Ana Sayfa > Özəl > Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər


Dünən, 17:01. Yazar: azer
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Bakıda keçirilən görüşü iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir. Hər iki liderin mətbuata verdiyi bəyanatlar, tərəflərin dostluq, qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev İran Prezidentini Azərbaycanda səmimi şəkildə salamlayaraq, onun səfərinin Azərbaycan-İran dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. O, qeyd etdi ki, xalqlarımız əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşamış, bu gün də dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir. Prezident Əliyev vurğuladı ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Görüşlər zamanı tərəflər bir sıra mühüm məsələləri müzakirə edərək, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədilər. Prezident Əliyev bildirdi ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafı üçün çalışır və bu istiqamətdə səmimi müzakirələr aparılıb. O, həmçinin qeyd etdi ki, İran Prezidentinin geniş nümayəndə heyəti ilə Azərbaycana gəlməsi və bu gün bir sıra mühüm sənədlərin, o cümlədən prezidentlər səviyyəsində sənədin imzalanması, qarşılıqlı xoş niyyətin və hərtərəfli yaxınlaşma səylərinin göstəricisidir. Prezident Məsud Pezeşkian isə çıxışında Azərbaycan Prezidentinə və Azərbaycan xalqına göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, iki ölkə arasında iqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Prezident Pezeşkian qeyd etdi ki, regionda ortaq mədəniyyət, dini inanclar, ideyalar və təşəbbüslər mövcuddur və bu ortaq dəyərlərlə fəxr edirik. O, İranın Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istədiyini və bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirdi. Görüş çərçivəsində tərəflər enerji sektorunda, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlala avtomobil körpüsü layihəsinin tamamlanmasının əhəmiyyəti vurğulandı. Həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlərin region ölkələrinin öz aralarında birbaşa dialoq və əməkdaşlıq yolu ilə həllinin vacibliyi qeyd edildi. Bu kontekstdə, Cənubi Qafqaz ölkələri ilə regionun əsas qonşu dövlətləri arasında qurulan qarşılıqlı əməkdaşlıq platformasının əhəmiyyəti vurğulandı. Prezidentlər həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini də müzakirə etdilər. Bu sahələrdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edildi. Səfər zamanı Azərbaycan və İran arasında bir sıra mühüm sənədlər imzalandı. Bunlar arasında prezidentlər səviyyəsində imzalanan Birgə Bəyanat və 2025–2027-ci illər üçün Xarici İşlər Nazirlikləri arasında Siyasi Məşvərət Proqramı xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəkdir. Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkianın mətbuata verdiyi bəyanatlar, Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımların göstəricisidir. Hər iki liderin səmimi və konstruktiv mövqeyi, iki ölkə arasında strateji əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə dair əminlik yaradır. Bu səfər və onun nəticələri, Azərbaycan və İran arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı maraqlar əsasında daha da dərinləşəcəyini göstərir. Hər iki ölkənin liderlərinin iradəsi və səyləri, regionda sülh, sabitlik və əməkdaşlığın təmin olunmasına mühüm töhfə verəcəkdir.

Şəbnəm Uğurlu
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri
Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini
Geri dön