Ana Sayfa > Siyasət > Zəka və nur arasında bir ömür
Zəka və nur arasında bir ömürDünən, 16:40. Yazar: sevinc1 |
![]() Zərifə xanım Əliyeva elm və mənəviyyatın vəhdətini özündə birləşdirən, Azərbaycan qadınının zəngin ruhunu təcəssüm etdirən nadir simalardandır Xoşbəxtlik bəzən nisbi anlayış kimi qəbul olunsa da, bəzi insanlar Tanrı tərəfindən seçilərək bu dünyada müstəsna izlər qoyur. Onlar sağlığında insanlar arasında sevgi və rəğbət qazanaraq tarixin səhifələrində əbədiyyət qazanan unudulmaz şəxsiyyətlərdir. Bu şəxslərdən biri də əvəzolunmaz ana, sədaqətli həyat yoldaşı, elm fədaisi, böyük şəxsiyyət, akademik Zərifə xanım Əliyevadır. Bu görkəmli şəxsiyyət dövrünün ən tanınmış ziyalı ailələrinin birində dünyaya göz açmışdı. Ailədə bütün yüksək əxlaqi keyfiyyətlər nəsildən-nəslə irsi olaraq keçmişdi. Azərbaycanın görkəmli ictimai və dövlət xadimlərindən olan Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli-mənəvi dəyərlər üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xarakterik keyfiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etmişdi. Bu nəciblik ona sanki ailəsindən miras qalmışdı. O, təmkinli, səbrli, dözümlü qadın olaraq biliyi, bacarığı, müdrik söhbətləri, səmimi, xoş rəftarı, ətrafındakılara mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Onun səhiyyə sahəsini, xüsusən də oftalmologiyanı seçməsində atasının və ailəsinin böyük təsiri olmuşdu. Zərifə Əliyeva Azərbaycan səhiyyəsində silinməz izlər qoymuşdur. O, şöhrətli alim, görkəmli oftalmoloq kimi öz töhfələrini verməklə gənc həkimlərin inkişafı naminə də çalışmışdır. Novator alimin zəngin elmi irsi, öz sahəsi üzrə apardığı tədqiqatlar, müəllifi olduğu əsərlər ölkəmizin tibb sahəsinin genişlənərək inkişaf etməsində çox mühüm əhəmiyyət kəsb edir. Onun əsərləri oftalmoloqların daim müraciət etdiyi, yaşanan zamandan asılı olmayaraq onları qane edən, bilik və təcrübələrini artırmağa kömək edən dərsliklərdir. Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəst-xətti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabilliyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, alim Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə birinci dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. 1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumdünya Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin – mükəmməl təşkilatçılıq bacarığının üzə çıxmasına imkan yaratmışdır. 1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş verir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur alim-oftalmoloqlar alırdılar. Azərbaycan aliminin belə nüfuzlu mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratdı. Moskvadan alınan xoş xəbər Zərifə xanımın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, respublika səhiyyəsinin yollarını nura qərq edir. Bir faktı da qeyd edək ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın alim-oftalmoloq idi. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”. Görkəmli alim nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu mono¬qrafiyalardan “İridodiaqnostikanın əsasları” Bakıda, “İridodiaqnostika” isə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitablar ilk dəfə Zərifə xanım Əliyeva tərəfindən yazılmışdır. Azərbaycanın Əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə xanım Əliyeva dünyanın ən görkəmli tibb tədqiqatçıları tərəfindən nüfuzlu alim kimi qəbul edilirdi. Elmi-praktik yaradıcılıq fəaliyyəti boyu onun 140 elmi əsəri, 10 monoqrafiyası çapdan çıxmış, görkəmli alim məşğul olduğu elm sahəsində 12 səmərəli təklif irəli sürmüşdür. İstər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında, Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də publisistik çıxışlarında Zərifə Əziz qızı özünün natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələri necə də heyranlıqla dinlənilirdi, istər-istəməz məruzəçinin fəlsəfəyə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu. Akademik dəvət edildiyi bir çox tədbirlərə vaxt məhdudluğu ucbatından sadəcə olaraq gəlməyə bilərdi. Lakin o, bütün tədbirlərdə iştirak etməyi özünə borc bilirdi. İnsani keyfiyyətləri, hər şeyi incəliyi ilə qiymətləndirmək bacarığı, adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə də Zərifə xanımın əlindən tuturdu. Faydalı ictimai fəaliyyət üçün də istedad lazımdır. Necə ki cərraha, riyaziyyatçıya, dövlət xadiminə istedad gərəkdir. Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə xanım üçün adi hal idi. Zərifə xanım o dövrdə nüvə fəlakəti ilə üzləşmiş planetimizə sülh, əmin-amanlıq gətirən dünya şöhrətli alimlərin ön cərgəsində addımlayırdı. “Elə şeylər var ki, biz onları tarixin soyuq məhkəməsinə saxlaya bilmərik, onlar haqqında indi danışmalı və qiymət verməliyik”, - deyirdi. Zərifə xanım “Sülh uğrunda mübarizə bizim missiyamız, borcumuzdur. Bu, həm də bütün elm və mədəniyyət xadimlərinin və ilk növbədə ziyalıların işidir. Çünki yer üzündə sülhü qorumaq, insanların firavan həyatını, tələbatını təmin etmək və onların xoşbəxt olmaq hüququnu qorumaq deməkdir”. Elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə də xüsusi yer verən Zərifə xanım Əliyeva bu mövzuya dair baxışlarını “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” mono¬qrafiyalarında geniş şərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Alim haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. O, təkcə tibb sahəsinə maraq göstərmirdi, həmçinin ədəbiyyatı, musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusən də təsviri incəsənət, rəsm əsərləri haqqında mülahizələri həmsöhbətlərini heyrətləndirirdi. O, həmçinin fortepiano üzrə musiqi təhsili da almışdı və bu alətdə çox gözəl əsərlər ifa edirdi. Xəstələrə dünya işığı bəxş etmiş Zərifə xanım Əliyeva gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazişlə yanaşırdı. O deyirdi ki, uşaqlıq çağları hər bir kəsin özünü dərk etməsində həlledici mərhələdir və ömrü boyu müraciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün deyil, insan məhz uşaqlıqda xeyrin və şərin nə olduğunu anlayır. Zərifə xanım həm gözəl dost, həm də yaxşı sirdaş idi. Dostlarının yalnız yaxşı deyil, pis günlərində də yanlarında olur, dərdlərini öz dərdi kimi qəbul edirdi. Bir çoxları bu nəcib insanı çox savadlı, diqqətli, mərhəmətli və mehriban həkim və elm xadimi olmaqla yanaşı, həm də yaxşı bir dost kimi xatırlayır. Böyük alimin bir insan, həkim kimi portretini çəkmək, nurlu simasını canlandırmaq istəyən hər bir kəs dünya oftalmologiya elminin tanınmış simalarının söylədikləri tarixi fikirlərə mütləq nəzər salmalıdır. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırıb. Professor V.V.Şmelyeva demişdir: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazmalı olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım". Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyev ilə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşımış, Ulu Öndərin inam və etibarını hər addımda doğrultmuşdu. Birgə yaşadıqları o xoşbəxt illərdə Heydər Əliyev həmişə gərgin iş rejimi ilə gecə -gündüz işləmiş, xalqının gələcəyi yolunda ömrünü şam kimi əritmişdi. Ən ağır, ən təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını tək qoymamış, onun dayağına çevrilmişdi. Cəmiyyət həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı olan bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Böyük zəka sahibi olan Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlirdi. O, hər zaman övladları ilə səmimi olmuş, onlara dost münasibəti bəsləmişdi. Zərifə xanım öz ömür -gün yoldaşı Heydər Əliyev ilə birlikdə qəlblərində daim Azərbaycan sevgisi yaşayan, vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Zərifə xanım özünə xas olan xeyirxahlıq, alicənablıq, insansevərlik, səmimilik kimi xüsusiyyətlərini övladlarına da ötürmüşdü. Onun təmkinliliyi, səbirliliyi, dürüstlüyü, düşüncəsi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladlarının seçdikləri yolda özünü büruzə verir, onların bu yolu getməklərinə daim kömək edir. Dahi şəxsiyyət Heydər Əliyev öz xanımı haqqında çox haqlı olaraq demişdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailəmin çox böyük rolu olub... Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval -ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”. Bu bir kişinin, bir atanın öz həyat yoldaşı və ömrünün sadiq sirdaşı haqqında etdiyi ən böyük etirafdır. Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırırlar. Bu gün biz fəxrlə deyə bilərik ki, Zərifə xanımın böyütdüyü və tərbiyə etdiyi Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyini daha da gücləndirmək, ölkəmizin müstəqilliyini və suverenliyini möhkəmləndirmək yolunda qətiyyətlə və yorulmadan çalışır. Cənab İlham Əliyevin uzaqgörən siyasəti və əzmkar fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada söz sahibi olan, sabit və dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu uğurların kökündə məhz ailədən gələn dəyərlər, Vətənə olan sonsuz sevgi və xalqa xidmət etmək əzmi dayanır. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir. Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin kədər hissi keçiririk. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və o, səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlərlə əbədi olaraq xatirələrdə, xalqın yaddaşında daim yaşayacaqdır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. Zərifə xanım Əliyevaya bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Zərifə xanım Əliyevanın əziz xatirəsi bu gün də xalqımızın qəlbində dərin hörmət və ehtiramla yaşayır. Onun həyat yolu, elmə və cəmiyyətə verdiyi töhfələr Azərbaycan qadınının müdrikliyini, fədakarlığını və yüksək mənəvi keyfiyyətlərini təcəssüm etdirir. Hicran HÜSEYNOVA, Milli Məclisin komitə sədri, siyasi elmlər doktoru, professor Geri dön |