Ana Sayfa > Karusel / Özəl / İqtisadiyyat > İnkişaf etməkdə olan bazarlar “mükəmməl qasırğa” ilə üz-üzədir
İnkişaf etməkdə olan bazarlar “mükəmməl qasırğa” ilə üz-üzədirBu gün, 11:14. Yazar: sevinc1 |
![]() Kənan Məmmədov, Corc Vaşinqton Universitetinin Maliyyə üzrə magistri (Yazı Beynəlxalq Valyuta Fondunun “Dövlət Maliyyə Menecmenti” (Public Financial Management-PFM) analitik platformasında dərc olunub) İnkişaf etməkdə olan ölkələr yeni bir borc böhranı təhlükəsi ilə üz-üzədir. 2024-cü ildə inkişaf etməkdə olan ölkələr rekord səviyyədə — 400 milyard ABŞ dolları məbləğində xarici borc ödənişi həyata keçirəcəkdir (Ümumdünya İqtisadi Forumu). Bu yük vacib inkişaf ehtiyaclarından resursların yönəldilmə riskini artırır. 2020–2023-cü illər arasında pandemiyanın təsirləri, müharibə səbəbində yaranmış əmtəə şokları və sürətlə yüksələn inflyasiya nəticəsində 15 suveren defolt qeydə alınıb (Reuters). Hazırda isə faiz dərəcələrinin yüksək səviyyədə qalması və kapital bazarlarının məhdudlaşması fonunda defolt riski Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiyada genişlənməkdədir. İnkişaf etməkdə olan bazarlar üzərində qlobal təzyiqlər İnkişaf etməkdə olan bazarlar sərt maliyyə şərtləri və artan maliyyələşmə xərcləri ilə qarşılaşır. ABŞ Federal Ehtiyat Sistemi başda olmaqla inkişaf etmiş ölkələrin mərkəzi banklarının faiz dərəcələrinin sürətlə artırması dollarla nominallaşdırılmış borcun xərclərini yüksəldib. Paralel olaraq, inflyasiya və tədarük zənciri pozuntuları inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarını da faizləri qaldırmağa məcbur edib, bu isə iqtisadi artımı zəiflədir (Reuters). Pandemiya dövründə edilən yüksək borclanmalar bir çox ölkələri ağır borc yükü ilə baş-başa qoyub. Hazırda isə bir çox ölkə ya bazarlara çıxış əldə edə bilmir, ya da borcunu ödəmək üçün daha yüksək - ikirəqəmli faizlə borc götürməli olur. Eyni zamanda, ABŞ dollarının güclənməsi ölkələrin xarici borc yükünü artırıb və yerli valyutaların ödəniş xərclərini yüksəldib. Rezervləri az olan ölkələr xüsusilə həssasdır və bir çoxu kapital axınlarının azalması və valyuta devalvasiyası ilə üzləşir. Bu tendensiyalar hökumət büdcələrinə təzyiq göstərir və fiskal intizamın pozulması riskini artırır. İdxaldan asılı olan ölkələr daha da çətin vəziyyətdədir. İdxal qiymətlərinin artması və valyutaların zəifləməsi cari hesabların pozulmasına səbəb olub və bu da büdcə sıxıntıları və sosial gərginliklər doğurur. Afrika: Borc böhranının mərkəzi Son on ildə Afrikanın borc yükü təxminən iki dəfə artıb. Faiz ödənişləri əsas dövlət xərclərini sıxışdırır. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının məlumatına görə, regionda 13 ölkə ciddi maliyyə böhranı riski ilə üz-üzədir, 7 ölkə isə artıq öhdəliklərini yerinə yetirə bilmir. Qana, Zambiya və Efiopiya artıq defolt elan edib və ya borc restrukturizasiyası prosesinə başlayıb (BVF). Eurobond buraxılışları isə baha başa gəlir — məsələn, Keniya 9.75%-lə bond yerləşdirib (Center for Global Development). G20 tərəfindən təsis edilən “Ortaq Çərçivə” restrukturizasiyanı asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu, lakin icra gecikib (Reuters). Bu istiqamətdə Zambiyanın işi üç il çəkib. Hətta tamamlanan restrukturizasiya razılaşmaları, məsələn Çadda, əhəmiyyətli rahatlıq təmin etməyib. Digər tərəfdən, beynəlxalq yardım axınları zəifləyib və Çin tərəfindən borclanma da azalıb (Reuters), bu isə bir çox ölkələri sərt iqtisadi tədbirlər və defolt arasında seçim etməyə məcbur edir. Afrikada ictimai narazılıq artır. Qana və Nigeriyada keçirilən etiraz aksiyaları sərt iqtisadi tədbirlərə və artan inflyasiyaya qarşı cəmiyyətin narazılığını göstərir. Bu gərginliklər islahat səylərini çətinləşdirir və siyasi sabitliyin