Ana Sayfa > Gündəm > Qalib əsgərin gündəliyi
Qalib əsgərin gündəliyiBu gün, 16:28. Yazar: azer |
![]() YAXUD UNUDULMAZ SURXAY QURBANOVUN ŞƏRƏFLİ DÖYÜŞ VƏ FƏALİYYƏT YOLUNDAN SƏTİRLƏR Tanıtma Surxay Qurbanov Qarabağın ağayana, köhnə kişilərindən idi. Məclislərdə yeri "buyur-buyur"la yuxarı başda olardı. Bayır-bacada, yolda-rizdə qarşılaşanlar - istər böyük, istər kiçik olsun - hörmətlə, izzətlə onunla salamlaşar, lap yaxınlar isə əl tutub görüşmək, hal-əhval bilmək üçün qabağına gedərdilər. 1977-ci ildə, ömrünün 65-ci ilini tamamlamamış haqq dünyasına qovuşan Surxay müəllim elə cavan yaşlarından beləcə xətir-hörmət yiyəsi, bir el ağsaqqalı mərtəbəsində, ucalığında idi. Surxay müəllim öz ömür-gün yolu, o ömür-gün yolundakı işi-əməlləri ilə bunları haqq etmişdi. O, 1912-ci ilin bir payız günü, oktyabr ayında Şuşa qəzasında, Ağdamın Seyidli kəndində dünyaya gəlmişdi. 1930-cu idə, on səkkiz yaşında pedaqoq kimi əmək fəaliyyətinə başlamışdı. Ağcabədi, Ağdam rayonlarının müxtəlif kəndlərindəki məktəblərdə sıravi müəllim, tədris hissə müdiri, direktor işləmişdi. Sonra... Sonra da qan yaddaşımıza çevrilən 1941-1945-ci illər... Və 1941-ci ilin iyun ayından, müharibənin elə başladığı gündən 1945-ci ilin avqust ayına kimi İkinci Dünya müharibəsinin iştirakçısı, Şimali Qafqazdan başlamış 1-ci və 2-ci Ukrayna Cəbhəsində döyüş yolu keçmiş əsgər, zabit! Keçmiş döyüşçü qalib əsgər kimi ordudan tərxis edilib Ağdama qayıtdıqdan sonra rayonda partiya və sovet orqanlarında çalışdı. Sonralar bir müddət hüquq-mühafizə orqanlarında işlədi. Ümumittifaq Qiyabi Hüquq İnstitutunun məzunu olan Surxay Qurbanov Oğuz (keçmiş Vartaşen) rayon prokuroru, Gəncə vilayətinin Prokurorluğunda İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1953-cü ildə yenidən pedaqoji fəaliyyətə qayıdan Surxay müəllim 1954-cü ildən 1977-ci kimi, dünyasını dəyişənəcən Ağdam şəhər 3 nömrəli məktəbin direktoru olub. İkinci Dünya müharibəsində döyüş xidmətlərinə görə "Qırmızı Ulduz", "Birinci dərəcəli Vətən müharibəsi" ordenləri, "İgidliyə görə" medalı ilə təltif edilən Surxay Qurbanov pedaqoji fəaliyyətinə görəsə respublikanın "əməkdar müəllimi" adına layiq görülüb. Hələ yaz idi... 1941-ci il iyun ayının axırları olsa da, Qarabağda hələ də sanki yazın əvvəlləri idi. Onuncular buraxılış imtahanlarını verib qurtarmış, indi də doğma məktəblə vidalaşırdılar. Bu münasibətlə məktəbdə təntənəli yığıncaq keçirilirdi. Müəllimlər məzunları bir-bir təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırdılar. Cavan müəllimlərdən Surxay Qurbanov da çıxış etdi. Çıxışını o, belə bir təkliflə bitirdi ki, sabah bazar günüdür, istərdim orta məktəbi qurtarmağınız münasibətilə Marafon qaçışına çıxasınız. Dağlarımızın, düzlərimizin onsuz da çal-çağırlı, laləzar vaxtıdır. Şagirdlər sevimli müəllimlərinin təklifinə dərhal tərəfdar çıxsalar da, çoxu intizarda qaldı: "Marafon qaçışı? O nə qaçışdır elə?" Surxay müəllim şagirdlərinin baxışlarından əlüstü onların sualını oxudu. Bir qədər