Ana Sayfa > Parlament > Milli Məclisdə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda elmi-praktik konfrans keçirilib
Milli Məclisdə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda elmi-praktik konfrans keçirilibDünən, 18:16. Yazar: sevinc1 |
![]() Milli Məclisdə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda elmi-praktik konfrans keçirilib Aprelin 24-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr edilən elmi-praktik konfrans keçirilib. Konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbiri açaraq iştirakçıları salamlayıb və tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirib, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərini vurğulayıb. Konstitusiya quruculuğunun sonrakı dövrlərdə də inkişaf edib məhkəmləndiyini deyən komitə sədri bugünkü konfransda Konstitusiyanın hazırlanması, qəbulu və sonrakı illərdə keçdiyi inkişaf yolu ilə bağlı məruzələrin təqdimatının və müzakirəsinin keçiriləcəyini diqqətə çatdırıb və sözü Milli Məclis sədrinin müavini, hüquq elmləri doktoru, professor Ziyafət Əsgərova təqdim edib. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. O, bu qərarın Konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolu əks etdirdiyini vurğulayıb. Ziyafət Əsgərov qeyd edib ki, 1995-ci ilin 12 noyabr tarixində qəbul olunan Konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayıb. Sədr müavini vurğulayıb ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, müstəqilliyin ilk illərində baş verən siyasi proseslər və hakimiyyətdə olan şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində ölkənin əsas qanunu qəbul oluna bilməmişdi. O, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edildiyini vurğulayıb. Qeyd olunub ki, Konstitusiyanın əsas institutlarından biri dövlətin fundamental atributlarından olan suverenlik məsələsidir. Sədr müavini, həmçinin 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu qeyd edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyası dünyada mühüm yerə malik olan normativ-hüquqi aktlardan biridir. Bildirilib ki, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya zəruri dəyişikliklər edilərək, əsasən insan hüquq və azadlıqları ilə bağlı yeni normalar əlavə olunub. Ziyafət Əsgərov deyib ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxladığı dövrdə nə BMT Təhlükəsizlik Şurası, nə ATƏT-in Minsk qrupu, nə Avropa Şurası, nə də Avropa İttifaqı münaqişənin həlli ilə bağlı ciddi bir iradə ortaya qoymayıblar. Əslində, bu qurumlar problemin və münaqişənin uzanmasında maraqlı tərəf kimi çıxış ediblər. Bildirilib ki, Vətən müharibəsi zamanı cənab Prezidentin rəhbərliyi ilə bütün dövlət qurumları birlik nümayiş etdirərək beynəlxalq hüququn normalarının təmin olunmasına nail olublar. Bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı “Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun dövlət quruculuğunda yeri” mövzusunda məruzə ilə çıxış edib. Dünya ölkələrinin konstitusiya təcrübələrinə diqqət çəkən Mübariz Qurbanlı Azərbaycanın konstitusiya tarixinə nəzər salıb. Müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasının Azərbaycan dövlətçiliyinin qarşısında duran əsas vəzifələrdən olduğunu deyən məruzəçi, 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Konstitusiyanın hazırlanması işlərindən, onun geniş müzakirələrdən keçməsi və qəbulu prosesindən bəhs edib. O, Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların keçirilməsində, dövlət idarəçiliyi mexanizmlərinin formalaşdırılmasında, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsində, yeni ictimai və iqtisadi münasibətlərin müəyyənləşməsində əhəmiyyətini vurğulayıb. Sonra Konstitusiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Ceyhun Qaracayev “Azərbaycan Respublikası Konstitusiyasının keçdiyi inkişaf yolu (referendumlar)” mövzusunda məruzə ilə çıxış edib. Sonra Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir” mövzusu üzrə məruzə edib. Konstitusiya qanunlarının qəbulu proseduru və qaydalarından bəhs edən Elşad Nəsirov onların konstitusiya hüququnda, konstitusion sistemdə yeri, onlara qoyulan məhdudiyyətlər, onların konstitusiya nəzarətinə cəlb edilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb. Konfransda mövzu ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədr müavini Elşən Musayev, “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov çıxış ediblər. Çıxışçılar Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini bildiriblər, dövlətimizin əsas qanununun suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında oynadığı rolu qeyd ediblər. Konfransın moderatoru Əli Hüseynli tədbirə yekun vuraraq, iştirakçılara müzakirələrdə fəallıq göstərdiklərinə, mövzu ilə bağlı səmərəli fikir mübadiləsinə görə təşəkkürünü bildirib. O, vurğulayıb ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, yeni reallıqlar şəraitində qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər. Geri dön |