Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Qlobal sabitliyə gedən yol və Çin-Azərbaycan əməkdaşlığının siyasi dəyəri"

Eltun Süleymanov: "Qlobal sabitliyə gedən yol və Çin-Azərbaycan əməkdaşlığının siyasi dəyəri"


Bu gün, 15:35. Yazar: sevinc1
Eltun Süleymanov: "Qlobal sabitliyə gedən yol və Çin-Azərbaycan əməkdaşlığının siyasi dəyəri"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının “Sinxua” agentliyinə verdiyi müsahibə, ölkələrimiz arasında münasibətlərin yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, əslində çoxşaxəli və dərin siyasi məzmun daşıdığını bir daha nümayiş etdirdi. Azərbaycan-Çin əlaqələri, XXI əsrin dəyişən qlobal siyasi arxitekturasında əhəmiyyətli rol oynayan, tərəfdaşlıq fəlsəfəsinə əsaslanan modeldir. Bu əməkdaşlıq, həm çoxtərəfli beynəlxalq qurumlarda, həm də regional sabitlik və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək üzərində qurulub.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, artıq iki dövlət arasında strateji tərəfdaşlıq modelinə çevrilən münasibətlər mövcuddur. Azərbaycan və Çin arasında siyasi münasibətlər ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezident İlham Əliyev “Sinxua”ya verdiyi müsahibədə bu münasibətləri “qarşılıqlı hörmətə və suverenlik prinsipinə əsaslanan əməkdaşlıq” kimi xarakterizə edərək bildirdi:
“Biz Çinlə strateji tərəfdaşıq. Əməkdaşlığımız bütün sahələri əhatə edir və əsas prinsiplərimiz biri-birimizin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət üzərində qurulub”. Bu cür əlaqələrin əsasını təşkil edən sabitlik və qarşılıqlı inam, xüsusilə qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə olduqca mühüm əhəmiyyət daşıyır. Çin və Azərbaycan, müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləməklə həm ikitərəfli maraqları qoruyur, həm də yeni çoxtərəfli əməkdaşlıq mexanizmlərinin formalaşmasında iştirak edirlər. Təbii ki, əlaqələrin etibarlı olması həm də suverenlik və beynəlxalq hüquq prinsipləri üzrə həmrəylikdə asılıdır. Azərbaycan və Çin, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə qətiyyətlə sadiqdirlər. Cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verərək vurğulamışdır: “Azərbaycan daim ‘vahid Çin’ prinsipini dəstəkləyib və bu siyasətimiz dəyişməz olaraq qalır. Biz Çin Xalq Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik”. Qarşılığında isə Çin Xalq Respublikası dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini anlayışla qarşılamışdır. Bu qarşılıqlı prinsipial mövqelər, qlobal səviyyədə ölkələrimizin hüquq əsaslı dünya nizamının müdafiəsində həmfikir olduqlarını göstərir. BMT, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), Qoşulmama Hərəkatı kimi qurumlarda qarşılıqlı dəstək bu həmrəyliyin nəticəsidir. “Şərq-Qərb körpüsü”nün siyasi aspektləri də böyük nəticələrdən xəbər verir. Azərbaycanın geostrateji mövqeyi, onu təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan Çin üçün mühüm tərəfdaşa çevirir. Çin Avropa ilə ticarət və siyasi əlaqələrini dərinləşdirdikcə, Azərbaycan bu yolda “etibarlı siyasi körpü” funksiyasını icra edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edir:
“Azərbaycanın yerləşdiyi coğrafi məkan bizi mühüm tranzit ölkəsinə çevirir və biz bu statusdan regional əməkdaşlığı gücləndirmək üçün istifadə edirik.” Bu kontekstdə Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti, onu Çinlə yanaşı digər beynəlxalq güclərlə də uğurlu tərəfdaşlığa gətirib çıxarmışdır. Bu model, Pekin üçün də vacibdir, çünki Çin “Bir kəmər, bir yol” təşəbbüsünün siyasi dayaqlarını məhz etibarlı tərəfdaşlar üzərində qurmağa çalışır. Qlobal idarəçilikdə yeni yanaşmalara ortaq baxış münasibətlərin daha dolğun olduğundan xəbər verir. Çin və Azərbaycan, dünya siyasətində hegemonluq və ikili standartlara qarşı çıxış edirlər. Cənab Prezident İlham Əliyev müsahibədə deyir: “Biz hesab edirik ki, beynəlxalq münasibətlərdə ədalət olmalıdır. Hegemonluq, təzyiq və hədə-qorxu ilə siyasət yürütmək yolverilməzdir.” Bu baxış, Çin liderliyində təşəbbüs edilən “qlobal inkişaf”, “qlobal təhlükəsizlik” və “qlobal sivilizasiya” təşəbbüsləri ilə uzlaşır. Hər iki ölkə, beynəlxalq münasibətlərin multipolyar və ədalətə əsaslanan əsaslarla inkişaf etməsinin tərəfdarıdırlar. Azərbaycan bu çağırışlara cavab olaraq, Qoşulmama Hərəkatına sədrlik dövründə ədalət və bərabərlik prinsipini müdafiə etmiş, Çin isə inkişaf etməkdə olan ölkələrin səsini daha çox eşitdirməyə çalışmışdır. Azərbaycan və Çin, siyasi sabitliyin iqtisadi inkişafın əsası olduğunu qəbul edən dövlətlərdir. Hər iki ölkədə daxili sabitlik və milli inkişaf strategiyaları dövlətin güclü idarəçiliyi ilə birbaşa bağlıdır. Bu baxımdan, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında formalaşmış siyasi dialoq da xüsusi qeyd olunmalıdır. Partiyalararası əməkdaşlıq vasitəsilə ölkələrimiz siyasi idarəetmə təcrübələrini, inkişaf strategiyalarını və idarəetmə modellərini müzakirə edirlər. 2023-cü ilin sentyabrında Bakıda keçirilmiş “Çin-Azərbaycan siyasi partiyaları arasında dialoq” konfransında qeyd olunduğu kimi, belə platformalar tərəflərin qarşılıqlı öyrənməsini və uzunmüddətli siyasi tərəfdaşlığı. Çin və Azərbaycan arasındakı siyasi əməkdaşlıq, yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda qlobal miqyasda ədalətli və balanslaşdırılmış beynəlxalq münasibətlər sisteminin qurulmasına da töhfə verir. Prezident İlham Əliyevin “Sinxua”ya verdiyi müsahibə bu münasibətlərin strateji dərinliyini və gələcək inkişaf istiqamətlərini nümayiş etdirir. Bugünkü qeyri-müəyyənliklər və geosiyasi təlatümlər fonunda, Çin-Azərbaycan siyasi tərəfdaşlığı bir etimad nümunəsi, qarşılıqlı suverenliyə hörmətin və dialoq mədəniyyətinin parlaq ifadəsidir. Bu model əməkdaşlıq yalnız regional sabitliyin deyil, həm də qlobal siyasi etimadın təməl sütunlarından biri ola bilər-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Geri dön