fikrə gedib: - Bilirsinizmi, uşaqlar, - deyə izah etdi, - qədim dünya tarixində deyilir ki, Elladanın Marafon adlı düzənlik yerində yunanlarla düşmən arasında amansız döyüş gedirdi. Yunanlar öz torpaqları uğrunda özlərindən güclü düşmənlə cəsarətlə vuruşurdular. Vətənə, məhəbbət hissi onlara yenilməz qüvvət vermişdi. Düşmən tərəf məğlub olub qaçmağa üz tutdu. Bir afinalı döyüşçü isə bu şad qələbə xəbərini şəhər əhalisinə tez çatdırmaq üçün Marafon düzənliyi ilə Afina arasındakı 42 kilometrlik bir məsafəni qaça-qaça gedib özünü şəhərə çatdırır, ucadan qışqırır ki, afinalılar, sevinin! Biz qalib gəldik! Uzun bir yolu dayanmadan qət etmiş döyüşçünün nəfəsi kəsilir və o, yerə sərilərək həlak olur. Surxay müəllim susub sözünə ara verdi, sonra: - Hə, uşaqlar, - bu igidlik şərəfinə o vaxtdan bəri 42 kilometrlik məsafəyə Marafon qaçışları keçirilir. Ertəsi günü Marafon qaçışına çıxmaq niyyətilə məzunlar evlərinə dağılışdılar. Ancaq... Elə səhəri günü Surxay müəllim şagidləri ilə birgə Marafon qaçışı əvəzinə rayon mərkəzi Ağdama, hərbi komissarlığa yollandı, cibində də cəbhəyə könüllü getmək üçün ərizəsi! Axı Vətən darda idi! Alman faşistləri qəflətən, o vaxt vətən bildiyimiz bir ölkəyə - Sovetlər İttifaqına hücum etmişdilər. Böyük bir ölkə amansız düşmənlə müharibəyə qalxmışdı. Şagirdləri ilə Marafon qaçışına çıxmasa da, Surxay müəllim həmin böyük və əzəmətli "Qələbə" xəbəri uğrunda, təkcə SSRİ adlı bir məmləkəti deyil, bütün bəşəriyyəti faşist taunundan xilas etmək üçün düşmənlə döyüşə getdi. Şagirdlərinə vətəni sevməyi öyrədən müəllim cəbhəyə getdi ki, həm də onlara həmin vətəni qorumağı öyrətsin... Ağdamdan, əzizlərindən, doğmalarından Surxay müəllimin ünvanına məktublar gedirdi, əvvəlcə Sovet-İran sərhədinə göndərilmiş Surxay müəlliminsə aradan bir müddət keçmiş məktubları döyüşən ordudan gəldi... Surxay müəllim cəbhəyə yollandığı ilk vaxtlardan gündəlik tutmağa başlayıb. Odun-alovun içində, mərmi, güllə yağışı altında, ardıcıl olmasa da, keçdiyi döyüş yolunun salnaməsini bəzən geniş, bəzən də cəmi 2-3 sətirlə qeydə alıb. Elə bu da hər gün, az qala hər an ölümlə üz-üzə qalan cəsur döyüşçünün bir hünəri, igidliyidir. İndi də gündəlikdən sətirlər. 1942-ci ilin yayı "Düşmən Zaqafqaziya respublikalarına can atır. Faşistlər Mozdoku almış, bəzi yerlərdə Terek çayını keçmişlər. Hissəmizdən minomyot batalyonu təşkil etdilər. Xeyli hazırlıq təlimi keçdik. İyunun axırlarında cəbhəyə yola düşdük. Bizi Qudurmes stansiyasında 10-cu qvardiya atıcı korpusuna verdilər. Terek çayı üzərindəki dəmir yol körpüsünü keçib düşmənlə döyüşə başladıq. Mozdok cəbhəsində müdafiə döyüşləri gedir. Müdafiədə durduğumuz ərazi çılpaq qumluqlardan ibarətdir. Bərk istilər keçir. Uzaqdan qum təpələri görünür. Göydə günəş, yerdə torpaq yanır. Ancaq... ən çox yanan döyüşçülərdir. Susuzluq hamımızı əldən-dildən salıb. Bir-birindən xeyli uzaqda yerləşən su quyularına isə gündüzlər yaxın düşmək mümkün deyil. Düşmənlər quyuları atəş altında saxlayır. Yalnız