixi mirası talan edilmişdi. Bütün bu illər ərzində Azərbaycan problemin dinc yolla nizama salınmasına çalışırdı. Bəzi qlobal oyunçuların laqeydliyinə və fəaliyyətsizliyinə baxmayaraq, dövlətimiz özünün haqlı mövqeyindən bir addım da geri çəkilməmişdi.
Təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün göstərilən bu cəhdlər bir nəticə vermədi və indi görürük ki, nəticə verə də bilməzdi. Çünki ölkəmizin işğal edilmiş ərazilərinin aqibəti barəsində dünyanın böyük güclərinin başqa planları var idi.
Nəhayət, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış böyük potensial, güclü ordu və sarsılmaz milli birlik Ulu Öndərin müəllifi olduğu müasir dövlətçilik konsepsiyasının ən mühüm istiqamətlərindən birində möhtəşəm uğurlar əldə etməyə imkan verdi. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiyanın layiqincə başa çatdırılması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsini də bərpa etdi.
Bunlar, sadəcə, qələbələr deyildi, dağıntı mənzərələrini ümid rəmzinə çevirməyə qadir olan milli ruhun təntənəsi idi. Azərbaycan öz hüquqlarını bərqərar etmək üçün beynəlxalq hüquq çərçivəsində necə hərəkət etməyin lazım olduğu baxımından bütün dünyaya nümunə göstərdi.
Hörmətli həmkarlar!
Bu gün möhtərəm cənab Prezidentin rəhbərliyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə biz azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçiririk. Şəhər və kəndlər bərpa olunur, yollar çəkilir, müasir infrastruktur yaradılır, tarix və mədəniyyət abidələri bərpa olunur. Məcburi köçkün soydaşlarımız ata-baba torpaqlarına qaytarılır. Qalib xalqımız vandallar tərəfindən viran qoyulmuş yurd yerlərini gülüstana çevirərək qurucu xalq olduğunu da dünyaya nümayiş etdirir.
Hörmətli deputatlar!
Məmnunluqla qeyd etmək istəyirəm ki, son 32 ildə həyata keçirilən dövlət quruculuğu proseslərində Azərbaycan parlamenti də mühüm rol oynamışdır. Milli Məclis 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin 4 aylıq sədrliyi dövründə yaradılmış ənənələrinə sadiq qalaraq, eyni zamanda, dövlət başçısı cənab İlham Əliyevin tövsiyələrini nəzərə alaraq, suverenlik və milli maraqların qorunması sahəsində qarşıya qoyulan məqsədlərin əldə edilməsinə kömək göstərir, milli təhlükəsizlik məsələlərinin həllinə, Konstitusiyada bəyan edilmiş prinsiplərin və dəyərlərin qorunmasına töhfə verir.
Hörmətli həmkarlar!
Bizim xalqımız böyük və şərəfli bir tarixin varisidir. “Konstitusiya və Suverenlik İli”ndə biz uğurlarımız haqqında danışmaqla yanaşı, gələcək barəsində düşüncələrimizi də bölüşürük. Gələcəyə isə biz böyük ümidlərlə baxırıq.
Bu gün əminliklə söyləyirik ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qaytarılması kimi ümummilli məqsədi də gerçəyə çevirəcəkdir. Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdə davam edərək yeni tarixi qələbələrə imza atacaqdır.
Geri dön