Ana Sayfa > Özəl > Günel Natiqin "Gözəl günlər naminə" kitabının təqdimatı keçirildi
Günel Natiqin "Gözəl günlər naminə" kitabının təqdimatı keçirildiDünən, 16:35. Yazar: sevinc1 |
![]() "Qanun" nəşriyyatında yazıçı Günel Natiqin "Gözəl günlər naminə" kitabının təqdimatı və imza günü baş tutub. Ədəbi tədbirdə tanınmış qələm sahibləri, tədqiqatçılar, jurnalistlər və sənətsevərlər bir araya gəliblər. aia.az xəbər verir ki, tədbirin açılış nitqini nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar edib. O, "Qanun" nəşriyyatının yazarlarla oxucular arasında körpü yaratmaq missiyasına toxunaraq, bu cür imza günlərinin əhəmiyyətini vurğulayıb. Günel Natiqin yeni kitabını onun yaradıcılıq axtarışlarının davamı kimi qiymətləndirib. Yazıçı Təranə Vahid isə Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus üsluba malik olduğunu qeyd edib: "Günel təsadüfi qələm sahibi deyil. O, dünya ədəbiyyatından ilham alaraq öz bədii dili və üslubunu formalaşdırıb. Yazılarını oxuyanda oradakı insan taleləri, psixoloji portretlər göz önünə gəlir." Azad Qaradərəli çıxışında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladıb. Onun səs tonu və söz duyumu ilə radio verilişlərində fərqləndiyini bildirib. Yazıçının atasına həsr etdiyi "Ayı dərisi" povestinə toxunaraq, "Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil," – fikrini səsləndirib. "Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva isə Günel Natiqin insan talelərini ustalıqla qələmə aldığını və tənhalığın müxtəlif çalarlarını təsvir etmək bacarığını vurğulayıb. O, Günel Natiqin 2015-ci ildə "Kağız gəmilər" kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd edib. Naşir Şahbaz Xuduoğlu görkəmli tərcüməçi Natiq Səfərovla illərlə davam edən dostluq münasibətlərinə toxunaraq, onun böyük ustad olduğunu bildirib. Günel Natiqin yeni kitabının nəşrini atasının ədəbi irsinin davamı kimi qiymətləndirib. Tədbirin diqqətçəkən məqamlarından biri Xalq artisti, tanınmış diktor Eldost Bayramın "Gözəl günlər naminə" kitabından "Epidemiya" hekayəsini səsləndirməsi olub. Onun ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda Günel Natiq tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkür edib və imza mərasimi ilə tədbir yekunlaşıb. Fuad BİLƏSUVARLI Geri dön |