gecənin qatı zülmətində sürünə-sürünə quyulara çatır, sapoqlarımızdan dolaqlarımızı çıxarıb bir-birinə bağlayır, flyaqalarımıza bərkidib quyulara sallayaraq su çıxarırdıq. Sonrasa cəld geri dönməyə çalışırıq. Bəzən qabını su ilə doldurub öz səngərinə çatmağa az qalmış düşmən gülləsinə tuş gələn əsgər də olurdu. Yaxın döyüşçü dostlarımdan birinin taleyi beləcə sona yetdi. Aldığı güllə yarasından yerində qovrulan əsgər son nəfəsdə də olsa, yanğısıını söndürmək üçün flyaqasını başına çəkmək istədi. Lakin onu dodaqlarına aparmağa gücü çatmadığından qab yerə düşdü, su da tamam yerə calandı. Əsgər üzü üstə torpağa yıxıldı. Dodaqları ilə torpağı yalayırdı. Bilmək olmurdu ki, o, su calanmış nəmli torpağa dodaqlarını sürtməklə susuzluğunu yatırmaq istəyirdi, yoxsa uğrunda vuruşub qurban getdiyi torpağı son nəfəsində öpüb onunla vidalaşırdı..." 1942-ci ilin payızı "Öz səngərlərimizdə düşmənin növbəti hücumunu gözləyirdik. Bu zaman böyük bir "Yunkers" dəstəsinin cənub istiqamətində uçduğunu gördük. Tez səngərlərimizə yatıb saydıq: 85 təyyarə idi. Lakin onlar bizim səngərlərə bomba salmayıb başımız üstdən uçub keçdilər. Bombardmançı təyyarələr Bakıya tərəf uçurdu. Bütün azərbaycanlı döyüşçülər dərindən köks ötürdülər: "Deməli, Bakını bombalayacaqlar..." Bu kədər hissi qəlbimdə kinə, qəzəbə çevrildi. "Qoymarıq doğma Azərbaycan torpağına faşist ayağı dəysin. Qəbrinizə çevirəcəyik Şimali Qafqazı. Mozdokdan o yana doğma Bakıdır!" Demə, o zaman bir tək mən yox, bütün azərbaycanlı döyüşçülər ürəklərində belə bir müqəddəs and içiblərmiş: düşmənlər Mozdokdan üzü biz tərəfə keçə bilməz". ...İbrətamiz bir tarixi rəvayətdə deyilir ki, skiflərlə vuruşan Dari adlı hökmdar onların sərkərdələrini ağır sözlərlə məzəmmət edir ki, bəs sizin döyüşçülər açıq döyüşdən qorxub geri çəkilirlər... Skiflərin sərkərdəsi düşmənə belə cavab verir ki, bizim əsgərlər bəzən döyüş meydanından ona görə geri çəkilirlər ki, arxada əkilmiş zəmilərimiz, şəhər və kəndlərimiz yoxdur. Əgər sən bizim döyüşçülərimizin cəsarətinə, qeyrətinə bələd olmaq istəyirsənsə, onda babalarımızın, ulularımızın qəbirləri olan yerlərə yaxınlaş... Bax, onda bilərsən ki, kimlərlə vuruşursan... Alman faşistlərinin işğal edə-edə gəlib çıxdıqları Şimali Qafqazdan az qala üç addımlıqda isə babalarımızın, ulularıməızın əbədi uyuduqları torpaqlarımız, əkin-biçin yerlərimiz, əzəli və əbədi Vətənimiz - doğma Azərbaycan idi. 1942-ci ilin qışı "Bizim korpusun döyüşçüləri Mozdok istiqamətində düşmənin hücumlarının qarşısını alıb. Faşistlər Orconikidze şəhərində hücuma keçdiyindən bizi oraya müdafiəyə göndərdilər. Bütün gecə yol getdik. Ertəsi gün sübh çağı Orconikidze şəhərinin Bazarkin rayonuna çatdıq. Yerli sakinlərdən öyrəndik ki, dünən faşistlərin üç kəşfiyyat tankı şəhərə soxulubmuş. Bazarkin bizim Qarabağ rayonlarına oxşayırdı. Eyni ilə bizim tərəflərdəki kimi ağacların budaqlarından payızdan qalan meyvələri sallanırdı. Çoxdan bəri meyvə üzünə həsrət qalan döyüşçülər yenicə meyvəyə