Ana Sayfa > Parlament > Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə və eyni adlı xüsusi araşdırma sənədinin təqdimatı keçirilib
Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə və eyni adlı xüsusi araşdırma sənədinin təqdimatı keçirilibDünən, 16:49. Yazar: sevinc1 |
![]() Aprelin 24-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, media və beyin mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər və digər rəsmi şəxslər iştirak ediblər. Bu barədə aia.az-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclası açan müvəqqəti komissiyanın sədri Ramid Namazov diqqətə çatdırıb ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı keçirilən ictimai müzakirə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı əsasında təşkil olunub. Bildirilib ki, müxtəlif güclərin geosiyasi maraqlarına məruz qalan Cənubi Qafqaz regionunda sülhə təhdid yaradan əsas maneələrdən biri də Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (ÜTMS) çərçivəsində bölgədə yaratdığı missiyalardır. Qeyd olunub ki, Ermənistanda fəaliyyət göstərən bu missiyaların işində ölkəmizin maraqlarına qarşı yönəlmiş hibrid təhdid elementlərinin müşahidə olunması, eləcə də onların mümkün fəsadları nəzərə alınaraq, Milli Məclis sədrinin tapşırığı əsasında parlamentin müvəqqəti komissiyası tərəfindən xüsusi araşdırma başlanılıb və nəticədə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adı ilə hibrid hücum” başlıqlı xüsusi sənəd hazırlanıb. Müvəqqəti komissiya tərəfindən aparılmış xüsusi araşdırmanın nəticələrini əks etdirən təqdimatı slaydlar vasitəsi ilə iştirakçıların diqqətinə çatdıran Ramid Namazov deyib ki, iki ölkə arasında mübahisə doğuran əsas məqamlardan biri də üçüncü dövlətlərə məxsus qüvvələrin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı idi. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunması, eləcə də milli maraqlara əsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi Qərbdə, xüsusilə də Avropa İttifaqında və ona üzv dövlətlərdə fəaliyyət göstərən bir sıra dairələrin maraqları ilə üst-üstə düşmür. Bunun nəticəsidir ki, həmin dairələr Avropa İttifaqı və onun institutlarının resurslarından istifadə edərək, erməni lobbisinin sifarişləri əsasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər formalaşdırmağa başlayıblar. Hibrid hücumların ən intensiv dövrü isə COP29 tədbirinin ölkəmizdə keçirilməsinə dair qərarın qəbul edildiyi gündən tədbirin son gününə qədər olan müddəti əhatə edib. Araşdırmanın təfərrüatları barədə danışan müvəqqəti komissiyanın sədri qeyd edib ki, sənəddə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf tarixindən danışılır, bu günədək imzalanan sənədlərdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, suverenliyə hörmətlə bağlı beynəlxalq hüquqda təsbit olunan norma və prinsiplərdən söz açılır. Eyni zamanda, araşdırmada Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyalarının fəaliyyətindəki məxfilik və onların tərkibində müşahidə olunan qeyri-legitim xüsusiyyətlər, xüsusilə də sonuncu missiyanın qeyri-şəffaf fəaliyyəti, personalın seçilməsi meyarları, ona dəstək verən dövlətlərin rolu və missiyanın “sülh və etimad quruculuğu” adı altında həyata keçirdiyi kəşfiyyat yönümlü fəaliyyətlər hərtərəfli şəkildə təhlil edilib. Sənəddə həmçinin missiyanın regionda yeni münaqişə risklərini alovlandırmaq istiqamətində atdığı addımlar, göstərilən maliyyə və hərbi dəstəklər, region ölkələrinin bu fəaliyyətlərə münasibəti, Fransanın bu prosesdə oynadığı rol və mümkün gələcək ssenarilər geniş şəkildə təqdim edilib. Həmçinin məlumat verilib ki, sənəddə Aİ-nin Ermənistandakı missiyasının bölgəyə gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində hərbi infrastrukturda baş verən dəyişikliklərə dair peyk görüntüləri, Ermənistan tərəfindən son üç ildə həyata keçirilmiş hərbi təxribatların