Ana Sayfa > Siyasət > Azərbaycanla Çin beynəlxalq hüququ müdafiə edirlər

Azərbaycanla Çin beynəlxalq hüququ müdafiə edirlər


Bu gün, 10:00. Yazar: sevinc1
Azərbaycanla Çin beynəlxalq hüququ müdafiə edirlər

Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulsa da, ötən 33 ildə bu əlaqələrin sabit və dayanıqlı şəkildə inkişaf etməsi hər iki ölkənin bir-birinə strateji önəm verdiyini göstərir. 2024-cü ilin iyulunda Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşü çərçivəsində imzalanan Strateji Tərəfdaşlığın Təsis Edilməsinə dair Birgə Bəyanat ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.

İkitərəfli münasibətlərin dərinləşməsində Prezident İlham Əliyev və Prezident Si Cinpin arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər həlledici rol oynayır. Bu yüksək səviyyəli siyasi dialoq sayəsində ölkələr arasında əməkdaşlıq regional və qlobal sabitliyin qorunması istiqamətində də genişlənməkdədir.

2024-cü ildə Azərbaycan–Çin ticarət dövriyyəsinin 20% artması və hazırda ölkəmizdə 300-ə yaxın Çin investisiyalı şirkətin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın genişlənməsinin bariz göstəricisidir. Ənənəvi enerji sahəsində əməkdaşlıqla yanaşı, "yaşıl enerji" və rəqəmsal transformasiya sahələrində də Çin şirkətlərinin fəallığı bu əlaqələrin strateji dəyərini artırır.

Azərbaycanın coğrafi və geosiyasi mövqeyi onun Şərq ilə Qərb arasında körpü funksiyasını gücləndirir. Bu kontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) xüsusi əhəmiyyət kəsb edir. Çin və Avropanı birləşdirən bu etibarlı və dayanıqlı dəhliz, eyni zamanda Çin tərəfindən irəli sürülən "Bir Kəmər, Bir Yol" (BRI) təşəbbüsünün də mühüm komponentinə çevrilib. Bu sahədə iki ölkə arasında imzalanmış Anlaşma Memorandumu əməkdaşlığın praktiki aspektlərini gücləndirir.

Azərbaycan və Çin beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlığı və BMT nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq hüququ müdafiə edirlər. Azərbaycanın Qoşulmama Hərəkatına və COP29 sədrliyinə verdiyi töhfə, Çinlə birgə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək yönündə səylərin ortaq platformasını formalaşdırır. Azərbaycan həmçinin Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsü çərçivəsində fəal əməkdaşlığa hazır olduğunu bəyan edib.

İnsanlararası münasibətlər strateji tərəfdaşlığın sosial əsaslarını formalaşdırır. Azərbaycan hökumətinin 2024-cü ilin iyulundan etibarən Çin vətəndaşları üçün vizasız rejim tətbiq etməsi və Pekin ilə Urumçi şəhərlərindən Bakı istiqamətində birbaşa uçuşların təşkili turizm sahəsində əhəmiyyətli artıma səbəb olub. Bu qərarın qarşılıqlı və daimi xarakter alması istiqamətində işlər davam etdirilir.

Bu baxımdan, Azərbaycan–Çin münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal miqyasda mühüm strateji əhəmiyyət kəsb edir. Yeni geosiyasi çağırışlar fonunda bu əlaqələrin dərinləşməsi hər iki ölkənin milli maraqlarına xidmət edir və qarşılıqlı etimada əsaslanan çoxşaxəli tərəfdaşlığı daha da gücləndirir.

Azər Kərimli
Milli Məclisin deputatı

Geri dön