girişmişdilər ki, havada faşist təyyarələri göründü. Pokrışkinin təyyarəsi havaya qalxdı. Düşmən təyyarələri səmada qartal görmüş qarğa kimi pərən-pərən düşdü. Faşistləri Terekin o biri üzünə qovmağa başladıq. Biz çayı keçərkən düşmən yandırıcı güllələr atmağa başladı. Müharibədə yandırıcı güllənin dəhşətini ilk dəfə onda gördük. Qoşunlarımız şəhərin bir neçə rayonunu azad edib Kazbek dağıının ətəklərinə çatdı. Burada düşmənin çoxlu texnikasını və sursatını qənimət götürdük. Həmin anbarlarda sarı kağıza bükülmüş bulkalar vardı. Üzərində də hazırlandığı tarix yazılmışdı: 1938-ci il. Bu, faşistlərin müharibəyə çoxdan hazırlaşdığını sübut edən faktlardan idi". 1943-cü il, 10 mart "Daxil olduğum 269-cu qvardiyanın zenit topçu polku yeni tapşırıq almışdır. Novorossiysk şəhərinə desant çıxarmaq. Hazırlıqdan sonra komandanlığın əmrini yerinə yetirdik. Başqa hissələrlə birlikdə axşam gəmilərlə Novorossiyskə yollandıq. Düşmən bizi dənizdə qarşıladı. Ancaq döyüşçülərimiz misilsiz igidliklər göstərdilər. Bu gün səhər tezdən "Proletari" sement zavodu ərazisində fevralın 4-də çıxarılmış qoşun hissələri ilə birləşdik. Biz də "Kiçik torpağ"ın sakinləri olduq..." Oxuduqlarımdan "Bu sahə doğrudan da kiçikdir" - otuz kvadratkilometrdən azdır. Həm də böyükdür - fədakar qəhrəmanların qanına boyanmış hətta bir qarış torpaq beləcə böyük ola bilər. Şəraitin oxucuya aydın olmasından ötəri onu deyim ki, desant çıxarılan günlərdə buxtanı keçib Kiçik torpağa qədəm qoyan hər kəs orden almışdır". Daha bir fakt "Hesablanmışdır ki, Kiçik torpağın hər bir müdafiəçisinin payına ölüm saçan 1252 kq metal düşmüşdür". 1943-cü il, 30 oktyabr "Bir aydan çoxdur ki, Kiçik torpaqdayıq. Hər gün düşmənin saysız-hesabsız həmlələrini dəf edirik. Bura əsl mərdlik və igidlik meydanıdır. Faşistlərin səyinə baxmayaraq, hər gün axşam böyük torpaqdan bizə kömək, döyüş sursatı, yemək və sair gətirilir. Hətta içməli suyu da böyük torpaqdan alırıq. Ağır döyüşlər, yuxusuzluq, ərzaq sarıdan çəkdiyimiz çətinliklər döyüsçülərimizin iradəsinə qıra bilmir". 1943-cü il, 18 sentyabr "Səhər açılsa da, hələ hava qaranlıq idi. Novorossiysk üzərində çoxlu təyyarə uçduğunu, dənizdən bizə doğru xeyli böyük və kiçik gəmilər üzdüyünü gördük. Bizimkilər idi! Düşmən üzərinə həlledici hücuma keçdik. Faşistlərin uzun müddətli müdafiə xətti yarıldı. Altı günlük küçə vuruşmalarından sonra şəhəri faşistlərdən təmizlədik. Kiçik torpaqda bizim topçu alayı düşmənin qırx yeddi təyyarəsini məhv etmişdi. Onlardan birini idarə etdiyim iri kalibrli "DŞK" markalı puleymotla vurub saldığım üçün məni "İgidliyə" görə medalı ilə təltif etdilər". 1944-cü il, 18 oktyabr "Döyüşlər artıq Çexoslovakiya torpaqlarında gedir. Biz Karpat dağlarının ətəklərində vuruşuruq. Payız olsa da, yaxınlaşan qışın şaxtalı nəfəsi hiss olunur. Düşmənin əks hücumlarını gözləyirdik. Lakin faşistlərin haradan həmlə edəcəklərini bilmirdik. Odur ki, kiçik dəstələrə bölünüb qəfil hücumların qarşısını almaq üçün müdafiə mövqeyinə keçmişdik. Bizim zenit puleymotçu bölmə əsas qüvvələrdən xeyli aralı düşmüşdü. Heç kəs düşmənin dolama dağ yolları ilə bu istiqamətdə həmlə edəcəyini gözləmirdi. Əsas vəzifəmiz ensiz dağ yolunu qorumaq idi. Səhərə yaxın əks tərəfdən düşmən piyadalarının yaxınlaşdığını gördük.