xronologiyası və missiyada iştirak edən bəzi şəxslərin peşəkar keçmişləri də öz əksini tapıb. Diqqətə çatdırılıb ki, araşdırmada Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı Azərbaycan vətəndaşları arasında sorğu da keçirilib, araşdırmanın sonunda isə bu missiyanin fəaliyyəti ilə bağlı atılmalı olan addımlara dair müvəqqəti komissiyanın təklifləri yer alıb. Tədbirdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, İnsan hüquqları komitəsi sədrinin müavini Arzuxan Əli-zadə, müvəqqəti komissiyanın üzvləri Sevil Mikayılova, Gülşən Paşayeva, Zaur Şükürov, deputatlar Elman Nəsirov, Elçin Mirzəbəyli, Nigar Məmmədova, Pərvanə Vəliyeva ictimai müzakirənin mövzusunun aktuallığını qeyd edərək, sülh müqaviləsinin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətindən söhbət açıblar, Ermənistanın bu prosesi hər vəchlə ləngitdiyini bildiriblər. Millət vəkilləri özünü mülki missiya kimi təqdim edən Avropa İttifaqının Ermənistandakı missiyasının, əslində casus missiyasını yerinə yetirdiyini, onun fəaliyyətinin regionda gərginliyin artmasına yönəldiyini söyləyiblər. Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması, bu istiqamətdə ictimai fikrin formalaşmasının vacibliyini qeyd ediblər. İctimai müzakirələrdə iştirak edən UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva, dezinformasiya ilə mübarizə sahəsində ekspert Sənan Nəcəfov, “Qarabağın Tərəqqisi Naminə” İB-nin sədri Şəbnəm Səfərova, Sosial Tədqiqatlar Mərkəzi departamentinin müdiri Əziz Əlibəyli, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev hesabatda təqdim olunan məlumatların önəmli olduğunu bildiriblər. Çıxış edənlər ölkəmizə yönəlmiş hibrid təhdidlərin qarşısının alınması, bu sahədə müvafiq cavab tədbirlərinin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər. Tədbirə yekun vuran Ramid Namazov deyib ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa sadiq qalıb. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb. Lakin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa edilməsindən sonra, Avropa İttifaqı institutlarının bəzi Qərb dairələrinin təsiri altına düşərək Azərbaycanın əleyhinə yönəlmiş hibrid təhdid alətinə çevrilməsi narahatlıq doğurur. Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə Qarşı Komissiyanın qənaətinə görə, Azərbaycana qarşı həyata keçirilən hibrid hücumlarda istifadə olunan əsas alətlərdən biri Avropa Parlamenti və Fransa kimi Avropa İttifaqına üzv ölkələrin parlamentlərində aparılan anti-Azərbaycan məzmunlu müzakirələr, dinləmələr, hazırlanan və ya qəbul edilən qətnamələrdirsə, digər mühüm vasitə isə Avropa İttifaqının Ermənistandakı missiyasi – EUMA vasitəsilə yönəldilən həmlələrdir. Araşdırmalar göstərib ki, Avropa İttifaqının Ermənistandakı missiyasi - EUMA, “sülh və etimad quruculuğu” adı altında faktiki olaraq bölgədə kəşfiyyat xarakterli fəaliyyətlər həyata keçirir. Missiyanın sərhədin Ermənistan tərəfində müşahidəçi funksiyasını aşaraq, hərbi infrastruktur və istehkamların qurulmasında iştirak etdiyi, həmçinin “müşahidəçilərin” Azərbaycan ərazilərinə yönəlik casusluq fəaliyyəti apardığına dair kifayət qədər əsaslı sübutlar mövcuddur. Vurğulanıb ki, Fransa tərəfindən Ermənistana hücum silahlarının verilməsi və ölkənin gələcəkdə beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Avropa İttifaqı tərəfindən aparılacaq missiyalara hazırlanması, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişələrin başlama ehtimalını artırır. Komissiya belə qənaətə gəlir ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistan xarici təsirləri və üçüncü qüvvələrin müdaxiləsini dayandırmalı, konstruktiv və səmimi yanaşma sərgiləməlidir. Sonda Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov mövzu ətrafında konstruktiv müzakirələrin aparıldığını qeyd edib, iştirakçılara təşəkkürünü bildirib. Geri dön |