Ana Sayfa > Siyasət > Nizami Hüseynov: Milli qürurumuzun rəmzi
Nizami Hüseynov: Milli qürurumuzun rəmziBu gün, 10:04. Yazar: sevinc1 |
![]() Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub. Ulu Öndərin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Ümummilli Liderimiz çoxlarının mahiyyətinə varmadığı, bəzən isə heç düşünmək istəmədikləri məsələləri duyur, düşünür, sonra isə onun məğzini şərh edirdi. Məqsədi qoyulan, müzakirə olunan məsələlər barədə maarifçilik mövqeyi tutmaq idi. Həm də müzakirə olunan məsələlər barədə söz, fikir söyləyənləri məsuliyyətli olmağa cəlb etmək idi. Ulu Öndər hətta Sovetlər İttifaqı dövründə əldə etdiyimiz nailiyyətlər sırasında bayrağımızın, gerbimizin, himnimizin olduğunu ən böyük bəhrə hesab edirdi: “Biz Sovetlər İttifaqının tərkibində müstəqil dövlət olmasaq da, onun tərkibində respublika idik, dövlət idik, özümüzün himnimiz, gerbimiz, bayrağımız var idi. Doğrudur, bunlar hamısı ümumittifaq tərkibində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, nə qədər əzab - əziyyətə düşdük”. Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. Ulu Öndər Heydər Əliyevin ana dilmizə diqqət və qayğısı müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün illərdə davam etdi. Dilimizin hüquqi statusda möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli islahatlar və qanunvericilklə tənzimlənən ciddi addımlar atıldı. Bu il qəbul edilməsinin 30-cu ildönümünü qeyd edəcəyimiz Azərbaycan Respublikasının Konstitusiyasında dahi şəxsiyyətin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, təkcə dilimizin hüquqi statusunun möhkəmləndirilməsi deyildi, eyni zamanda onun bütün dövlət qurumlarında, təhsil müəssisələrində, elmi və mədəni sferada üstün yer tutmasını təmin edən bir tarixi hadisə idi. Ulu Öndər Heydər Əliyev dilimizin dövlət idarəçiliyində, qanunvericilik sistemində və bütün rəsmi sənədlərdə istifadə olunmasını daimi diqqətdə saxlamışdır. Onun rəhbərliyi altında 2001-ci ildə "Dövlət Dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi Haqqında" Fərman imzalanmış və bu fərman dilin işləkliyinin artırılmasını təmin edən mühüm addımlardan biri olmuşdur. 2001-ci il avqustun 9-da imzalanan fərmanla Azərbaycan dili üçün latın qrafikası rəsmən tətbiq edilmişdir. Bu qərar Azərbaycan dilinin dünya miqyasında daha da tanınmasına və müasir informasiya texnologiyaları ilə inteqrasiyasına geniş imkanlar yaratmışdır. Dahi Şəxsiyyətin dil siyasəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan dilinin mövqeyini gücləndirməyə yönəlmişdi. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini unutmamaları üçün müxtəlif təşəbbüslərlə çıxış etmiş, diaspor təşkilatlarının Azərbaycan dilində fəaliyyət göstərməsini dəstəkləmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan dili tədris olunur, universitetlərdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparılır ki, bu da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ümummilli Liderimiz Heydər Əliyev irsini ən ali səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli-mənəvi dəyərlərin qorunması və inkişafına xüsusi diqqət yetirən dövlət başçısı kimi ana dilimizin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənmiş, onun qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bəli, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin dil siyasətinin bəhrələrini hər yerdə görürük: Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. O, dilimizin milli kimliyimizin təməl daşı olduğunu vurğulayaraq demişdir: “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.” Hər kəs qəti əmindir ki, Ulu Öndər Heydər Əliyevin ana dilimizlə bağlı müəyyən etdiyi strateji yol xəritəsi ilə Azərbaycan dili daim inkişaf edəcək və gələcək nəsillər üçün də milli qürurumuzun rəmzi olaraq qalacaqdır. Nizami Hüseynov YAP Qazax rayon təşkilatının fəalı Geri dön |