Ana Sayfa > Özəl > Ulu Öndərin ana dili uğrunda apardığı mübarizə dil quruculuğu siyasətinin əsasını təşkil edib

Ulu Öndərin ana dili uğrunda apardığı mübarizə dil quruculuğu siyasətinin əsasını təşkil edib


Dünən, 16:35. Yazar: sevinc1
Ulu Öndərin ana dili uğrunda apardığı mübarizə dil quruculuğu siyasətinin əsasını təşkil edib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən rayonun 31 nömrəli tam orta məktəbində “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyəti” mövzusunda tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov böyük qürurla vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin ölkəmizin dövlət dili elan edilməsində əvəzsiz rolu olmuşdur. O qeyd etmişdir ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Həmin dövrdə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da sürətləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Buna baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bəyan etdi.
Elə həmin dövrdən ana dili uğrunda apardığı mübarizə çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dil quruculuğu siyasətinin əsasını təşkil edib. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir.
İlham Əliyev isə Ulu Öndərin bu fəaliyyətini uğurla davam etdirərək, Prezident kimi dil siyasətinin prioritetlərini daim gündəmdə saxlamışdır.

YAP veteranı Əlövsət Rzaquliyev bildirib ki, Azərbaycan dilinin milli varlıq kimi qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi hər bir iqtidarın və ziyalı-intellektual mühitin əsas vəzifələrindəndir. O, Ulu Öndərin ölkəmizin müasir tarixində həyata keçirdiyi siyasi və sosial islahatlarla paralel olaraq ana dilimizə verdiyi diqqəti, dilin dövlətçilik prosesində və cəmiyyət həyatında rolunun gücləndirilməsini xüsusi vurğulamışdır.

Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru Azər Cabbarov çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin dil siyasəti Azərbaycan dilinin dövlət atributu kimi möhkəmlənməsinə, elmi araşdırmaların genişlənməsinə və beynəlxalq aləmdə təbliğinə dəyərli töhfələr vermişdir. Onun irəli sürdüyü tədbirlər bu gün də uğurla davam etdirilir, dilimizin zənginliyi, qrammatik və leksik strukturu müasir tələblər səviyyəsində qorunub saxlanılır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.
Geri dön