Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illərdə qəhrəmanlıq göstərən həmvətənlərimizi hər zaman yüksək qiymətləndirib

Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illərdə qəhrəmanlıq göstərən həmvətənlərimizi hər zaman yüksək qiymətləndirib


Dünən, 15:36. Yazar: azer
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illərdə qəhrəmanlıq göstərən həmvətənlərimizi hər zaman yüksək qiymətləndirib

9 May Qələbə günü faşizmin əzab-əziyyətlərini görən bütün dünya xalqları üçün tarixi hadisədir. «Biz fəxr edirik ki, dünyanın bu taleyüklü probleminin həll olunmasında – faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də «arxa cəbhə»də əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir» söyləyən ulu öndər Heydər Əliyevin bildirdiyi kimi faşizm üzərində Qələbədə Azərbaycanın rolu, payı daha çox olmuşdur. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatları davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci dünya müharibəsində iştirak edən azərbaycanlıların şücaətini
«Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır - həm ön cəbhədə, həm də arxa cəbhədə. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi» sözləri ilə ifadə edirdi.
1418 gün davam edən, təkcə SSRİ-dən 27 milyon insanın məhvi ilə nəticələnən Böyük Vətən müharibəsinin törətdiyi fəlakətləri statistik rəqəmlər də təsdiqləyir. Hərbi əməliyyatlarda 15 milyon hərbçi və dinc əhali yaralanıb. Keçmiş SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 min fabrik və zavodu, 65 min kilometr dəmir yolu dağıdılıb. Təkcə Ukraynanın 334 yaşayış məntəqəsi sakinləri ilə birgə yandırılıb. Müharibənin 880 günü blokadada qalan Leninqradda yaşanıb. Bu müddətdə 800 mindən artıq leninqradlı aclıqdan və xəstəlikdən həlak olub. Müharibədə qəhrəmanlaq göstərən 7 milyon hərbçi orden və medallarla təltif edilib. 11.633 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Ginnesin rekordlar kitabına düşən Berlin əməliyatında hər iki tərəfdən 3,5 milyon əsgər və zabit, 52 min hərbi texnika, 7.750 tank, 11 təyyarə iştirak edib.
1941-1945-ci illərdə davam edən müharibədə 700 mindən artıq azərbaycanlı iştirak edib. Onlardan 300 mini döyüşlərdə həlak olub. Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə ... bütünlükdə 130 həmyerlimiz igidliklərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Vətənin ən yüksək orden və medalları ilə təltif olunan azərbaycanlıların sayı minlərlə ölçülürdü. Elə ilk günlərdən 4 mindən artıq oğlan və qız könüllülər dəstəsinə qoşuldu.170 mindən artıq əsgər və zabitimiz müxətlif orden və medallarla təltif olunub. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycanın 416-cı Taqanroq, 402-ci, 396-cı, 223-cü, 77-ci diviziyaları Brest, Moskva, Kiyev, Stalinqraq, Leninqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində rəşadət göstərərək döyüş uğurları qazanmışlar. Azərbaycan diviziyaları Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın faşizmdən azad edilməsi əməliyyatlarında da iştirak etmişlər.
1941-1945-ci illərdə davam edən müharibədə «ümumi evimizi» faşizm taunundan xilas etmək əməliyyatlarında iştirak edən Azərbaycanın oğul və qızları 44 gün ərzində torpaqlarımızı əsarətdən xilas etdi. Ali Baş Komadan İlham Əliyevin Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Qubadlıda, Şuşada qaldırdığı üçrəncli bayrağımız beynəlxalq terrorizmə, faşizmə qarşı mübarizədə qalib gələn Azərbaycan xalqının qətiyyətinin nümunəsi oldu. Dağlıq Qarabağ münaqişəsi yaranan ilk gündən torpaqlarımızın danışıqlar və hərbi yolla azad olunacağını bildirən Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, üçüncü yol yoxdur. Müdafiə qüdrətimizin güclənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində XXI əsrin döyüş taktikasını nümayiş etdirən Milli Ordumuz Zəfəri ilə tarix yazdı.

«Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri ilə 44 günlük müharibədə 30 illik işğala son qoyan, xalqımıza əbədi Qələbə sevinci yaşadan Prezident İlham Əliyevin qətiyyəti sayəsində bərpa olunacaq Zəngəzur dəhlizi ölkəmizi xalqların və dövlətlərin əməkdaşlıq mərkəzinə çevirəcək.
Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin respublikamızda ikinci dəfə hakimiyyətə qayıdışından sonra 9 May - Qələbə Günü hər il rəsmi dövlət bayramı səviyyəsində qeyd edildi. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır.
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”. Ümummilli Liderimizin müharibə qəhrəmanlarına verdiyi bu cür yüksək dəyər gənc nəsildə hərbi vətənpərvərlik ruhunu daha da yüksəldirdi. Bu ənənə Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön