Ana Sayfa > Siyasət > Azərbaycan-İran: Diplomatik tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan-İran: Diplomatik tərəfdaşlığın yeni mərhələsi


Bu gün, 13:41. Yazar: azer
Azərbaycan-İran: Diplomatik tərəfdaşlığın yeni mərhələsi

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana geniş nümayəndə heyəti ilə səfəri rəsmi Tehranın Bakı ilə uzunmüddətli və yüksək səviyyəli əməkdaşlıqda maraqlı olduğunu göstərir. Bu səfər əlaqələrin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirilə bilər. Prezidentlər səviyyəsində imzalanan sənəd, o cümlədən əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən digər rəsmi razılaşmalar iki qonşu ölkənin bütün istiqamətlər üzrə bir-birinə yaxın olmaq istəyini göstərir. Azərbaycan Prezidentinin də söylədiyi kimi, “Məramımız, məqsədimiz birdir - dövlətlərarası əlaqələri yüksək səviyyəyə qaldırmaqdır”.

Dövlət başçıları, həmçinin üçtərəfli əməkdaşlıq layihələrini, xüsusilə bütün iştirakçıların fayda görəcəyi Şimal-Cənub nəqliyyat dəhlizini geniş müzakirə ediblər. Bakıda aparılan müzakirələrdən sonra bu istiqamətdə də müəyyən intensivlik gözləmək olar. Cənab İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda imkanların və infrastrukturun genişləndirilməsi prosesi gedir. Belə ki, dəniz limanı, dəmir yolu və avtomobil nəqliyyatı üzrə də böyük sərmayə qoyuluşlu layihələrə start verilib.

Bakıda keçirilən biznes forum isə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. İrandan gələn 120 nəfərdən ibarət iş adamının Bakıda apardığı məsləhətləşmələrin yaxın gələcəkdə real nəticələr verəcəyinə ümidlər çoxdur. Dövlətimizin başçısı, həmçinin iranlı iş adamlarını Ermənistan işğalından azad olunmuş ərazilərimizə fəallıq göstərməyə dəvət edib.

İran Prezidenti isə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib. Bu səfərdə diqqətçəkən məqamlardan biri də Məsud Pezeşkianın Azərbaycan dilində şeir səsləndirməsi olub.

Bu gün 10-dan çox ölkə ilə sərhədi olan İranın ən etibarlı quru sərhədi Azərbaycanladır. 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Xudafərinə səfər etməsi və bu körpünü “Dostluq körpüsü” adlandırması Azərbaycanın qonşu İrana əsl dost münasibətinin real göstəricisi idi. Rəsmi Bakının münasibəti hər zaman xoşməramlı olub.

Ümumilikdə, qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, gürcüstanla yüksək səviyyəli əlaqələr mövcuddur. Həmçinin, İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün hərtərəfli imkanlar mövcuddur.

Nigar Məmmədova
Milli Məclisin deputatı
Geri dön