pozulması riskini artırır. Təbii ki, borc probleminin həlli üçün daha təcili tədbirlər görülməsi zəruridir. Latın Amerikası: Yüksək borc və fiskal təzyiqlər Latın Amerikasında dövlət borcu 2019-cu ildə ÜDM-in 58%-dən 2020-ci ildə 70%-dən çox səviyyəyə yüksəlib. Amerika İnkişaf Bankı (AİB) xəbərdarlıq edir ki, bu göstəricinin təxminən 50%-ə endirilməməsi regionu gələcək şoklara qarşı daha həssas edəcək (Reuters). Argentina artıq ÜDM-in 100%-dən çox borc yükünə malikdir və inflyasiya 2023-cü ildə 143%-ə çatıb. Bu vəziyyət ölkənin IMF ödənişlərini və borc restrukturizasiya ehtiyaclarını artırıb. 2020-ci ildən bəri Ekvador və Surinam da defolt etmişdir. Bəzi ölkələr fiskal sıxılma tədbirlərini tətbiq edir və borc idarəçiliyini gücləndirir. Meksika və Braziliya büdcə kəsirini azaltmaq üçün hədəflərini sərtləşdirib. Ancaq regionun iqtisadi artımı zəif olaraq qalır: 2024-cü il üçün proqnoz 1.9%-dir və bu, bütün dünya regionları arasında ən aşağı göstəricidir (Dünya Bankı). Əgər fiskal islahatlar uğursuz olsa, daha çox ölkə maliyyə çətinliklərinə düşə bilər. İnvestor münasibətləri parçalanmışdır. Bəzi suveren istiqrazlar cəlbedici gəlirliklər təqdim edir, lakin siyasi səhvlər və qeyri-sabitlik riski yüksək olaraq qalır. Güclü institutlara və etibarlı fiscal strategiyalara sahib ölkələr bazara çıxış imkanlarını qorumaqda daha üstün mövqedədirlər. Cənub-Şərqi Asiya: Dayanıqlılıq sınaq altında Cənub-Şərqi Asiya regionunun iqtisadi təməli güclüdür, lakin risklər də var. Tailand dövlət borcu limitini ÜDM-in 70%-nə qaldırıb və 2026-cı ilə qədər gəlirinin 13%-ni faiz ödənişlərinə yönəltmək məcburiyyətində qalacaq (BNN Bloomberg). Laosun borcu ÜDM-in 108%-dən çoxdur və inflyasiya 30%-i keçib. Defoltun qarşısını almaq üçün ölkə "borc-əvəzində-aktiv" razılaşmaları həyata keçirir (Bloomberg). ASEAN ölkələri borcu əsasən daxili bazardan maliyyələşdirdiyindən xarici risklər nisbətən aşağıdır. Lakin kapital axınları və dolların güclənməsi təzyiqləri artırır. İqtisadi artım proqnozları (4–5%) və "Çin+1" strategiyası çərçivəsində sərmayə axınları müsbət amillərdir. Lakin faizlərin yüksək qalması və Çin tələbinin zəifləməsi riski yaradır. Xüsusən, özəl sektor və xarici borc riskləri artır. Vyetnam və Kambocada biznes və ev təsərrüfatlarının borc səviyyəsi yüksəkdir. Qeyri-suveren defoltlar qlobal likvidlik şərtləri sərtləşdikcə bazar dəyişkənliyini artıracaq. Regionun qlobal dəyər zəncirinə inteqrasiyası da xarici tələbin azalması riskini artırır. Yaxınlaşan böhran: Qaçılmazdırmı? İnkişaf etməkdə olan bazarlarda borc böhranı təhlükəsi realdır, lakin tammiqyaslı qlobal böhran hələ qaçılmaz deyil. Bunun üçün BVF, Dünya Bankı və G20 öz borc yardım təşəbbüslərini sürətləndirməlidir. Ölkələr fiskal islahatlar aparmalı, şəffaflığı artırmalı və dayanıqlı borc idarəçiliyi üçün iqtisadi artımı stimullaşdırmalıdırlar. İnnovativ mexanizmlər, xüsusi ilə “Borc üçün İqlim dəyişməsi razılaşmaları” və Xüsusi Borcalma Hüquqlarının dövriyyəyə buraxılması borc idarəçiliyi ilə inkişaf məqsədlərini uzlaşdırmaq üçün effektiv vasitə ola bilər (Ümumdünya İqtisadi Forumu). Təcili tədbir görülməsə, defoltlar artacaq və bunun nəticələri bütün dünyaya yayılacaq. Koordinasiya olunmuş siyasət və strateji investisiyalar isə fırtınadan çıxış yolu aça bilər. Arayış: Kənan Məmmədov Corc Vaşinqton Universitetində Maliyyə üzrə Magistr (Master of Science in Finance) təhsili alır. O, eyni universitetdə Maliyyə və iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Onun yazıları və şərhləri CFA İnstitutu, Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq Davamlı İnkişaf İnstitutu (IISD), U.S. News & World Report, Modern Diplomacy və World Financial Review kimi nüfuzlu platformalarda dərc olunub. Geri dön |