Ana Sayfa > Siyasət / Özəl > Milli maraqlara sədaqət ruhunda

Milli maraqlara sədaqət ruhunda


Dünən, 15:37. Yazar: sevinc1
Milli maraqlara sədaqət ruhunda

“Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.” Bu fikirlər Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşündən sonra mətbuata bəyanatındandır.
Cənab İlham Əliyev qeyd etmişdir ki, İran və Azərbaycan beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birin i dəstəkləyir və istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. BU gün qarşıda duran əsas məsələlərdən biri də Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.

Əslində Azərbaycan dövlət olaraq öz qonşuları ilə münasibətləri sağlam əsasda qurmaqda maraqlıdır. Dinc yanaşı yaşamaq, regionda təhlükəsizlik, bərabərhüquqlu əməkdaşlıq ölkəmizin prioritet məsələlərindən biridir.

İran Prezidentinin səfəri çərçivəsində üçtərəfli əməkdaşlığın perspektivlərinə toxunan ölkə başçısı qeyd etmişdir ki, “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.”

Humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verildiyini bildirən cənab Prezident İlham Əliyev ölkəmizin İranla belə əlaqələrin inkişafında maraqlı olduğunu bir daha diqqətə çatdırdı.
İmzalanan sənədlərdən göründüyü kimi, Azərbaycan dövləti, onun siyasi rəhbərliyi belə əlaqələri daha yüksək səviyyədə müzakirə etməyə və qəbul edilmiş qərarları icra etməyə hazırdır. İran tərəfinin bu sahədə konkret addımlar atması, səmimi münasibətlər qurulması bu sahənin inkişafına təkan verə bilər.
Bəyanatının sonunda ölkəmizin başçısının səsləndirdiyi bu fikir daha çox diqqət çəkmişdir: “ Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.”
Bu bir daha göstərir ki, Azərbaycan Respublikası, onun ali rəhbərliyi milli maraqlara əsaslanan, suverenlik və müstəqillik ideyalarına sadiq qalaraq müstəqil siyasət yeritmək xətti yürütməkdə qərarlıdır. Bu da regionda sabitliyə və təhlükəsizliyə ən yaxşı nümunə sayıla bilər. Qalır cənub qonşumuzun bəyanatda səslənən fikirlərə sadiqliyi.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini

Geri dön