Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan-İran tərəfdaşlığı regionda dayanıqlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlığa xidmət edir

Azərbaycan-İran tərəfdaşlığı regionda dayanıqlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlığa xidmət edir


Bu gün, 15:39. Yazar: sevinc1
Azərbaycan-İran tərəfdaşlığı regionda dayanıqlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlığa xidmət edir

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm bir addım oldu. Bakıda keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərir ki, dövlətlərarası münasibətlər tarixi-mədəni köklərə, qarşılıqlı etimada əsaslanır və müsbət gələcək vəd edir.

Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində birgə yaşayıb. İran Prezidentinin bu səfəri ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə yeni əməkdaşlıq perspektivləri yaradaraq müsbət irəliləyişlərə yol açır, həmçinin regional sabitlik və rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır.

İki dövlət beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində koordinasiyalı fəaliyyət göstərir. Bu əməkdaşlıq çoxtərəfli diplomatiya müstəvisində qarşılıqlı dəstəyə və ortaq mövqelərin qorunmasına imkan yaradır. Dövlətimizin başçısı bildirib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və perspektivli əməkdaşlıq platforması kimi dəyərləndirilən “3+3” formatı regional məsələlərin müzakirəsi və həllində əhəmiyyətlidir. Bu formatda fəaliyyət regionda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsində və sabitliyin təmin olunmasında rol oynaya bilər. Azərbaycan və İran bu platformanı yalnız siyasi dialoq üçün deyil, həm də iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı maraqların uzlaşdırılması baxımından effektiv vasitə kimi səciyyələndirirlər. Həmçinin “3+3” formatı vasitəsilə regional güclər arasında etimad mühitinin formalaşdırılması və gərginlik risklərinin azaldılması istiqamətində real imkanlar yaranır.

İki ölkə arasında enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlıq regional səviyyədə iqtisadi təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında strateji əhəmiyyətə malikdir. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə tranzit yüklərinin həcminin artması bu əməkdaşlığın praktiki nəticələrini əyani şəkildə nümayiş etdirir. İranın bu dəhlizdə fəal iştirakı isə Asiya və Avropa arasında logistik əlaqələri daha da möhkəmləndirərək regionun tranzit potensialını gücləndirəcək. Dövlətimizin başçısı qeyd edib ki, biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik: “Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib”.

Ölkələrarası sərhəd təhlükəsizliyinin təmin olunması və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə İran arasında mövcud olan quru sərhəd yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi və humanitar aspektlərdən böyük önəm daşıyır. Bu kontekstdə sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, qanunsuz miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir.

Səfər çərçivəsində Azərbaycan ilə İran arasında imzalanmış sənədlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük töhfə verəcək. Bu sənədlər arasında siyasi məsləhətləşmələr, nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq, dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması, mədəni mübadilə və media əməkdaşlığını nəzərdə tutan anlaşmalar xüsusi yer tutur. Bütün bu amillər iki ölkənin qarşılıqlı maraqlarına cavab verən mühüm layihələrin həyata keçirilməsini təmin edir.

Azərbaycan ilə İran arasında formalaşmış tərəfdaşlıq modeli regional sabitlik və davamlı inkişaf üçün güclü və çoxşaxəli əsaslar yaradır. Bu əməkdaşlıq qarşılıqlı dəstək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin mehriban qonşuluq və bərabərhüquqlu münasibətlər prinsipləri üzərində qurulub. İkitərəfli əlaqələr yeni geosiyasi və iqtisadi çağırışlar fonunda dövlətlərin ortaq iradəsini və strateji baxışını, habelə regional sabitliyə verdiyi əhəmiyyəti aydın şəkildə nümayiş etdirir. Xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə dərinləşən əməkdaşlıq bu münasibətlərin bütövlükdə regionun gələcəyi üçün müsbət və konstruktiv nəticələr doğuracağına əminlik yaradır. Gələcəkdə bu modelin daha da təkmilləşdirilməsi və institusional mexanizmlərlə möhkəmləndirilməsi regional inteqrasiyanın inkişafına mühüm töhfə verəcək.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Geri dön