Ana Sayfa > Parlament > Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib


Dünən, 15:04. Yazar: sevinc1
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.
Komitə sədri Musa Quliyev məsələ barədə danışaraq, komitənin profilinə uyğun olaraq Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə dair fikirlərinin bölüşüb. O, bildirib ki, Əmək Məcəlləsinin 2 maddəsinə 7 dəyişiklik təklif olunur və bu dəyişikliklər tibb sahəsində çalışan işçilərin əmək münasibətlərinin və hüquqlarının təmin olunmasında, onların fəaliyyətinin yaxşılaşdırılmasında, peşəkarlığının artmasında böyük əhəmiyyət kəsb edir. O, nəzərə çatdırıb ki, dəyişikliklərdə davamlı peşəkar inkişafın (DPİ) tətbiqi, tibb işçilərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi, sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və vəzifə maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət etmək imkanı və digər məsələlər ehtiva olunur.

Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin mahiyyəti barədə məlumat verib. O, diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsində 4 qanuna ümumilikdə 34 dəyişiklik təklif olunur. Əmək və sosial siyasət komitəsinin qanunvericilik sahəsinə aid olan Əmək Məcəlləsinə ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikdən qaynaqlanır, unifikasiya xarakterlidir və qanunlararası kolliziyanın aradan qaldırılması məqsədini daşıyır. Şöbə müdiri qeyd edib ki, layihədə təklif olunan yeni normalar tibb mütəxəssislərinin peşə yararlılığının, onların peşəkarlığının yüksəldilməsi üçün daha çevik və effektiv üsullardan istifadəni nəzərdə tutur. Belə ki, bu dəyişikliklər peşəkar inkişaf üçün daha geniş imkanlar yaradacaq, tibb mütəxəssislərini öz üzərlərində işləməyə motivasiya edəcək və onların beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaradacaq.
Adil Vəliyev Əmək Məcəlləsinə təklif olunan müddəaları təqdim edərək bildirib ki, ölkəmizdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir. Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığaraq imtahandan azad olunmaqla əldə etsinlər. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq.
Digər dəyişiklikdə mövcud uyğunsuzluğun aradan qaldırılması üçün tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsi məsələsinə dair “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda 48-ci maddənin 4-cü hissəsinin ləğvi ilə əlaqədar Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 3-cü hissəsinin yeni redaksiyada verilməsi təklif olunur.
Növbəti düzəlişə əsasən 67-1-ci maddənin 4-cü hissəsinin 1-ci cümləsində “Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən” sözlərinin “Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan” sözləri ilə əvəz edilməsi təklif edilir.
Habelə, qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən şəxs 6 ay ərzində hazırlaşıb yenidən imtahan verə bilər. Məcəlləyə edilən daha bir dəyişiklikdə bu müddət ərzində işçilərin aylıq vəzifə maaşının saxlanılması məqsədilə məcəllənin 67-1-ci maddəsinin 4-cü hissəsinin 2-ci cümləsinin yeni redaksiyada verilməsi təklif edilir. Məcəllədə nəzərdə tutulan digər 3 dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən komitənin sədr müavini Elşad Musayev, üzvləri Soltan Məmmədov, Jalə Əliyeva, Səttar Möhbalıyev, Nigar Məmmədova öz fikir və qeydlərini bildiriblər. Fikir mübadiləsi zamanı komitə sədri Musa Quliyev qaldırılan məsələlərə münasibət bildirib. İclasda iştirak edən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deputatların suallarını cavablandırıb.
Sonra iclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb.
Komitənin üzvü Nigar Məmmədova məsələ barədə məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

İclasın yekununda gündəlikdəki qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün
tövsiyə olunub.
İclasda komitənin üzvü Əziz Ələkbərov, Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin əməkdaşı Nərmin Adıgözəlzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Geri dön