Üç nəfərin üstünə 250 faşist gəlirdi. Qərargaha xəbər vermək üçünsə nə ratsiya, nə fişəng var idi. Uca dağların o tayına isə səs çata bilməzdi... Cəld mövqe seçib qəflətən atəş açdım. Döyüş 6 saatdan çox idi ki, davam edirdi. Sursatımız tükənir, yorğunluqdan gözlərimiz qapanırdı. Bizim mövqeyə minlərlə güllə aramsız yağış kimi yağırdı. Birdən döyüşçülərdən biri həyəcanla bağırdı: "Komandir, əllicə patronumuz qalıb!" Nə etməli? Ancaq birdən möcüzə baş verdi. Müharibədə odun-alovun içərisindən keçən döyüşçünün sağ qalması elə müharibənin saysız-hesabsız möcüzələrindən deyilmi?! Sən demə, qonşu məntəqənin komandiri, zəif də olsa, atəş səslərini eşitmiş, bizə kömək göndərmişdi. Lakin biz hələ bunlardan xəbərsiz idik. Və belə qərara gəlmişdik ki, bu patronları da atıb qurtardıqdan sonra son qumbara ilə özümüzü məhv edək! Faşistlər isə özlərindən sayca qat-qat çox olan sovet əsgərləri ilə döyüşə girdiklərini zənn edərək atəş bölgəsinə tüstü şaşkaları atdılar və tüstü pərdəsi altında geri çəkilməyə məcbur oldular. Haşiyə Köməyə gələn döyüşçülərimiz döyüş meydanında 102 faşist cəsədi sayıblar. Surxay Qurbanov I dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunub, komandanlıq isə onu Sovet İttifaqı Qəhrəmanı adına təqdim edib. 1945-ci il, 15 aprel "Bu günə keçən gecə həlak ola bilərdim... Komandanlıq dağda yeni döyüş mövqeyi tutmağı əmr etmişdi. 220 kiloqram ağırlığında pulemyotları çaydan keçirib qarşıdakı yamacda qurmalı idik. Ancaq pulemyotları döyüş mövqeyinə aparmazdan əvvəl kəşfiyyata getdik. Dəstəmizə vzvod komandiri, dörd pulemyotçu və on nəfər döyüşçü daxil oldu. Mən vzvod komandiri ilə qabaqda gedirdim. Qəfildən səngər qazan faşistlərə rast gəldik. Düşmən zabiti bizim komandirin üstünə atıldı. Onlar əlbəyaxa oldular. Mən cəld komandirin köməyinə tələsdim. Faşist zabiti onu üstələmişdi. Atəş açmaq da mümkün deyildi. Mən hər ikisini qollarım arasına alıb sıxdım. Faşistin qolları boşaldı. Komandiri buraxıb bu dəfə məndən yapışdı. Biz yamac aşağı yumbalana-yumbalana bir-birimizi vururduq. Axırda faşist zabitinin sinəsinə çıxıb pistoletə əl atdım. Pistoletin dəstəyi ilə onun başına vurub gəbərdə bildim". Öz igid həmyerlisi Qafur Məmmədovun qəhrəmanlığını təkrar edib komandirini ölümdən xilas etdiyinə görə döyüşçü Surxay Qurbanov "Qırmızı Ulduz" ordeninə layiq görüldü. Praqa uğrunda 1945-ci ilin may ayında son döyüşlərdə iştirak edən Surxay Qurbanov qalib əsgər kimi həmin ilin noyabrında doğma Vətənə qayıtdı. Ağdamda yaxası orden-medallı igid zabiti hörmətlə, ehtiramla qarşıladılar. Surxay müəllim evdə çox oturmadı. Onu rayon Partiya komitəsinə çağırdılar. Surxay müəllim raykomun təlimatçısı oldu. Bir müddət sovet işində çalışdı. Sonra onu