Ana Sayfa > Ölkə > Göz yaşımı daşa sıxdım - Mina Rəşidin şeirləri
Göz yaşımı daşa sıxdım - Mina Rəşidin şeirləri3-05-2025, 08:49. Yazar: fuad |
![]() aia.az Mina Rəşidin şeirlərini təqdim edir. Sən bir günsən, sən bir elsən... / Günel Natiq üçün.\ Sən insana qardaş oldun, Mehriban oldun quşlara. Dərdinə dəryalar qurban, Qəmin dağlara, daşlara. Dərd İnsanla yoldaş olar. Qar alar dağın başını. Tufan dağa neyləyəcək? Dağlar söyləməz yaşını... Sən bir günsən, sən bir elsən, Səni heç sevməyən varmı? Yaradan da sevir səni, Yoxsa bu sınaq olarmı? Biz simurq quşu kimiyik, Külümüzdən doğularıq. Hər gün təzə arzularla Qəlbimizdən doğularıq. Sübh çağı dua elədim. Kaş mələklər alqışlasın. Sənə bir zaval gəlməsin, Allah bizə bağışlasın. Baxışımız sual kimi Baxışımız sual kimi, Kim deyir, biz yaşayırıq? Bu səhərdən o səhərə Bir can odu daşıyırıq. Zaman ütüsünə qarşı bir sığal əli - Hamarlanmayan duyğular Yeni müsabiqə: "Vaqifə məktub" Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir? Kim saldı bizi bu hala? Mat qalmışam o ağıla. Olum-ölüm arasında Qaldıq sıxıla-sıxıla. Eli-günü talan canım Kimə açsın ürəyini? Hardan açıldı bu səhər, Harda gizlədim dərdimi?... Atamın ruhuna Qəlbim oyula-oyula Gen yollara baxdım...baxdım... Məni sənə kim aparar? Göz yaşımı daşa sıxdım. Qəlbimdə əsən yellərdən Ümidim sınar, üşüyər. Bizi birgə kim əyərdi? Üstümə dağlar yeriyər. O gülən, nurlu gözlərdə Bilirəm, yenə göyçəyəm. Sən qərib, ellər didərgin, Mən don vurmuş göyçiçəyəm. Yaz gəldi, yazın gəlmədi Yataqxana binasından boylanan anaya Nə həsrətdi gözlərində Baharın bu gülən çağı? Yoxsa qəlbinə od salıb Yurdunda sönmüş ocağın. Mənə də söylə dərdini, Qurban olum, gəl yaxına. Ana, elə qəmgin baxıb Ürəyimə dərd toxuma. Yol-izini göy ot alıb, Bura üstü buz küçədi. Mən belə dərd çəkən yerdə Gör sənin dərdin necədi... Ahın dağlara-daşlara, Yenə nə yaman dolmusan. Yaz gəldi, yazın gəlmədi, Göydən asılı qalmısan. Mənim Qiyaslı kəndim Mənim Qiyaslı kəndim, De, evimiz necədi? Kim çıxır ağaclara Həyətimiz necədi? Xallı, qara, ağ gilas... Ağacların dururmu? Söyüdlərin qoynunda Quşlar yuva qururmu? Həyətlərin xalısı Bənövşəli, nanəli. Qoynu güldən naxışlı Zəncirotu, laləli. Uzanıb məxmər gülü Pəncərədən baxırmı? Bağçamızın içindən Sular şır-şır axırmı? Qoynu gülüstan kəndim, Sənin qoxun başqadı. Sənin göyün, buludun, Varın-yoxun başqadı. Güllə dəydi köksünə Ağaclar yaralandı. Yerdə uşaqlar uçdu, Göydə quşlar dayandı... Görüşdük qospitalda Oğlu çox yaralıydı. Qonşumuz Gözəl xala Görən indi hardadı? Badam xalanın qızı Xocalıya köçmüşdü. Şəhid oldu dünyası Dərdi dillərə düşdü. Biz də çöllərə düşüb Yollar yorğunu olduq. Əvvəl çadır, vaqonda, Sonra yataqxanada Üzünə həsrət qaldıq. ...Gün gələcək bitəcək Bu həsrət, bu qüssə-qəm. Darıxma, gözəl kəndim, Hələ ölməmişəm mən! Hələ ölməmişik biz! Kəndimiz də xiffət çəkir indi... ...Hiss edirəm, kəndimiz də xiffət çəkir indi Yollarını, cığırlarını ot basıb... Uşaq vaxtı düz başına çıxdığımız gilas ağacları qırmızıyanaq meyvələriylə Öyünmürlər daha... ...Çiçəklər də xiffət çəkir indi Onları bizim kimi qoxlayan, Ləçəklərinə sığal çəkən yox deyə, yasəmən ağacı bəlkə çoxdan solub... solmasa da, daha əvvəlki şövqlə açılmaz mavi gözlü çiçəkləri... Kəndimiz də, xiffət çəkir indi... Bacım Gülüzara... ...Bu boyda şəhərdə Bircə bacım var, Ata-ana əvəzi, doğma nəfəsi Həmişə quş kimi bir qanadım Ona doğru dartınar Ona sarı uçmaq istər... Hərdən qapısını açınca Və onu görməyincə Bir boşluqda qalaram sanki... Onda bütün varlığımla hiss edərəm Necə tənha olduğumu... ...Bu boyda şəhərdə Bir kəndim var sanki, Gül qoxusu alaram Bacımın balaca, bürkülü yataqxana küncündəki sığınacağından... sanki gilas, alça çiçəkləri boylanar üzümə, Kəndimizin havası vurar məni, Bu balaca otaqdan.... Elə bil, ata-anam gülümsəyər gözlərimdə Onun iki şipşirin balasını görəndə... ...Bacım mənim bir dünyamdı, Kəndimizdəki evimiz, məktəbimiz, uşaqlıq həmdəmimdi... Esmira Məhiqızının şeirləri ...Esmira, sənin şeirlərini oxudum bu səhər Oxudum... oxudum... Qəm xəncər kimi saplandı kürəyimə... Bir anlıq dayandım... Amma durmadım... yenə oxudum, oxudum... Kədər heykəlinə dönənə qədər... Esmira, sənin ürəyində necə böyük dağ var, Necə gəzdirirsən o dağı, necə?! Sənin qədər dağ-dağ olmuş dağı olanı görmədim heç... Qələmi qanlı bıçaq olanı da... Qələm söz yazar, amma sənin sözün köz olar, Ürəyimizi oyar, sökər, yandırar... Esmira, səni görmədim heç Amma görmək istədim indi Kəndimizi, evimizi arzuladığım kimi... ![]() Geri dön |