hüquq-mühafizə orqanlarında işə dəvət etdilər. Surxay Qurbanov isə qəlbən müəllim idi. Onun həyatında başlıca şey uşaqlara məhəbbət idi. Və 1953-cü ildə Surxay müəllim yenidən pedaqoji fəaliyyətə qayıtdı. Surxay müəllimin 50-ci illərin ortalarında qələmə aldığı bir əlyazmasında Qarabağ xanlığının tarixindən, ermənilərin bu yerlərə köçürülməsindən bəhs olunur. Həmin illərdə Surxay müəllimi Qarabağın tarixini yazmağa, ermənilərin bu yerlərə köçürülməsindən söhbət açmağa vadar edən nəymiş görən?! Axı o vaxtlar "Hayastan"la sovet Azərbaycanının "qardaş" olduğu illər idi... Allah rəhmət eləsin Surxay müəllimə! Kim bilir, bəlkə də, bu, erməni xislətinə yaxşı bələd olan, tarixdən yaxşı baş çıxaran bir ziyalının uzaqgörənliyi, bu yerlərə rus siyasətilə köçürülən ermənilərin nə vaxtsa Qarabağa yiyə durmaq iddiasına düşəcəklərini əvvəlcədən hiss edən müdrik bir insanın bizə xəbərdarlığı imiş: öz yurdunun keçmişinin, dünəninin tarixini öyrənib bilməyən sabah o torpaq uğrunda vuruşmağı, qorumağı da bacarmaz!.. Bir də: - Koramal kimi bir şeydi ermənilər, - deyərmiş Surxay müəllim, - gərək gözləyək özümüzü, fürsət gözləyirlər sancmağa..." Məkrli ermənilər o fürsəti ötən əsrin səksəninci illərində tapdılar. Havadarlarına arxalanan bədnam qonşularımız əsrlərdən bəri arın-arxayın, gen-bol yaşadıqları, bir vaxt onlara qucaq açmış doğma torpaqlarımıza tamah saldılar, hətta beynəlxalq tibbi təşkilatlarda "erməni xəstəliyi" adı ilə qeyd olunan, düçar olub yoluxduqları mərəzə, dənizdən-dənizə "Böyük Ermənistan" yaratmaq xülyasına düşdülər. Beləcə, ötən əsrin 80-ci illərinin sonlarında Birinci Qarabağ Müharibəsi alovlandı. Minlərlə soydaşımız doğma ata-baba yurdundan qaçqın, didərgin düşdü. Ermənilər ötən əsrin ən amansız qanlı faciəsini, Xocalı soyqırımını törətdilər. Kəndlərimiz, şəhərlərimiz işğal olundu. Eləcə də Ağdam... Doğma Qarabağın müdafiəsi uğrunda Surxay müəllimin də neçə-neçə şagirdi şəhid oldu, itkin düşdü, yaralanıb əlil qaldı... Surxay müəllimin işıqlı ruhu göynəyə-göynəyə, ah-fəğan qopara-qopara, xarabalığa çevrilən müqəddəs torpaqlarımız üzərində narahat-nigaran uçub dolaşdı. Rahatlıq bilmədi. Və aradan 30 il keçəndən sonra ana torpağın özü kimi öz haqq dünyasına qovuşan yüzminlərcə qarabağlılarla birgə Surxay müəllimin də ruhu sevinib şad oldu, rahatlıq tapdı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmri ilə xalq-ordu-komandanlıq qüdrəti Dəmir Yumruğa çevrilib düşmənin başına endi, 44 günlük Vətən müharibəmizdə tarixi qələbə çaldı, torpaqlarımız erməni işğalından azad olundu. Üçrəngli zəfər bayrağımız-müqəddəs Azərbaycan Bayrağı Xankəndidə dalğalandı. Bu tarixi Qələbə uğrunda cəbhədə döyüşənlər arasında Surxay müəllimin Birinci Qarabağ müharibəsində vuruşan keçmiş şagirdlərinin övladları da var idi. İkinci Qarabağ müharibəsində onlardan kimisi şəhid oldu, kimisi qazi... Vətən müharibəmizdə bu dəfə keçmiş qalib əsgərin doğma xalqı yenidən qalib oldu! ![]() Aydın TAĞIYEV AYB Şabran bölməsinin rəhbəri Geri dön |